Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, diplomatlar düşmənin Tərtərə atdığı kasetli raketlərin qalıqlarına baxıblar. Bildirilib ki, düşmən Tərtərə 21 kasetli ra­ket atıb. Onun 14-nün qalıqları Tarix-Diyarşünaslıq Muzeyinin yanında sərgilənir.

Prezidentin köməkçisi – Prezident Administrasiyası­nın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib ki, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Tərtər rayo­nunun mərkəzini, qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qur­ğularından atəşə tutub. Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış Azərbaycan şəhərlərindən biridir. Elə günlər olurdu ki, Tərtər şəhərinə gündəlik 2300–2400-dən çox mərmi düşürdü. Tərtər şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə bombardman edilirdi. Bunun da nəticəsində mülki insanlar arasında çoxlu sayda ölənlər və yaralananlar olub. Bu məqsədlə, Ermənistan silahlı qüvvələri kasetli “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə edirdi. Oktyabrın 3-4-də ATƏT xətti ilə Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyana müraciət olundu ki, Tərtər şəhərinin bomba­lanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı, əksinə, daha da intensivləşdirdi. Həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir. Beynəlxalq münasibətlərdə şəhərlərə qarşı bu cür əməllər urbisid, yəni, genosidin şəhərlərə qarşı istifadə edilməsi termini ilə izah olunur. Tərtər şəhəri də bunun bariz nümunəsidir. Ermənistan tərəfindən Tərtərə qarşı geno­sid siyasəti həyata keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildi­rib ki, 44 gün davam edən müharibə zamanı Tərtərə 16 mindən çox mərmi atılıb. Şəhər ermənilər tərəfindən əsasən artilleriya atəşinə tutulub. Şəhərin mərkəzi də daxil olmaqla, 44 yaşayış məntəqəsi atəşə məruz qalıb. Qadağan olunmuş 21 “Smerç” raketi atılıb, 4 min obyektə, 2 min fərdi evə, çoxlu sayda məktəb binasına ziyan dəyib.

Diplomatlar Tarix-Diyarşü­naslıq Muzeyində oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılmış və sakinlərdən birinin evinə düşərək yemək masasını deşib keçmiş “Smerç” raketinə baxıblar.

Sonra diplomatlar Şı­xarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinə gediblər. Məlumat verilib ki, yaşayış məhəlləsindəki çoxmənzilli binaların hamısı Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalıb. Bina­lara, klub icma mərkəzinə, həkim məntəqəsinə, musiqi məktəbinə ciddi ziyan dəyib.

Diqqətə çatdırılıb ki, Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədib, mülki insanlara qarşı terror vasitələrindən istifadə edib, beynəlxalq humanitar hüququ kobudcasına pozub.

29 Noyabr 2020 00:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə