Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərin azad edilməsinin sevincini sözlə ifadə etmək qeyri-mümkündür

Nəhayət ki, doğma yurdumun həsrətinə son qoyuldu. Artıq bu gündən mənim də Vətənimin bir parçası, Kəlbəcərim var. 27 il ərzində bir an belə öz uşaqlıq və erkən gənclik illərimin keçdiyi doğma yurdumdan ayrılmadım, onu bir an belə xəyalımdan uzaq tutmadım. 2020-ci ilin 25 noyabrı biz kəlbəcərlilər üçün yenidən dünya işığına çıxmaq tarixi kimi əbədiləşdi. Buna görə Azərbaycanın möhtərəm Prezidentinə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanına, müzəffər ordumuzun əsgər və zabitlərinə dərindən təşəkkürümü bildirirəm...

Bu fikirləri ehtiyatda olan zabit, Birinci Qarabağ müharibəsinin iş­tirakçısı, müharibə veteranı, əslən Kəlbəcər rayonundan olan Çingiz Yusifov bildirdi.

Qarabağ qazisi qeyd etdi ki, 44 günlük müharibə Azərbaycanın dünyaya illərdir ötürdüyü, lakin dinlənilməyən, eşidilməyən haqq səsinin nəhayət güc nümayişi idi. Bu müharibədə şəhidlərimiz, yaralılarımız oldu, lakin qürurumuz ucaldı, torpaqlarımız işğaldan azad olundu. Düşmən dövlətin ordusunu, demək olar ki, yox etdik. Ermənistan ordusu döyüş meydanından qaçdı. Ordumuzun zərbələrinə heç cür tab gətirə bilmədi və nəhayət, erməni baş nazir sülhə məcbur edildi. Bu, Azərbaycan dövlətinin haqq işinin qələbəsi idi. Azərbaycan insanı­nın haqq yolundan dönməyəcəyi vədinin yerinə yetirilməsi idi. Bu zəfər üçrəngli bayrağımızın işğal olunmuş torpaqlarımızda yenidən dalğalanması idi. Bir sözlə, bu böyük xoşbəxtlik idi ki, biz bunları görə bildik. Bir kəlbəcərli olaraq ümidimi itirməmişdim. Bir zabit kimi, hərbçi kimi, bir gün mütləq torpaqlarımızın yenidən özümüzə qayıdacağına səmimi qəlbdən inanırdım. Lakin etiraf edirəm ki, inanmayanlar, ümidini itirənlərimiz də az deyildi. Müzəffər ordumuzun qələbəsi həmin ümidsizlərə də ümid verdi, onların sarsılmış ruhu­nu özlərinə qaytardı.

Ç. Yusifov əlavə etdi ki, mən Bi­rinci Qarabağ müharibəsində ağır döyüşlərdə iştirak etmişəm, dəmir iradəyə sahib olan, döyüşkən, cəsur oğullarımızı da görmüşəm. Lakin o zamankı siyasi-hərbi mühi­tin dağıdıcı olduğu, komandanlığın pərakəndə qərarlar qəbul etməsi, silah-sursat təminatının, təchizatın zəif olmasını da yaxşı xatırlayıram. Bu baxımdan, həmin əsgərlərimizin güclü iradəsi olmasına baxma­yaraq, düşmənlə silah-sursat və say baxımından qeyri-bərabər savaşa atıldıq və nəticədə döyüşü uduzduq. Çoxsaylı şəhidlərimiz və qazilərimiz oldu, torpaqlarımız əldən getdi.

Lakin bu dəfə vəziyyət tamam başqa idi. Güclü komandanlıq, düzgün siyasi rəhbərlik, qəti və yerində qəbul olunan qərarlar, silah-sursat təminatı, modern silah sistemləri və hazırlıqlı, nizam-in­tizama sahib ordu. Bu dəfə qeyd etdiyim göstəricilərin hamısı üst-üstə düşdü. Ona görə də, düşməni, sözün həqiqi mənasında, darma­dağın etdik.

Kəlbəcərin düşməni sülhə məcbur edilərək alınması isə çox böyük əhəmiyyət daşıyır. Çünki mən o torpaqların hər qarışına bələd olan biri kimi yaxşı dərk edirəm ki, əgər döyüş yolu ilə alınsaydı, itkilərimiz də çox ola bilərdi. Çünki Kəlbəcər başdan-ba­şa dağlardan, sıldırım qayalardan, təhlükəli keçidlərdən ibarətdir. Orada uzun illər möhkəmlənmiş düşməni məğlub etmək çoxsaylı şəhid və yaralılarımızın hesabı­na ola bilərdi. Lakin bir nəfər itki, bircə yaralımız belə olmadan, Azərbaycanın ən böyük rayonların­dan birini düşməndən geri almağı­mız fövqəladə bir uğurdur.

Müdafiə Nazirliyinin müzəffər ordumuzun qədim Kəlbəcərə daxil olmasını görüntüləyən kadrlarına baxdım. Azərbaycan hərbçilərini, əllərində üçrəngli bayrağımızı gördüm və bu mi­silsiz görüntüləri ən ali hiss və həyəcanla izlədim.

Ali Baş Komandan İlham Əliyev növbəti dəfə xalqa müraciət edərək dedi ki, əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Ali Baş Ko­mandan İlham Əliyevdən bu sözləri eşitməyin sevincini bir kəlbəcərli olaraq, mən də qürur hissi ilə yaşadım. Bu sevinci sadəcə olaraq sözlə ifadə etmək qeyri-mümkün­dür. O torpaqlara, yaxınlarımızın məzarları olan yurd yerimizə getmək, dünyada məşhur olan İsti­sudan içmək, o tayı-bərabəri olma­yan təbiəti seyr etmək, ermənilərin vəhşiliklərinə məruz qalan qədim inanc, ibadət yerlərimizi ziyarət etmək, o dağların səfalı havasını udmaq üçün günlərimizi sayırıq. Ulu Tanrı bizi bu istəyimizə qovuş­dursun. Amin!

Qələmə aldı: Anar TURAN, “Xalq qəzeti”

29 Noyabr 2020 00:30 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə