Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa işğalçı və separatçıları dəstəkləməklə yanlış addım atdı

Fransa rəhbərliyinin, bu Qərbi Avropa ölkəsinin dövlət orqanlarının (rəsmi istilahla desək) Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu mövqe, əslində, tam mövqesizlikdir və eyni zamanda, hüquq tanımazlıqdır. Fransanın bu mövqeyə istinadən etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir. İlk növbədə, ona görə ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birdir, bu onun üzərinə tarixi, siyasi, mənəvi məsuliyyət qoyur. İkincisi, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir – yəni ədalətli sülh arayışına əsas məsuliyyət daşıyan 3 ölkədən biridir. Fransa hakimiyyəti bu mandatın fərqində olmağa borcludur. Üçüncüsü, Fransa Qafqaz dövləti deyil, Qafqaz dövlətləri ilə həmhüdud deyil, hətta, ermənilərlə, azərbaycanlılarla, ümumən Qafqaz xalqları ilə etnik, mədəni bağlara malik deyil. Belə olanda, neytral qalmaq, əsl vasitəçi ləyaqəti göstərmək üçün heç bir bəhanəyə yer qalmır.

Bütün bu faktlara, məsuliyyət bölgüsünə baxmayaraq, Fransa, ikili standartlarla davranmağı, anti-Azərbaycan ovqatını siyasi müstəvidə möhkəmlədib, hüquqi müstəviyə daşımaq yolu tutmağı özünə yaraşdırır. “Hüquqi müstəvi” deyirik, əslində, tam “hüquqa zidd müstəvi” deməliyik.

Fransa Respublikası Senatında qondarma “Artsax Respublikası”nın tanınmasının mümkünlüyü haq­qında sənədin müzakirəyə çıxarıl­ması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən, Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qarşı qəsddir. Bunun başqa izahı varmı? Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquq­larına, birgəyaşayış normalarına qarşı çox kobud müdaxilə cəhdidir. Bunlar Qafqazın iki dövləti arasında ədalətli sülh arayışının elementar tələblərinə cavab verirmi? Əsla, yox! Özü də bütün bu hüququ tanımazlıqlar nə zaman baş verir? Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə… Fransa 44 gün ərzində də ermən tərəfdarı kimi mövqe tutmuşdu, Fransa Ermənistan–Azərbaycan elan olunmamış müharibəsinə münasibətdə, demək olar, həmişə Ermənistanın yanında durub. Ona görə, heç olmazsa, müharibənin başa çatıb, siyasi çö­zümün başladığı dövrdəsə, Fransa öz dövlət imicinin, vasitəçi manda­tının qayğısına qalmağa borcluydu.

Fransanın hazırkı beynəlxalq hüququ tanımazlığı ədalətlə, humanizmlə, beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Bu, bitmiş müharibəni yenidən başlamaq fitnəkarlığıdır. Bu, tərəfləri yeni qanlı toqquşmalara təhrik etmədən başqa bir şey deyil. Bu, hazırkı Fransa hakimiyyətinin gələcək nəsillər qarşısında ta­rixi yanlışlığı olub, humanizm prinsiplərini çeynəməyin özüdür. Bu, ATƏT-in Minsk qrupunda həmsədrlik instituna yaxud tərkibə mütləq şəkildə baxmağın qaçılmaz­lığından xəbər verir. Artıq Fransa həmsədr olmaq hüququnu özü öz əməlləri ilə itirmişdir.

Beləliklə, bir qrup ermənipərəst, islamafob, anti-türk, anti-Azərbaycan ovqatlı senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ respubli­kasının tanınmasının labüdlüyü” adlı bədnam qətnamə fransız mədəniyyətinə, respublikaçılığa, sülhyaratma mandat-missiyası­na, Qərb demokratiyasına... üzr istəyirəm, tüpürməkdir. Qondarma respublikanın tanınması ilə bağlı bu bədnam qətnamənin Fransa Sena­tında qəbul edilməsi Azərbaycan Respublikasının Fransanın özü də daxil olmaqla, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq-açığına kobud müdaxilədir. Bu ədalətə, hüquqa, əməkdaşlığa, bir sözlə, dövlətlər, xalqlararsı münasibətlər sisteminə həqarətdir. Bu həqarət, tarixi yan­lışlığa qol qoyan,səs verən bütün senatorların vicdanında qara ləkə olaraq qalacaqdır.

Ermənistan–Azərbaycan, Dağ­lıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş Azərbaycan torpaq­larının qeyd-şərtsiz boşaldılması ilə bağlı ən məşhur sənəd BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir. Həmin qətnamələri heçə sayan Fransa özü də, həmin qətnamələrin qəbul edilməsinə səs vermişdir. Deməli, Fransa Sena­tının bu addımı özü-özünü inkar anlamı daşıyır.

Sirr deyil ki sözügedən bədnam sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın belə bir bədnam qətnamə qəbul etməsinə bəraət qazandırmır.

O da sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxmasından, özünün arxa planda qalmasına razı deyil, bundan narahatdır. Ancaq duruma obyektiv əsaslarla baxmaq lazım­dır və Fransanın özünün özünə etdiklərinə görə başqaları cavab verməyə borclu deyil.

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında digər dinlərə məxsus dini və mədəni abidələrin qorunması ilə bağlı guya hansısa problemin mövcud­luğu ilə bağlı fransız narahatlığına gəldikdə isə... bu, ən yumşaq ifadə ilə desək, gülünc iddiadır. Fransa 27–30 il ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarındakı, yaxud, Ermənistan ərazisindəki dini, tarixi, mədəni abidələrimizə qarşı törədilmiş vandalizmi nə üçün görmür? Yoxsa, bizim abidələri dağıtmaq olar və bu, fransızlar üçün prob­lem sayılmır? Ötən illər ərzində işğal olunmuş ərazilərdə İslam dininə xas abidələrin barbarcasına dağıdılmasına, qədim albanlara məxsus dini, tarixi məbədlərin erməniləşdirilməsinə Fransa daxil bir çox dövlətin, beynəlxalq təşkilatların səssiz qalmasını hansı kitaba yazaq? Guya Fran­sada bilmirlərmi ki, Azərbaycan Respublikası multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərdə dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcəkdir. Bu, bizim dövlətin xarakteridir. Belə tolerant davra­nış bizim milli xüsusiyyətimizdir, biz bunu kimə isə, nəyə isə görə etmirik. Buna dair onlarla fakt var və o faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycanda etnik və dini zəmində tolerantlıq nəinki monoetnik, qeyri-tolerant Ermənistan cəmiyyəti ilə, bir çox Avropa ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir.

Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud durumu dediklərimizə bariz örnəkdir.

Onu da deyək ki, Fransa hökuməti adından bildirilən rəsmi açıqlamada Fransa Senatının no­yabrın 25-də qəbul etdiyi bədnam qətnamənin hüququ təsiri olmadığı, tövsiyə xarakterli sənəd olduğu bildirilib: “Bu, Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil”.

Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək.

Fransa boyda bir dövlətin qanunverici orqanı Ermənistan kimi bir cırtdan dövlətin haqsız tələb və iddialarının girovuna çevrilməməli idi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də vur­ğuladığı kimi, Senatın qətnaməsi bizim üçün bir kağız parçasından artıq deyil və heç bir təsiri ola bilməz.

Bu qətnamənin qəbulundan Azərbaycan hansısa fövqəladə itkilərə məruz qalmayacaq, bəlkə Fransanın özünün itirəcəkləri ola­caqdır. Və Ermənistan hakimiyyəti də sanmasın ki, qazanan tərəf olacaq. Uğursuz bir dövlət, məğlub dövlət bir qətnamə ilə dirçələ bilməyəcək, əksinə, gələcək danışıqlarda, özü də, onu birtərəfli qaydada müdafiə edən Fransa da tam etibarsız tərəf olacaq.

Azərbaycan Respublikasının ərazisində yaşayan ermənilər də bundan bir qazanc gözləməsin. Onların qazancı, (əgər əldə edə bilsələr) “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” olardı...

Dövlətimiz var olsun!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədr

29 Noyabr 2020 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə