Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin müdrik siyasəti ilə Kəlbəcər tezliklə xoş günlərinə qayıdacaq

Kəlbəcər bizim qədim torpağı­mızdır. Qədim Azərbaycan torpa­ğıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi.

Noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu həmin gün Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qara­bağın baş tacı olan Şuşa şəhərini yenidən özümüzə qaytardı. Bu, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə kimi yaddaşlara yazıldı. Bu, eyni zamanda, müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı. Yalnız bundan sonra Ağdam, Kəlbəcər yağılardan təmizləndi.

Beləliklə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etməsinə baxmayaraq, 27 il kağız üzərində qalan, eləcə də işğalçı qüvvələrin Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr məhz Azərbaycanın şərtləri ilə gerçəkləşdirildi.

Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu – Kəlbəcərin işğaldan azad edilməsi də mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan üçün stra­teji önəmə malik olan bu rayon yerüstü və yeraltı təbii sərvətləri ilə zəngindir. Buradakı maddi-mədəni nümunələr xalqımızın qədim tarixini özündə yaşadır.

Ulu öndər Heydər Əliyev hər zaman Kəlbəcərə, onun təbiətinə, insanlarına yüksək dəyər verib. 1996-cı il apre­lin 1-də ümummilli liderimiz Prezident sarayında Kəlbəcərin işğalının üçüncü ilində rayon sakinlərinin nümayəndələri ilə görüşdə bu barədə deyib: “Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri var... Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixi­ni qəlbində, sinəsində, qoynun­da saxlayan ərazilərindən biridir. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıda­caqlar”.

Prezident İlham Əliyev no­yabrın 25-də xalqa müraciətində də Kəlbəcərin Azərbaycanın əzəli torpağımız olduğuna diqqət çəkərək deyib: “Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə möv­cud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazıları­nı oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər”.

Kəlbəcərin işğaldan azad edildiyi ərəfədə erməni vandal­ları onsuz da 30 ilə yaxın bir dövrdə dağıdıb talan etdikləri bu ərazilərdəki yaşıllıqlara, yaşayış sahələrinə böyük ziyan vurdular, xaraba qoydular. Bununla bağlı Rusiya KİV-də Kəlbəcərin işğal altındakı torpaqlarında qanunsuz məskunlaşan ermənilərin evləri yandırmaları haqqında informa­siyalara münasibət bildirən hərbi politoloq Aleksandr Perenciyev deyir: “Ermənilər 25 ildə yaşa­dıqları evləri yandırırlar. Onlar həqiqətənmi öz evlərini yandı­rırlar? Yox. Bu torpaqlar həmişə Azərbaycanın bir hissəsi olub. Ermənilər Kəlbəcərdə ötən əsrin 90-cı illərinin ortalarına qədər yaşamayıblar. Orada, demək olar ki, yalnız azərbaycanlılar yaşayırdılar, onlar Ermənistan tərəfindən törədilmiş soyqırım nəticəsində ya öldürülmüşdülər, ya da macal tapıb, qaça bilmişdilər. Həmin evlərdə sonra­dan ermənilər məskunlaşdırılıb”.

Politoloqun sözlərinə görə, bu rayonda qanunsuz məskunlaşdırılan ermənilərə izah etmək lazımdır ki, onların indiyədək yaşadıqları evlər ötən əsrin 90-cı illərinin əvvəllərində bu torpaqlarda öldürülən və ya tələm-tələsik öz vətənlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlılara məxsusdur... Ədalət ikili standartlar üzərində qurula bilməz! Xüsusən də tarixi ədalət!

Azərbaycan Qarabağda sülhün tərəfdarıdır, Qarabağ isə Azərbaycandır!”

Bəli, Kəlbəcərdə mənfur düşmənin ağır cinayətlər törətdiyini, qanunsuz məskunlaşma apardığını no­yabrın 25-də xalqa müraciətində də bildirən Prezident İlham Əliyev deyib: “Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və Cenevrə Konvensi­yasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”.

Burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda ağır və mürəkkəb proseslər cərəyan edirdi, xaos, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün respublika­ya rəhbərlik etdiyi dövrlərdə isə şərait daha da ağırlaşmışdı. Baş­qa sözlə, hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasın­da ciddi maneəyə çevrilmişdi.

Bu dövrdə uzun müddət davam edən daxili böhran daha da dərinləşmişdi, vətəndaş itaətsizliyi açıq-aydın nəzərə çarpırdı, qanunçuluğun və hüquq qaydalarının təminatında, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər özünü göstərirdi. Bütün bunlarla bərabər, o zaman Azərbaycan rəhbərliyi ordu quruculuğuna demək olar ki, fikir vermirdi. Belə vəziyyət isə ermənilərin torpaqla­rımızı işğal etmələrini şərtləndirdi.

Prezident İlham Əliyev xalqa müraciətində bu barədə ətraflı bəhs edib: “Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımı­zın işğal altına düşməsində əsas günah­kar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaq­larımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır”.

Ulu öndərimiz Heydər Əliyev yenidən ölkəyə rəhbərliyə başlayan­dan sonra sosial-iqtisadi, demokratik islahatlarla bərabər, mükəmməl nizami ordunun da əsası qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev isə son 17 ildə Silahlı Qüvvələrin fəaliyyətinin gücləndirilməsinə mühüm önəm verdi. Bunun üçün, ilk növbədə, ölkəmizdə mil­li həmrəylik, xalq-iqtidar birliyi yaradıldı, ciddi kadr islahatı aparıldı, cəmiyyətdə sosial ədaləti gerçəkləşdirmək üçün bir sıra layihələr gerçəkləşdirildi. Eyni zamanda, güclü iqtisadiyyat quruldu, karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində xüsusi addımlar atıl­dı. Ölkə Prezidenti ordu quruculuğunu bütün yuxarıda sadalananlarla paralel apardı.

Dövlətimizin başçısı noyabrın 25-də xalqa müraciətində ölkəmizin tatixində mühüm önəm daşıyan bu məqama toxunaraq deyib: “Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bomba­lamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır – savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər”.

Dövlətimizin başçısı çıxışında yu­xarıda qeyd edilənlərlə bərabər dağı­dılan, talan olunan Kəlbəcər şəhərinın, bu inzibati ərazi vahidinin kənd və qəsəbələrinin tez bir zamanda yenidən qurulacağını, tarixi abidələrin bərpa ediləcəyini, müharibədə göstərilən bir­liyin, əzmkarlığın bu işdə də önəmli rol oynayacağını diqqətə çatdırıb.

Dövlətimizin başçısın xalqa müraciətində vurğuladığı kimi, “Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır”.

Azərbaycan torpaqlarının 30 il da­vam edən işğalı, nəhayət, qələbəmizlə sona çatır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu şanlı tarixi–böyük uğur sevincini, möhtəşəm zəfər qürurunu xalqımıza yaşadır. Bu yüksək ovqat məcburi köçkünlərimizi işğaldan azad edilən torpaqlarımıza tələsdirir, orada möhtəşəm quruculuq işlərinə başlamağa həvəsləndirir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

27 Noyabr 2020 23:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə