Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Biz erməni faşizmini məhv etdik

Azərbaycan, təxminən, 30 illik fasilədən sonra silaha sarılıb ərazi bütövlüyünü bərpa etdi. Bu, böyük siyasi təcrübə və diplomatik məharətə malik Prezi­dent İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun sayəsində mümkün oldu. Dövlət başçısı problemin si­yasi yollarla nizamlanmasını, Azərbaycan Ordusu isə öz qarşısında duran vəzifələri böyük peşəkarlıqla həll etdi. Nəticə, təbii ki, sevindirici oldu, işğal altındakı ərazilərimiz bir-bir düşmən tapdağından azad edildi və hər dəfə qalib Prezident teleekrana çıxıb, bu və ya digər rayonun azad olunması müjdəsini doğma xalqına çatdırdı.

Bu minvalla noyabrın 25-də Kəlbəcər rayonu da bütünlüklə erməni işğalından qurtuldu. Prezident İlham Əliyev bu münasibətlə də xalqa müraciət etdi, Kəlbəcər sakinlərinə təbriklərini çatdırdı, gözaydınlığı verdi.

Azərbaycanın qalib lideri bəyan etdi ki, Kəlbəcər Azərbaycanın döyüş meydanında qazandığı tarixi qələbələr nəticəsində azad edilib. Azərbaycan işğalçı və terrorçu Ermənistan üzərində həm döyüş meydanında, həm də informasi­ya məkanında, siyasi müstəvidə qələbə qazanıb. Nəticədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Murov dağı, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük bir hissəsi və Şuşa şəhəri hərbi yolla azad edilib. Şuşanın azad olunma­sından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çöküb və kapitulyasiya aktına imza atıb.

Prezident Kəlbəcərin işğal altına düşməsinin tarixi haqqında fikirlərini də xalqımızla bölüşdü. Bildirdi ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də, Şuşa və Laçın rayonlarının işğalından sonra zəbt olunub. Bundan sonra Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılıb və bun­dan Qarabağa, ilk növbədə, silah-sursat, hərbi texnika, canlı qüvvə daşınması üçün istifadə olunub. Bu, eyni zamanda, sonrakı işğalçılıq siyasətində Ermənistanın üstün­lüyünü təmin edib. Dövlət başçısı dedi: “Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yolla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işğal altına düşməyə bilərdi… Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bun­dan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi… Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi”.

Kəlbəcər, təbii ki, qədim Azərbaycan torpağıdır, ərazi baxı­mından ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri, buradakı məscidlər, kilsələr böyük tarixi sərvətimizdir. Kəlbəcərdəki kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Prezident İlham Əliyev bu barədə danışarkən bildirib ki, bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və digər sax­takarlar qədim alban kilsələrini erməniləşdiriblər: “Tarixə bax­maq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qaf­qaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırıl­malıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bi­zim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq”.

Prezident Şəki şəhərindəki, Qəbələ rayonundakı Udi kilsəsində dəfələrlə olduğunu deyərək, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi–Qaf­qaz Albaniyası kilsəsinin təmir edildiyini bildirib. Bu gün həmin kilsələr Azərbaycanın mədəni sərvəti kimi qayğı ilə qorunur: “Ona görə də heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apar­dığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdı­lıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi?.. Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.

Dövlət başçısının dediyi kimi, Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bir neçə böyük çayın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər ça­yıdır, uzunluğu 200 kilometrdir. Bazarçay və Xaçınçayın uzun­luğu da təqribən bu qədərdir. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən uzun illər Azərbaycanı bu imkanlardan məhrum edib. Tərtər çayı keçən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt bu məqsədlə tikilmişdi ki, Qaraba­ğın Aran zonasında yerləşən 6-7 rayon buradan suvarma suyu ilə təmin edilsin. Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt su­varılmayan 100 min hektar əraziyə su verilməyə başlanıb. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanıb. Mənfur düşmən isə yayda suyu kəsib, qışda buraxıb və nəticədə qonşu əraziləri su basıb.

Prezident bu barədə deyib: “Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Su­qovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsinə başlanılmışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur”.

Bu gün düşmən Kəlbəcəri tərk edəndən sonra məlum olur ki, burada mövcud olmuş 24 min hektar meşə ərazisindən, demək olar, heç nə qalmayıb. Mənfur düşmən bu meşələri, Azərbaycan liderinin sözləri ilə desək, qırıb, talayıb, satıb. Eyni zamanda, evləri, məktəbləri yandırıblar, apara bilmədikləri ev heyvanlarını öldürüblər. Buna görə də dövlət başçısı bəyan edib: “Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Prezident işğaldan azad edilmiş bütün ərazilərin, o cümlədən, Kəlbəcərin bərpa ediləcəyini bildirib. Qeyd edib ki, buna heç kimin şübhəsi olmasın. Kəlbəcərdə kənd təsərrüfatı, heyvandarlıq inkişaf edəcək. Orada böyük otlaq sahələri, zəngin təbii qaynaqlar, təbii ehtiyatlar var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında məşhur olan İstisu zonasında böyük kurort olub. Mənfur düşmən hər tərəfi dağı­dıb: “Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşı­rıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə…”

Prezidentin sözlərinə görə, Kəlbəcərdə mənfur düşmən qa­nunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən, həm də xarici ölkələrdən buraya ermənilər köçürülüb. Bu isə Cenevrə Kon­vensiyasına görə, hərbi cinayət sayılır. Amma bu əməllər cəzasız qalmayacaq, düşmən bütün hərbi cinayətlərə, dağıntılara görə cavab verəcək. İlk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesabla­nacaq. Ondan sonra məhkəmə iddiaları qaldırılacaq: “Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”.

Amma Azərbaycan xalqı qurub-yaradandır. Prezidentin dediyi kimi, bütün bu şəhərlər, bu rayonlar yenidən dirçəldiləcək. Artıq rayonların bərpası ilə bağlı böyük planlar işə düşüb. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişinə başlanılıb. Dəmir yollarının bərpası da nəzərdə tutulur. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq dövlət başçısı tərəfindən ilkin göstərişlər verilib. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar praktiki addımlar atılmaqdadır.

Prezident ermənilərin qondar­ma “dqr” xəritələrini düzəldərək, dərsliklərə saldıqlarını, sərgilərdə nümayiş etdirdiklərini deyib: “Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr, sadəcə olaraq, kağız parçasıdır”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

29 Noyabr 2020 00:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə