Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib

Gələcəkdə Azərbaycan və Ukrayna arasında məhsulların ixracını və idxalını artırmağa hazırıq, xüsusilə Poltava bölgəsinin qoşula biləcəyi investisiya layihələrinin siyahısını təqdim edə bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Poltava vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovla görüşdə deyib.

Azərbaycan iqtisadiyyatının 85 faizinin özəl sektorda cəmləşdiyini deyən səfir vurğulayıb ki, şirkətlərimiz Poltavanın təbii qaz istehsalı, kənd təsərrüfatı və şəhərsalma sahələrində iştirakda maraqlıdır.

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə xarici investorların fəaliyyəti üçün şəffaf mühit yaradılıb. Ukrayna şirkətləri Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin yenidən qurulmasında fəal iştirak edə bilərlər. Azərbaycan dövləti artıq həmin ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi üçün dövlət proqramı hazırlayır”, - deyə E.Axundova əlavə edib.

Qubernator O.Sinequbov isə öz növbəsində bildirib ki, hər iki ölkənin iqtisadiyyatı bir-birinə bənzəyir və Azərbaycan-Ukrayna arasında əməkdaşlıq inkişaf edir.

“Azərbaycan Poltava bölgəsinin ən böyük tərəfdaşlarından biridir. Bölgədə yeni sənaye sahələrinin daha da inkişaf etdirilməsi və yerləşdirilməsi, kənd təsərrüfatı, sənaye və qaz istehsalı sahəsindəki əməkdaşlıqda maraqlıyıq”, - deyə o bildirib.

Görüşdə tərəflər, həmçinin təhsil və turizmin inkişafı sahələrində gələcək əməkdaşlığı müzakirə ediblər.

Daha sonra səfir E.Axundova Poltava sahibkarları ilə görüş keçirib. O bildirib ki, Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün bütün mümkün variantlar nəzərdən keçirilir. Bu görüşdə də şirkətlərin təklifləri dinləniləcək və Azərbaycanın İqtisadiyyat Nazirliyinə təqdim ediləcək. Müzakirələr zamanı tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

28 Noyabr 2020 15:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə