Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin şanlı səhifəsini yazdı

Vətən müharibəsində silahlı qüvvələrimizin rəşadətli zəfər yürüşü onun dünyanın ən güclü orduları sırasında yer almasının məntiqi nəticəsi idi. Elə buna görə də sentyabrın 27-də ölkəmizin işğalçıya qarşı başladığı əks-hücum əməliyyatı tam qələbə və düşmənin kapitulyasiyası ilə yekunlaşdı. Bununla da Azərbaycan bu savaşda parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, qələbə uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü.

Burada silahlı qüvvələrimizin güc-qüdrəti haqqında aydın təsəvvür yaransın deyə, diqqəti bir məqama yönəltməyi zəruri sayıram. Belə ki, işğaldan azad edilən rayonlarımı­zın ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılan müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Bir neçə müdafiə xəttindən ibarət olan bu is­tehkamlar müasir standartlar tətbiq edilməklə hazırlanıb. Həmin sədlərin keçilməsi ciddi texnika və insan itkisi olmadan, ümumiyyətlə, mümkün deyildi. Ancaq Azərbaycan Prezi­dentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, eyni zamanda, Azərbaycan Ordusunun güc-qüdrəti nəticəsində müdafiə istehkamlarının tamamilə dağıdılması, ərazilərimizin işğaldan azad olunması Ermənistanı kapitulyasiyaya və əraziləri bo­şaltmağa məcbur etdi.

Azərbaycan Prezidentinin silahlı qüvvələrimizə hər zaman diqqət və qayğı göstərməsi, ordumuzun müasir texnika və silah təminatna xüsusi əhəmiyyət verməsi indiki müharibədə möhtəşəm qələbəmizi şərtləndirdi, ərazi bütövlüyümüzü reallaşdırdı.

Beləliklə, 44 günlük savaşda ordumuz ən ağır əməliyyatları uğurla başa çatdırdı, ən çətin, mürəkkəb sədləri asanlıqla dəf etdi. Buna görə də dünyanın bir sıra inkişaf etmiş ölkələrində Azərbaycanın hərbi təcrübəsinin öyrənilməsi qərarlaşdırıldı. Cənab Prezi­dent çıxışlarının birində bununla bağlı dedi: “Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq”.

Ümumiyyətlə, Vətən müharibəsində qa­zandığımız zəfəri şərtləndirən bir çox amillər var. Bu amillərin əsasında Ali Baş Koman­dan cənab İlham Əliyevin silahlı qüvvələrə rəhbərliyi dayanır. Bu müharibədə dövlətimizin başçısı özünü məharətli sərkərdə kimi göstərdi. Əldə edilən möhtəşəm qələbənin, zəfərin müşahidəçilərindən biri kimi bunu aydın gördüm. Uğurla nəticələnən bu sa­vaşda xalqımızın da mühüm rolunun şahidi oldum. Xalq Ali Baş Komandanın ətrafında sıx şəkildə birləşərək yumruğu bir yerə vurdu. Sözsüz ki, müharibə dövrünün, necə deyərlər, şah əməliyyatı Şuşada keçirildi. Məhz bu əməliyyat düşmənin ürəyinə saplanan bıçaq oldu, onun diz çökməsinə gətirib çıxardı. Düşünürəm ki, Şuşa əməliyyatının dəqiq qiyməti hələ bir müddətdən sonra veriləcək.

Ali Baş Komandanın qarşıya qoydu­ğu döyüş tapşırığını bacarıqla icra edən hərbçilərimiz Şuşa əməliyyatının böyük zəfərə çevrilməsində mühüm rol oynadı­lar. Xüsusi təyinatlı, eləcə də onlara dəstək verən qüvvələr qarşıya qoyulan tapşırığı tam şəkildə yerinə yetirdilər. Şuşa işğal olunmuş Azərbaycan ərazlərinin ən yüksək nöqtələrindən biri, bəlkə də birincisidir. Onun azad edilməsi əməliyyatı da Vətən müharibəsinin zirvə nöqtəsidir.

Şuşa döyüşünə qədər ordumuzun qələbələrini inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən istifadə ilə bağlayırdı­larsa, bu şəhər uğrunda gedən savaş silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətinə malik olduğunu təsdiqlədi. Ondan sonra heç kim iddia etmir ki, Azərbaycan döyüşlərdə dronlar hesabına qələbə qazandı. Şuşa elə bir yerdir ki, oranı 5-10 günlük hazırlıqla azad etmək mümkün deyildi. Bunun üçün illərlə hazırlıq keçilməsi lazım idi. Ali Baş Koman­danın nəzarəti altında Azərbaycan Ordusu bu hazırlığı keçmişdi, hər cür mürəkkəb relyefdə, hava şəraitində döyüşmək bacarıqlarına yiyələnmişdi. Şuşa əməliyyatının xarakteri elə idi ki, orada heç bir səhvə yol vermək olmaz­dı. Əməliyyat ən kiçik detallarına qədər, ən yüksək dəqiqliklə, dəqiq kəşfiyyat məlumatları əsasında və yüksək peşəkarlıqla hazırlanma­lıydı, hazırlandı da. Əməliyyata elə heyət cəlb olundu ki, onun icrasında kiçik də olsa səhvə yol verilmədi.

Şuşa əməliyyatında bir məqsəd də şəhərin dağıntılara məruz qalmasına yol verməmək idi. Bu məqsədə də nail olundu, şəhər demək olar ki, dağıntısız azad edildi. Hərbçilərimiz sıl­dırım qayalarla yuxarı qalxaraq, düşməni heç gözləmədiyi yerdə yaxaladılar, yaxın məsafəli, əlbəyaxa döyüşdə onu məğlub edib, içərilərə doğru irəlilədilər. Bu isə düşməni panikaya düşməsinə, idarəçiliyi itirməsinə gətirib çıxardı. Beləliklə, işğalçı bütünlüklə Şuşadan qovuldu.

Azərbaycan Ordusunun cənub istiqamətində irəliləyişləri inkişaf etmiş tex­nologiyalardan peşəkar istifadə, rəhbərliyin düzgün planlaşdırması nəticəsində həyata keçirilmişdisə, Şuşada bunun üzərinə heyətin şəxsi peşəkarlığı amili də əlavə olundu. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsi müasir döyüş tarixində tamamilə yeni bir səhifənin əsasını qoydu. Əməliyyatların zirvəsində gələn Şuşa döyüşü haqqında isə vaxt gələcək kinolar çəkiləcək, ən müxtəlif səviyyələrdə araşdırılacaq, haqqında onlarla əsərlər yazılacaq.

Şair RAMALDANOV, ehtiyatda olan polkovnik

29 Noyabr 2020 00:32 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə