Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdam şəhərində məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə çəkdiyi fotoların səyyar sərgi-təqdimatı olub

Noyabrın 27-də işğaldan azad edil­miş Ağdam şəhərində məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotoların səyyar sərgi-təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə Ağdam Cümə məscidi ilə tanış olublar. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qa­rabaği tərəfindən tikilib. 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra digər tarixi abidələrimiz kimi, Ağdam Cümə məscidi də yandırılıb, dağıntılara məruz qalıb.

Fotoqraf Reza Deqati 1990-cı illərin əvvəllərində Ağdam Cümə məscidində çəkdiyi – erməni vəhşiliyini əks etdirən fotoların tarixçəsi barədə media nümayəndələrinə məlumat verib. Bildirib ki, həmin dövrdə ermənilərin qətlə yetirdikləri insanları bu məscidə gətirirdilər. Bu fotodakı qadınlar məscidin qarşısına yığışaraq öz yaxınlarının meyitlərini axtarırlar. Qadınlardan biri oğlunun və həyat yoldaşının meyitini tapdı. Dedi ki, gözlərini çıxarıblar. Həkimlər də təsdiq etmişdilər ki, ermənilər onun gözlərini diri halda çıxarıblar. Digər şəkildəki qadın isə uşağının meyitini tapıb. Bu şəkildəki kişi isə oğlunu itirib. Əlində oğlunun fotosu onu axtarır”.

Reza Deqati jurnalistlərə müsahibəsində deyib: “1992-ci ilin fevralında Fransada eşitdim ki, Xocalıda soyqırımı törədilib. Özümü Bakıya, sonra isə Ağdama çatdır­dım. Məscidin arxasında Xocalıdan çıxmış yüzlərlə adam toplaşmışdı. Qırmızı Xaç Cəmiyyətinin meyitləri gətirməsini gözləyirdilər. Meyitlər bura gətirilirdi, hərə öz yaxınının cəsədini axtarırdı. Meyitlər donmuş, gözləri çıxarılmış, bədənlərinin hissələri kəsilmiş vəziyyətdə idilər. Həmin vaxt meyitlərdən başqa əsirləri də çəkmişəm. Sonra Şuşada çəkilişlər apardım”.

Tanınmış fotoqraf torpaqlarımızın işğaldan azad olunacağına və köçkünlərin doğma yurdlarına qa­yıdacaqlarına hər zaman inandığını bildirib: “O vaxt məcburi köçkünlər evlərinin açarlarını özləri ilə götürürdülər. Bu isə onu göstərir ki, bura onların doğma evi, torpaqları­dır. İndi bir tərəfdən torpaqların azad olunmasına şadam. Bir tərəfdən də bu cür xarabalıq... Qırx ildir dünyada müharibələri çəkirəm. Müharibələrdə şəhərlərin bir hissəsi dağılır. Amma Ağdam Xirosima kimidir. Mən buraya “şəhid şəhər” deyirəm. Bunu çəkmək bizim borcumuzdur ki, tarixdə qalsın”.

Reza Deqati 1992-ci ildən çəkdiyi fotoların dünyanın çox yerində sərdiləndiyini, buna görə təzyiqlərə məruz qaldığını deyib: “Fransada 500 min erməni yaşayır. Fotolara görə mənə çox təzyiq olur. Lakin nə qədər təzyiqlər olsa da, yenə də haqq sözü­mü deyəcəyəm. Bir neçə ay çəkilişlər etdikdən sonra böyük sərgi keçirməyi planlaşdırıram”.

Media nümayəndələri sonra Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər.

Allahverdi Bağırov 1990-cı ildə Ağdamda könüllülərdən ibarət batalyon yaradaraq, Qarabağdakı azərbaycanlı kəndlərinin müdafiəsində iştirak edib. Onun rəhbərlik etdiyi taborun Xocalı faciəsi zamanı yüzlərlə soydaşımızın xilas edilməsində, həlak olanların meyitlərinin döyüş mey­danından çıxarılmasında və əsirlərin azad edilməsində böyük xidməti olub. 1992-ci il iyunun 12-də A.Bağırovun rəhbərliyi ilə Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. Vətənimizin cəsur övladı gözətçi məntəqəsini yoxlayıb geri qayıdan zaman xidməti avtomobilində minaya düşərək həlak olub. O, Ağdamdakı Şəhidlər xiyaba­nında dəfn edilib.

Reza Deqati Xocalı faciəsindən sonra Allahverdi Bağırovun Qırmızı Xaç Cəmiyyəti ilə birgə meyitlərin dəyişdirilməsi zamanı çəkdiyi fotonu Milli Qəhrəmanın məzarının üzərinə qoyub.

Qeyd edək ki, fotoqraf Reza Deqati 20 Yanvar faciəsinin, Xocalı soyqırımının şahidləri, qaçqın və məcburi köçkünlər ilə görüşüb, erməni vəhşiliyini əks etdirən səhnələri, doğ­malarını itirdiyinə görə iztirab çəkən insanları kameranın yaddaşına köçü­rüb. Hər kəsin anladığı dillə - fotoların dili ilə Azərbaycan həqiqətlərindən bəhs edən Reza Deqatinin əsərləri Av­ropanın bir çox ölkələrində sərgilənib.

27 Noyabr 2020 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə