Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziya saytı Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi barədə analitik məqalə yayıb

İndoneziyanın “goodnewsfromindonesia.id” saytı Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi barədə analitik məqalə yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Əhyari Hanantonun müəllifi olduğu “Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsinin dörd mühüm dərsi” adlı analitik məqalədə Qafqazın iki ölkəsi arasında sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş 44 günlük müharibə barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, müharibə beynəlxalq səviyyədə Azərbaycan ərazisi hesab edilən və ötən əsrin 90-cı illərində Ermənistan ordusu tərəfindən işğal olunan Dağlıq Qarabağ regionu və ətraf rayonların azad olunması uğrunda aparılıb.

Müəllif vurğulayır ki, bu qısa müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb və müharibənin əvvəlindən bu dəfə də qalib gələcəyinə inanan Ermənistanın alçaldıcı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan Ordusunun cəbhədə endirdiyi sarsıdıcı zərbələr və qazandığı böyük uğurlar Ermənistanı noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə təklif edilən məğlubiyyət bəyanatını imzalamağa və dekabrın 1-dək işğal etdiyi bütün torpaqlardan qoşunlarını çıxarmağa məcbur edib.

Məqalədə qeyd edilir ki, müharibənin nəticəsi Azərbaycanda böyük sevinclə, Ermənistanda isə etiraz nümayişləri və ixtişaşlarla qarşılandı. Müəllif vurğulayır ki, heç bir erməni bu müharibəni belə qısa müddətdə, çoxlu sayda canlı qüvvə və texnikanın məhv edilməsi ilə başa çatacağına inana bilmir. Qeyd edir ki, bu qısa və dağıdıcı müharibə Ermənistanda ciddi qarşıdurma və parçalanmaya, Azərbaycanda isə əksinə hökumətin əhali tərəfindən tam dəstəklənməsinə, cəmiyyətdə sıx birliyə və həmrəyliyə səbəb oldu.

Ə.Hanonto bildirir ki, bu müharibə, eyni zamanda, bütün dünyaya adi silahlarla aparılan müharibələr dövrünün artıq başa çatdığını göstərdi. Azərbaycanın bu real və inandırıcı qələbəsi bütün dünyanın hərbi analitikləri üçün gələcək döyüşlər barədə qısa hərbi dərsə çevrildi. Dünya döyüş meydanında baş verənləri sosial şəbəkələr vasitəsilə izləyərək Türkiyənin “Bayraktar TB2” dronları tərəfindən milyonlarla dəyəri olan zenit-raket qurğularının məhv edilməsinin şahidi oldu.

Məqalədə Azərbaycan rəhbərliyinin ölkədə apardığı böyük ordu quruculuğu, müasir hərbi avadanlıq istehsal edən müdafiə sənayesinin yaradılması ilə yanaşı, İsrail, Türkiyə və Rusiya istehsalı olan pilotsuz uçan aparatları (PUA) və dronları alması barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, bu gün Azərbaycan ordusu həm ölkənin öz istehsalı, həm də İsrail, Türkiyə və Rusiya istehsalı olan yüzlərlə növ drona malikdir. PUA-ların Öyrənilməsi Üzrə Mərkəzə istinadla bildirilir ki, hazırda Azərbaycanın cəbbəxanasında “Israel Aerospace Industries” şirkətinin istehsalı olan “Harpy” və “Harop”, “Aeronautics Group” şirkətinin hazırladığı “1K Orbiter” kimi dronlar var. Bununla yanaşı, Azərbaycan “Hermes”, “Heron” və “SkyStriker” kimi dronlara da malikdir.

Son müharibənin təhlilini aparan müəllif onun dərsləri arasında ilkin olaraq, quru qoşunlarının dronların qarşısını almaq üçün lazımi texniki vasitələrlə təmin edilməsinin zəruriliyini irəli sürür. Qeyd edir ki, məhz bu vasitələrə malik olmayan Ermənistan ordusu böyük və sarsıdıcı məğlubiyyətə uğradı.

Müəllifin qənaətinə görə ikinci dərs quru qoşunlarının PUA-lar sistemi ilə inteqrtasiyasının təşkili məhz gələcək müharibələrin əsas tələblərindən birinə çevriləcək. Bu sahədə Türkiyə və Rusiyanın Suriyada aparılan əməliyyatlar zamanı böyük təcrübə qazandığı xüsusi qeyd edilir. Vurğulanır ki, Azərbaycan Ordusu da məhz bu təcrübədən faydalanaraq, dronlarla yerdən atəş sistemi arasında əlaqə kompleksini yarada bilib.

Bu müharibənin növbəti dərsi kimi müəllif dronların düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərinin məhv olunmasında rolunu göstərir. Qeyd edir ki, məhz “Bayraktar TB2” Suriya və Liviyada Rusiya istehsalı olan “Pansir” sistemlərini sıradan çıxarılmasında mühüm rol oynayıb. Bildirir ki, Azərbaycan hərbiçiləri də PUA-lardan səmərəli şəkildə istifadə edərək, Ermənistanın HHM sistemlərini sıradan çıxarıb.

Azərbaycan və Ermənistan arasında baş vermiş müharibənin son dərsi kimi müəllif dronlar dövrünün başlaması ilə yanaşı, hərbi deostrateji hesablamaların hələ də əhəmiyyətini itirmədiyini göstərir. Qeyd edir ki, Azərbaycanın texnoloji üstünlüyü onun hərbi gücünü nümayiş etdirsə də, hücum kampaniyası zamanı azad edilmiş ərazilərin təmizlənməsi və müdafiəsi üçün əvvəllər olduğu kimi, adi konsepsiyalardan və sursatdan istifadə edilməlidir. Bunu Azərbaycan ordusunun PUA-lar vasitəsilə erməniləri sıxışdırması ilə yanaşı, bütün cəbhə boyu digər birgə qüvvələrdən istifadə təcrübəsi də təsdiq edir.

Müzəffər Azərbaycan Ordusunun qısa müharibə zamanı digər uğurlarına da diqqəti cəlb edən müəllif, İndoneziyanı da bu təcrübədən faydalanmağa çağırır.

28 Noyabr 2020 09:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə