Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbəmizə zəmin olan xalqımızın birliyi heç vaxt tükənməsin

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir neçə gün öncə qədim Azərbaycan torpağı, ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biri olan füsunkar təbiətə, zəngin mədəni irsə, tükənməz təbii ehtiyatlara malik Kəlbəcərin işğaldan azad olunması münasibətliə Azərbaycan xalqını, xüsusən kəlbəcərliləri təbrik edib.

Kəlbəcərin azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünül­müş, düzgün taktika və strategiyası­nın parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir. Bu zəfər, həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər, çavuş, gizir və zabitlərinin müqəddəs və doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son damla qanlarına kimi qəhrəmancasına vuruşmalarının əyani təzahürüdür.

1993-cü il aprelin 2-də işğal edilmiş Kəlbəcər rayonundan günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcərin işğaldan azad olunmasını Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə və həsrətlə gözləyirdi.

1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi Kəlbəcərin qaniçən düşmən tərəfindən işğalını xeyli asanlaşdırdı. Nəticədə, Ermənistanla Dağlıq Qa­rabağ arasında coğrafi əlaqə yaran­ması hiyləgər və mənfur düşmənin öz çirkin məqsədlərinin tezliklə həyata keçirilməsində əsas açar oldu. Bu unudulmaz acı tarixi hadisədən sonra Azərbaycanın əzəli dədə-baba tor­paqlarının xain Ermənistan tərəfindən işğalı xeyli sürətləndirildi. Həmin dövrdə hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi Kəlbəcər rayonunun işğal altına düşməsinin qarşısının alınması və əhalinin təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görə bilmədi. Torpaqlarımız işğala məruz qaldı, mülki əhali öz doğma torpaqlarından didərgin salındı.

Ən qədim yaşayış məskənlərindən olan Kəlbəcər zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin şanlı tarixini qəlbində yaşadan, bir neçə böyük çayımızın mənbəyi olan, heç vaxt unu­dulmaz və həmişə yaddaşımızda əbədi qalan əziz yurdumuzdur. Eyni zaman­da, füsunkar uca dağları, şiş qayaları, saysız-hesabsız müalicəvi bulaqları, tayı-bərabəri olmayan yaşıl çəmənləri və meşələri ilə qəlbləri heyran edən və riqqətə gətirən elimizin-obamızın iftixar yeridir. Kəlbəcər həm də Azərbaycan aşıq sənətinin məbədgahıdır. Aşıq Qur­banın, Dədə Şəmşirin, onlarca tanınmış istedadlı şair və yazıçıların Vətənidir.

Zəngin mineral ehtiyatları ilə məşhur olan Kəlbəcər yaramaz, utanmaz və heç bir abır-həya bilməyən, fa­şist ideologiyasına can-başla xidmət etməkdən çəkinməyən, həyasız sabiq Ermənistan liderləri Köçəryan, Sarkis­yan və digərləri başda olmaqla millətçi və xəbis ermənilər tərəfindən talanmış və məhv edilmişdir. Bu yırtıcı və aman­sız cəlladlar və oğrular kəlbəcərlilərin evlərinə girib soxularaq 27 ilə yaxın orada yaşayıblar. Ancaq Kəlbəcəri tərk edərkən dünya ölkələrinin və onların insanlarının gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar. Ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerlə-yeksan etdilər. Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri ev heyvanlarını qəddarcasına öldürdülər, kommuni­kasiya xəttlərini isə tam yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda vahiməyə səbəb olan bu ləyaqətsiz və yara­maz hərəkətləri ilə əsl simalarını tam çılpaqlığı ilə açıq-aydın göstərdilər. Bu şərəfsiz simasızlıqları ilə, hətta onları daim müdafiə edən və dəstəkləyən ölkələrə də üzqaralığı gətirdilər. Başını aşağı dikdirdilər. Haqqı-ədaləti qoru­mağı və müdafiə etməyi üstün tutan ölkələrin bəziləri onların kimliyini gec də olsa, anladı və başa düşdülər.

Müzəffər Prezidentimiz cənab İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən Ermənistan dövləti və onu idarəedən kriminal liderləri barədə söylədikləri və dünyanın aparıcı kütləvi-informasiya vasitələrinə verdiyi müsahibələrdə onların iç üzü olduğu kimi açıldı. Dünya xalqları dərk etdilər ki, ermənilər yalnız yalan iddia­larla bəşəriyyətə daim fəlakət və bəla gətirən faşist ideologiyasını utanmadan və çəkinmədən yerinə yetirən yeganə ölkə kimi, son dərəcə təhlükəli və qor­xulu bir düşməndir. Ermənistanın əsas məqsədi onu dəstəkləyən ölkələrin he­sabına yaşamaq və başqalarının qanuni ərazi və torpaqlarına sahib çıxmaqdır.

Atalar əbəs yerə deməyiblər ki, “yalanın ömrü az olar” və yaxud “yalan ilə dünyanı gəzmək olar, amma qayıt­maq olmaz”. Ordumuzun tarixi zəfəri bu yalanlara və dağlar diyarı Kəlbəcərin döğma Vətən övladları ilə müvəqqəti ayrılığına əbədi son qoydu. Bu qələbə münasibətilə başda Ali Baş Koman­dan, möhtərəm cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını və kəlbəcərliləri təbrik edirəm. Kəlbəcərli dostlar, qonşular, ağsaqqallar, ağbirçəklər və gənclər, gözünüz aydın, sevinciniz davamlı və əbədi olsun!

İnanıram ki, tarixi diyarımız və təbiət incimiz olan Kəlbəcər cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tez bir zamanda tam bərpa ediləcək, yerli əhali doğ­ma yurduna sevinc və fərəh hissi ilə qayıdacaqdır. Onlar öz yurdsevərliyi, vətənpərvərlyi, mənəvi qürur, həmrəylik hissləri və zəhmətləri ilə bu diyarı laləzara çevirəcəklər. Kəlbəcəri yenidən qurub-yaratmaqla dirçəldəcək, doğma Vətənimizin ən gözəl və yaddaqalan guşələrindən birinə çevirəcəkdir. Ən əsası bu kurort zonası azərbaycanlıların sağlamlıqlarını etibar etdikləri əvəzolunmaz müalicə və istirahət ocağı olacaqdır. Bu sevincli quruculuq plan­larının uğurla həyata keçiriləcəyi günlər uzaqda deyil.

Yaşasın müzəffər Azərbaycan Prezidenti, şanlı və qalib Azərbaycan Ordusu!

Azərbaycan xalqının bu birliyi var olsun və heç vaxt tükənməsin!

Bayram MƏMMƏDOV,
ehtiyatda olan polkovnik-leytenant, Milli Məclisin deputat köməkçisi, Əməkdar müəllim

29 Noyabr 2020 00:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə