Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycan müsəlmanlarının coğrafi cəhətdən dövlətinizin də daxil olduğu Avropanın müsəlman icmasının bir hissəsi olduğunu nəzərə alaraq, Avropadakı bütün müsəlmanların maraqlarını təmsil edən ümumavropa platforması olan Avropa Müsəlman Forumu adından Sizə dərin hörmətimizi bildiririk. Peyğəmbərimizin mübarək Rəbiul-Əvvəl ayında, eləcə də İslam əleyhinə hörmətsizliklərin edildiyi, Azərbaycan xalqının Qarabağ xanlığının ərazisi olmuş qanuni və tarixi torpaq­ları ilə bağlı legitim hüquqlarına qarşı qərəzli təbliğatların aparıldığı bir dövrdə Sizin rəhbərliyinizlə tarixi zəfər qazanan Azərbaycan xalqını və qardaş Azərbaycanı möhtəşəm qələbə münasibətilə təbrik edirik.

Bu gün bütün İslam ümməti, yəni 1,7 milyard nəfər olan müsəlman qardaşları­mız ordunuzun və xalqınızın qazandığı bu qələbədən qürur duyur. Ən müasir silah­larla təmin edilmiş ordunuzun peşəkarlığı, düşmənə qarşı nizamlı şəkildə göstərdiyi şücaət, eləcə də ölkənizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyi və hərtərəfli düşünülmüş strategiya sayəsində qazandığınız bu müvəffəqiyyət ən böyük alqışa və ən dərin hörmətə layiqdir.

Bildiyiniz kimi, təşkilatımız Qarabağ münaqişəsinin ədalətli həlli, işğal altında olmuş torpaqların azad edilməsi, eyni zamanda, acınacaqlı və təhqir edilmiş vəziyyətdə olan çoxsaylı abidələrin, müsəlmanlara məxsus dini və tarixi məkanların bərpası, məscidlərdə donuz və mal-qaranın saxlanılması, hamam kimi istifadə olunması ilə bağlı məsələləri dəfələrlə gündəmə gətirib. Biz qardaş Azərbaycan xalqına və onun haqlı mövqeyinə dəstək olaraq ümumavropa konfransının keçirilməsini bir neçə dəfə təklif etmişik. İndi Azərbaycan xalqının bir çox amillərə baxmayaraq, öz torpaqlarını özləri azad etməsi, şübhəsiz ki, baş vermiş ən yaxşı hadisədir və biz buna görə Uca Yaradana minnətdarıq və Peyğəmbərimizə (s.ə.v.) salavat göndəririk.

Təşkilatımızın təşəbbüslərini davam etdirərək Zati-alinizdən xahiş edirik ki, torpaqlarınızın 30 illik işğal nəticəsində nə qədər acınacaqlı bir vəziyyətə düşdüyünü və işğal altındakı ərazilərdə, ümumiyyətlə, dinimizə qarşı hansı vandalizm və təhqiramiz əməllərin həyata keçirildiyini öz gözlərimizlə görmək, eləcə də Azərbaycan xalqına mənəvi dəstək vermək, qardaş həmrəyliyimizi nümayiş etdirmək, həmçinin indi daha az əhəmiyyət kəsb etməyən məsələ, yəni Qarabağ münaqişəsi, onun tarixi və faciəvi nəticələri, uğurla başa çat­ması ilə bağlı real vəziyyət və münaqişəyə dair həqiqətlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə Avropa Müsəlman Forumu liderlərindən ibarət nümayəndə heyətinin Azərbaycanın işğal­dan azad edilmiş ərazilərinə səfərinə icazə verəsiniz.

Nümayəndə heyətimiz üçün əhəmiyyət kəsb edən əsas məsələ Şuşa və Ağdama səfər etmək, eləcə də Xocalı soyqırımının baş verdiyi Xocalı rayonunda namaz qıl­maqdır. Biz inanırıq ki, “Qafqazın Sreb­renitsası” kimi dəhşətli faciə olan Xocalı soyqırımı haqqında həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün müvafiq abidə ucaldılmalıdır.

Uca Allaha dua edirik ki, qardaş Azərbaycanın müqəddəs torpaqlarında bundan sonra heç bir hərbi əməliyyatlar aparılmasın və qardaş ölkəmiz Azərbaycan təkcə Avropanın bir çox ölkələri üçün deyil, bütün Avrasiya regionu ölkələri üçün nümunə olduğu kimi, Qara­bağ da mərdliyin, firavanlığın və dostluğun rəmzinə çevrilsin.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi, xalqınızı və gözəl ölkənizin bütün milli və dini icmalarının nümayəndələrini qürur duyduğumuz bu ümumi Qələbə münasibətilə bir daha təbrik edirik.

Hörmətlə,

Əbdül-Vahid NİYAZOV,
Avropa Müsəlman Forumunun prezidenti

Brüssel, Belçika

Migel Anxel RUİZ,
Barselona Məscidi Mədəni Fondunun prezidenti, Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü, Avropa Müsəlman Forumu Fondunun vitse-prezidenti,

Barselona, İspaniya Krallığı

İqbal SAKRANAY,
Böyük Britaniya Müsəlman Şurasının Baş katibi, Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,

London, Böyük Britaniya

Romas JAKUBAUSKAS,
Litva Respublikasının müftisi, Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,

Vilnüs, Litva

Dəmir MUXETDİNOV,
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini, Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,

Sankt-Peterburq / Moskva, Rusiya Federasiyası

* * *

Hörmətli cənab Prezident!

Azərbaycan-Bolqarıstan ictimai birli­yinin adından Sizi Azərbaycanın böyük qələbəsi münasibətilə təbrik edirik. Qara­bağ Azərbaycandır!

Cənab Prezident, Siz Azərbaycan xalqının ümummilli lideri, dahi Heydər Əliyevin işini və siyasətini ləyaqətlə davam etdirirsiniz. Sizin adınız tarixə, diplomatiya tarixinə, beynəlxalq münasibətlər tarixinə və hərbi iş tarixinə düşüb. Sizin siyasətiniz sayəsində Azərbaycanda – dünyanın bu gözəl guşəsində müxtəlif millətlərdən olan insanlar, o cümlədən, bolqarlar yaşayırlar. Bütün bunlar ona görə mümkündür ki, Azərbaycanda milli azlıqlara münasibətdə tolerantlıq və multikulturalizm siyasəti həyata keçirilir. Azərbaycan xalqının çoxillik tarixi mədəniyyətlər arasında dözümlülük və dialoq ruhunun, həmçinin ölkənizdə yaşayan bu qədər müxtəlif in­sanlar arasında, onların etnik, mədəni, dil və din mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq ruhunun yaradılması və bərqərar olması üçün mühüm amildir.

2005-ci ildə Azərbaycanda “Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına kömək” İctimai Birliyi yaradılıb, bolqar dilində “Akord” adlı beynəlxalq jurnal nəşr edilir. Bu İctimai Birliyin sədri Azərbaycanın qədim tarixə malik Gəncə şəhərində doğulub boya-başa çatmış etnik bolqar qadındır.

On beş il ərzində bu cəmiyyətin fəaliyyətinin və jurnalın nəşrinin əsas missiyası auditoriyanı Azərbaycan ilə Bolqarıstanın qarşılıqlı münasibətlərində baş verən ən mühüm və aktual hadisələr barədə məlumatlandırmaqdır.

Ermənistan tərəfinin törətdiyi təcavüz və terrorizm ilə əlaqədar hərbi əməliyyatlar dövründə sosial şəbəkədə informasi­ya meydanını ələ keçirmək məqsədilə cəmiyyətin “Instagram” sosial şəbəkəsində “@azerbaijan_bulgaria” rəsmi səhifəsi ya­radılıb. Bu səhifədə yerləşdirilən postlarda Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən təcavüzün, ter­rorizmin və vandalizmin nəticələri barədə məlumatlar əks olunur.

İctimai Birlik Bolqarıstanın Prezidentinə, Baş nazirinə, parlamentinə, Plovdiv və Varna şəhərlərinin rəsmi şəxslərinə, kütləvi informasiya vasitələrinə müraciət göndərib. Həmin müraciətdə Azərbaycanda baş verən real hadisələr, Azərbaycanın dinc əhalisinə qarşı erməni təcavüzü və terrorizmi barədə məlumat verilib. Müraciətdə deyilirdi ki, Azərbaycanda dinc şəraitdə yaşayan bol­qarlar Ermənistanın təxribatçı hərəkətlərini və siyasətini qətiyyətlə pisləyirlər.

Noyabrın 10-da Bolqarıstan və Azərbaycan KİV nümayəndələri ilə uğurla təşkil edilmiş “Azərbaycan–Bolqarıstan” telekörpüsü xoş təsadüfdən Azərbaycanın böyük Qələbə Günü ilə eyni vaxta düşdü.

Çoxmillətli Azərbaycan xalqı adından Sizə – Azərbaycan Respublikasının Pre­zidenti İlham Heydər oğlu Əliyevə, birinci xanım və Azərbaycan Respublikasının Bi­rinci vitse-prezidenti Mehriban Əliyevaya, Sizin bütün ailənizə və bütün Azərbaycan xalqına sülh, firavanlıq, xoşbəxtlik, can­sağlığı və Azərbaycanın inkişafı naminə uğurlu fəaliyyət arzu edirik.

Hörmətlə,

Mariya Pavlovna HÜSEYNOVA-ATANASOVA,
“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri, bolqar dilində “Akord” jurnalının baş redaktoru

* * *

Hörmətli Prezident və cənab Ali Baş Komandan!

Moldova Azərbaycanlıları Konqresi Azərbaycan xalqını və onun lideri kimi şəxsən Sizi Ermənistanla müharibədə par­laq Qələbə və Qarabağın Azərbaycanın tərkibinə qaytarılması münasibətilə təbrik edir.

2020-ci il noyabrın 8-i Qarabağ münaqişəsinin tarixində dönüş anı oldu. Şuşada baş verən hadisələr sübut etdi ki, regionda qüvvələrin ədalətli tarazlığı­nın bərpası və Azərbaycan Ordusunun aşkar üstünlüyünün təsdiqlənməsi zaman məsələsidir. Həqiqətən də həmin zaman yetişdi.

Azərbaycan işğalçıların anlaya biləcəyi dildə – güclü müqavimət və qəhrəmanlıqlar dilində danışmağa başladı. Sizin rəhbərliyinizlə hərbi əməliyyatların aparılması üçün seçilmiş düzgün taktika və Azərbaycan döyüşçülərinin Vətənin mənafeyinə fədakarcasına xidmət etmələri sentyabrın 27-dən bəri hamımızın gözlədiyimiz uğurla nəticələndi.

Erməni ordusunun ardıcıl məğlubiyyətləri kulminasiya nöqtəsinə çat­dı – işğalçı kapitulyasiyaya məcbur oldu.

Biz tarixin ölkəmiz üçün bu çətin dövründə Sizin fəaliyyətinizə hey­ran olduğumuzu bildiririk. Biz həm də ölkəmiz uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanlara görə Sizin və bütün Azərbaycanın hədsiz kədərinə şərikik.

Öz doğmalarının və yaxınlarının sağlamlığı naminə canlarından keçən igid döyüşçülər yetişdirmiş ailələr Azərbaycanın tarixində əbədi qalacaq. Şəhidlərin xatirəsinə ən yaxşı mükafat Qələbə oldu.

Şuşa şəhərinin azad olunması or­dumuzun hərbi və psixoloji üstünlüyünü təmin etdi. Ermənilər məğlub edildi və biabırçı şəkildə uduzaraq Azərbaycanın tarixi torpaqlarından qovuldu. Qarabağın bütün yaşayış məntəqələri bizimdir!

Biz Azərbaycanın sülhü təmin edəcəyi günü səbirsizliklə gözləyirdik. Buna görə də qəti qələbə və vahid Azərbaycanın sabit gələcəyi barədə xoş xəbəri Sizin dilinizdən böyük sevinclə eşitdik. Sizi və bütün Azərbaycanı Qələbə Günü münasibətilə təbrik edirik.

Hörmətlə,

Moldova Azərbaycanlıları Konqresinin Şurası adından Elçin BAYRAMOV,
sədr Ramil ADIGÖZƏLOV, Marif BERQAN, Zamin BAYRAMOV, Zamir QUBADOV, Aynurə ƏBDÜLRƏHİMOVA, Mahizər MƏMMƏDOVA, Ramiz ƏNSƏROV

29 Noyabr 2020 00:22 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə