Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alimlər Müstəqil Dövlətlər Birliyinin əsas mükafatları ilə təltif olunub

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlıya “Zvyozdı Sodrujestva” (“Birlik ulduzları”) mükafatı təqdim olunub.

Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 27-də “Zvyozdı Sodrujestva” (“Birlik ulduzları”) və “Sodrujestvo debyutov” (“Debütlər Birliyi”) mükafatları laureatlarının təntənəli təltif olunma mərasimi keçirilib. Mükafatlar DHƏF və MDB-nin Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis edilib.

“Zvyozdı Sodrujestva” - Müstəqil Dövlətlər Birliyinin humanitar sahədə ən yüksək nailiyyətlərə görə verilən əsas mükafatdır. Bu il həmin mükafata 9 ölkənin təmsilçiləri - Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, kardioloq Aleksandr Mroçek (Belarus), Qazax Dövlət Akademik Musiqili-Dram Teatrının bədii rəhbəri Talqat Temenov (Qazaxıstan), Qırğız Dövlət Universitetinin kimya kafedrasının professoru Adılbek Moldoşev (Qırğızıstan), “S ulitsı roz” Gənclər Teatrının direktoru Yuri Xarmelin (Moldova), yazıçı Quzel Yaxina (Rusiya), yazıçı Timur Zulfikarov (Tacikistan), “Yalla” ansamblının bədii rəhbəri Farrux Zakirov (Özbəkistan) sahib olub.

“Sodrujestvo debyutov” mükafatına bu il kitab və mütaliə sahəsinin inkişafında xidmətləri olan gənc mütəxəssislər - şairə Səidə Salayeva (Azərbaycan), kitabxanaçı Yekaterina Rovdo (Belarus), jurnalist Yerlan Cunusov (Qazaxıstan), tələbə Akılbek uulu Bakay (Qırğızıstan), tərcüməçilər Diana Jalbe (Moldova) və Yevgeniya Baranova (Rusiya), dizayner Muhammadnosir Abdulloyev (Tacikistan) layiq görülüblər.

Təltif mərasimi onlayn formatda keçirilib. Laureatları DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Fondun İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, DHƏF-in icraçı direktoru Analoti İksanov salamlayıblar. Mixail Şvıdkoy deyib: “Tanınmış ustadların və gənc mütəxəssislərin bu mükafatla eyni vaxtda təltif edilməsi olduqca simvolikdir. Bu, hər iki mükafatın başlıca məqsədini – mədəniyyətlərin qarşılıqlı əlaqəsini və nəsillərin varisliyini vurğulayır”.

Laureatlar öz mükafatlarını təkcə onların şəxsi xidmətlərinin təsdiqi kimi qiymətləndirməyiblər. Özbək musiqiçisi Farrux Zakirov bu mükafatları “Birlik xalqlarına hörmətin, xoş ənənələrin və ötəri olmayan dəyərlərə dəstəyin əlaməti” adlandırıb.

Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərlik etdiyi MDB-nin Gənclər Simfonik Orkestri xüsusi olaraq laureatlar üçün bayram konserti hazırlamışdı. Orkestr nüfuzlu müsabiqələrin qalibi olan istedadlı gənc musiqiçiləri öz ətrafında toplayıb. Orkestrin əsas tərkibinin çıxışı üçün məkan Dubnadakı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Mədəniyyət Evi olub. DHƏF-in çoxdankı tərəfdaşı olan bu məkanda hər il Birlik ölkələrinin gənc alimləri təcrübə keçirlər. İnstitut Fonda laureatların təltif olunması mərasiminin keçirilməsində də texniki kömək göstərib.

28 Noyabr 2020 12:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə