Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərin zəngin maddi-mədəniyyət nümunələri xalqımızın qədim tarixini özündə yaşadır

Azərbaycan Ordusu  Ermənistan tərəfinin ölkəmizə qarşı həyata keçirdiyi  təcavüzkar siyasətə son qoymaq,  törətdiyi təxribatların qarşısını almaq məqsədilə sentyabrın 27-də əks-həmlə əməliyyatına başladı. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə  bir neçə strateji yüksəklik düşməndən təmizləndi.  


Noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu həmin gün Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini yenidən özümüzə qaytardı. Bu, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə kimi yaddaşlara yazıldı. Bu, eyni zamanda,  müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı.


Kapitulyasiyanın şərtlərinə uyğun olaraq, əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndləri, növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu qeyd-şərtsiz, döyüşsüz rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bu  rayonun işğaldan azad edilməsi ilə bütün xalqımızın, eləcə də kəlbəcərlilərin 27 illik həsrətinə son qoyuldu.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov yuxarıda qeyd etdiklərinə əlavə olaraq, bildirdi ki, Azərbaycan bu əraziləri bir mərmi belə atmadan geri qaytardı. Təbii ki, işğalçı Ermənistan tərəfindən Ağdam və Kəlbəcər rayonlarının geri qaytarılması təcavüzkarın öz istəyi ilə baş vermədi. Belə olsaydı, Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi illərlə kağız üzərində qalmaz,  işğalçı həmin qətnamələrin tələblərinə dərhal, qeyd-şərtsiz əməl edər və işğala birdəfəlik son qoyardı. Lakin havadarlarına arxalanaraq, nüfuzlu dövlətlərin laqeydliyindən yararlanaraq düşmən üzərinə düşən öhdəliklərin heç birini gerçəkləşdirmədi. Əksinə, daim ölkəmizə qarşı məkrli oyunlar oynadı, təxribatlar törətdi, hətta Azərbaycanın yeni ərazilərinin işğal etmək kimi hədə-qorxu xarakterli sərsəm bəyənatlar səsləndirdi, şərtlər irəli sürdü.  


Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu – Kəlbəcərin işğaldan azad edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan üçün strateji önəmə malik olan bu  rayon yerüstü və yeraltı təbii sərvətləri ilə zəngindir. Buradakı maddi-mədəni nümunələr  xalqımızın qədim tarixini özündə yaşadır.


Prezident İlham Əliyev noyabrın 25-də xalqa müraciətində də Kəlbəcərin Azərbaycanın əzəli  torpağımız olduğuna diqqət çəkərək deyib: “Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər”.


E.Bağırov söhbət zamanı bir məqamı da xatırlatdı: “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda ağır və mürəkkəb proseslər cərəyan edirdi, xaos, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün respublikaya rəhbərlik etdiyi dövrlərdə isə şərait daha da ağırlaşmışdı. Başqa sözlə, hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilmişdi”.


E.Bağırovun sözlərinə görə, bu dövrdə uzun müddət davam edən daxili böhran daha da dərinləşmişdi, vətəndaş itaətsizliyi açıq-aydın nəzərə çarpırdı, qanunçuluğun və hüquq qaydalarının təminatında, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər özünü göstərirdi. Bütün bunlarla bərabər, o zaman Azərbaycan rəhbərliyi ordu quruculuğuna demək olar ki, fikir vermirdi. Belə vəziyyət isə ermənilərin torpaqlarımızı işğal etmələrini şərtləndirdi. Prezident İlham Əliyev xalqa müraciətində bu barədə ətraflı bəhs edib: “Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır”.


E.Bağırov daha sonra dedi: “Ulu öndərimiz Heydər Əliyev yenidən ölkəyə rəhbərliyə başlayandan sonra sosial-iqtisadi, demokratik islahatlarla bərabər, mükəmməl nizami ordunun da əsası qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev isə son 17  ildə Silahlı Qüvvələrin fəaliyyətinin gücləndirilməsinə mühüm önəm verdi. Bunun üçün, ilk növbədə, ölkəmizdə milli həmrəylik, xalq-iqtidar birliyi yaradıldı, ciddi kadr islahatı aparıldı, cəmiyyətdə sosial ədaləti gerçəkləşdirmək üçün bir sıra layihələr gerçəkləşdirildi. Eyni zamanda, güclü  iqtisadiyyat quruldu, karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində xüsusi addımlar atıldı. Ölkə Prezidenti ordu quruculuğunu bütün yuxarıda sadalananlarla paralel apardı”.


E.Bağırov söhbətinin sonunda talan olunan Kəlbəcər şəhərinın, bu inzibati ərazi vahidinin kənd və qəsəbələrinin tez bir zamanda yenidən qurulacağını, tarixi abidələrin bərpa ediləcəyini, müharibədə göstərilən birliyin, əzmkarlığın bu işdə də önəmli rol oynayacağını vurğuladı. Bildirdi ki, Azərbaycan torpaqlarının 30 il davam edən işğalı, nəhayət, qələbəmizlə sona çatır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu şanlı tarixi–böyük uğur sevincini, möhtəşəm zəfər qürurunu xalqımıza yaşadır. Bu yüksək ovqat məcburi köçkünlərimizi işğaldan azad edilən torpaqlarımıza tələsdirir, orada möhtəşəm quruculuq işlərinə başlamağa həvəsləndirir.

28 Noyabr 2020 16:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə