Ən son xəbərlər
Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. İşğalçı ölkənin 30 illik hegemonluğuna acınacaqlı məğlubiyyətləri ilə son qoyuldu. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq, siyasi meydanda da istədiyinə nail ola bildi. İndi xalqımız, eləcə də, dünya ictimaiyyəti Ermənistan ordusunun, o cümlədən işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin qan tökülmədən, güllə səsi eşidilmədən çıxıb getmələrinin canlı şahididir. Bəli, bu, nə yuxudur, nə də xəyal, dünyanın gözü qarşısında baş verən reallıqdır.
Münaqişənin həlli həm siyasi, həm də hərbi yollarla mümkün idi. Azərbaycan tərəfi bu illər ərzində beynəlxalq təşkilatların, eləcə də, problemin aradan qaldırılmasında vasitəçilik missiyasını üzərinə götürmüş, lakin ikili standartlardan əl çəkə bilmədiyindən vəzifəsini sona qədər icra edə bilməyən ATƏT-in Minsk qrupunun köməyi ilə məsələni siyasi yollarla həll etməyə çalışırdı. Lakin Ermənistanın işğalçı siyasətdən əl çəkməməsi, o cümlədən “böyük Ermənistan” yaratmaq iddiası ilə daha geniş əraziləri tutmaq iştahası sülh danışıqlarını əhəmiyyətsiz etdi. Dünya birliyi də şahid oldu ki, münaqişənin 30 il davam etməsinin əsas təqsirkarı Ermənistandır. Bundan sonra problemin aradan qaldırılmasının yeganə yolu hərbi yol idi. Bu, Azərbaycanın qanuni hüququ idi. Bu hüququ beynəlxalq norma və prinsipləri də tanıyır. Bu hüquq ölkəmizə BMT Nizamnaməsi tərəfindən verilib. Beynəlxalq hüquq normalarında da birmənalı şəkildə qeyd edilir ki, hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik. Özü də öz ordumuzun gücü ilə.
Dövlət başçımızın qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ordu quruculuğunu inkişaf etdirmək, torpaqlarımızı düşməndən azad etmək qüdrətində olan ordu formalaşdırmaq idi. Son 17 il ərzində həyata keçirilən siyasi srategiya sayəsində formalaşan Azərbaycan Ordusu hazırda dünyanın ən güclülərindəndir. Ən müasir silah-sursatla təchiz edilmiş Azərbaycan Ordusu 2016- cı ildən başlayaraq, düşmənə qan uddurur. Lakin xarici havadarlarına güvənən təcavüzkar Ermənistan sərhədboyu ərazilərdə təxribatlar törətməkdən əl çəkmirdi. Nəhayət, bu il sentyabrın 27- də başladıqları müharibənin məğlubiyyətini “daddı”. 44 günlük müharibədə Ermənistan ordusu darmadağın edildi, işğalçı ölkə rəsmən təslim oldu. Beləliklə, 27 il işğal altında qalan ərazilərimiz azad edildi. Düşmən təslim olaraq, Kəlbəcərdən, Ağdamdan və Laçından məğlub kimi atəş açılmadan çıxır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də dediyi kimi, Azərbaycanın əraziləri əbədi işğalda qala bilməzdi. Rusiya Prezidenti “Rossiya 1” telekanalına verdiyi müsahibəsində bu məsələyə birdəfəlik nöqtə qoydu: “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu, o deməkdir ki, beynəlxalq hüquq nöqteyi- nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisnin ayrılmaz hissəsidir.”
Daxili və xarici siyasətin vəhdəti
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərindəki qələbəsində daxili və xarici siyasəyimizin uğurları mühüm əhəmiyyət kəsb edib. İqtisadiyyatı möhkəm təməllər üzərində qurulmayan ölkə heç bir uğura imza ata bilməz. Son 17 ildə ölkəmizin iqtisadi qüdrətinin davamlı olması və möhkəmləndirilməsi istiqamətində dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. İri infrastruktur layihələrin reallaşdırılması istiqamətində atılan qətiyyətli addımlar, qeyri-neft sektorunun inkişafı, Azərbaycan brendinin dünya bazarlarına çıxarılması, kənd təsərrüfatının strateji əhəmiyyətli sahələrindən hesab edilən pambıqçılığın, tütünçülüyün, baramaçılığın, çayçılığın və digərlərinin inkişafına xüsusi önəm verilməsi, dövlət proqramlarının qəbul edilməsi və bu istiqamətdə sistemli inkişaf Azərbaycanın neftdən asılılığının aradan qaldırılmasında xüsusi rol oynadı. Dünya bazarlarında neft məhsullarının qiymətinin kəskin ucuzlaşması zamanı da bunun şahidi olduq. Dünyanın neft hasil edən əksər ölkələri və iri şirkətlər ciddi iqtisadi böhranla qarşılaşsalar da, Azərbaycanda həyat öz axarı ilə davam etdi, nəzərdə tutulan layihələr reallaşdırıldı, əhalinin sosial müdafiəsinin ildən – ilə gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Yeni müəssislər açıldı, iş yerləri yaradıldı. Bu uğurlar dünya birliyinin diqqətindən yayınmadı. Çünki bu müddət ərzində xarici siyasət sahəsində də yaddaqalan uğurlar qazanılır, ölkəmizin əlaqələri daha da genişlənir, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artırdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü seçilərkən bunun şahidi olduq. Azərbaycan diplomatiyasının beynəlxalq arenada bu möhtəşəm uğura imza atması müstəqillik tariximizin unudulmaz günlərindəndir.
Həmin gün - 2011-ci il oktyabrın 24- də ölkəmiz Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iki il müddətinə (2012-2013) qeyri-daimi üzvü seçildi. Bu seçkilərdə Şərqi Avropa dövlətləri qrupuna ayrılmış bir yerə Azərbaycan da öz namizədliyini irəli sürdü və 155 səs toplayaraq, növbəti iki il ərzində BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazandı. Azərbaycanın bu quruma iki dəfə – 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etdi və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etdir.
Son 17 il ərzində həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artırdı. Bu siyasətin əsasını milli maraqların qorunub saxlanılması ilə yanaşı, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, Ermənistanın işğalçı siyasətini ifşa etmək, terrorçu , faşizm ideologiyasına qatı meyilli olduğu, dinc əhaliyə qarşı amansızlığı olduğu kimi çatdırmaq prioritet təşkil edirdi. Dövlətimizin başçısı keçirdiyi bütün görüşlərdə, xarici ölkələrə səfərlərində, o cümlədən mötəbər beynəlxalq tədbirlərdəki çıxışlarında, ilk növbədə, Ermənistanın işğalçı siyasətini davam etdirdiyni, bir milyondan artıq soydaşımızın doğma yurd - yuvalarından didərgin salındığını, tarixi - mədəni abidələrimizin talan olunduğunu, işğal altındakı ərazilərimizin xarabalığa çevrildiyni, erməni vandalizmini, onların törətdikləri dəhşətli soyqırımı aktlarını faktlarla diqqətə çatdırırdı. Artıq dünya birliyi Ermənistanı işğalçı ölkə kimi tanıyırdı. Bunu nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə BMT- dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkətının qəbul etdiyi bəyanatlar da təsdiqləyir.
Məlum olduğu kimi, Azərbaycan artıq Qoşulmama Hərəkətına (QH) sədrlik edir. 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən bu qurum hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.
Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə qazanılmasının yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib. Bununla əlaqədar olaraq, bu təşkilata üzv ölkələr Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildiriblər.
Qurumun əlaqələndirmə bürosu Bakı Zirvə görüşünün Yekun sənədinin 662-ci paraqrafına istinad edərək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə, Ermənistan və Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha bildirib.
Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar təkcə bunlarla kifayətlənmir. Ölkəmizin bu illər ərzində “kosmik ailə”nin üzvünə çevrilməsi, bir-birinin ardınca orbitə süni peyklər buraxması, beynəlxalq terrorizmə qarşı yüksək fəallıq göstərməsi, respublikanın beynəlxalq tədbrlərin keçirildiyi məkana çevrilməsi və digər amillər Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşdu.
Prezident xalqın inamını özünə qaytardı
Sentyabrın 27-dən əks-həmlə ilə başlanan və şanlı ordumuzun zəfərləri ilə davam edən Vətən müharibəsi işğaldan azad olunan kəndlər, rayonlarla birgə minlərlə insanın 30 ilə yaxın müddətdən sonra öz yurd-yuvalarına qovuşması, dədə-baba torpaqlarına həsrətinin bitməsi xalqın özünə inamını qaytardı. Azərbaycanın müstəqillik tarixində xalqımızın qürur mənbəyinə çevrilmiş yadda qalan çox hadisələrin, əlamətdar günlərin şahidi olmuşuq. Son 17 il, demək olar ki, belə hadisələrlə zəngindir. Amma müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki parlaq qələbəsi, torpaqlarımızın işğaldan azad olunması dövlətçilik tariximizdə xüsusi əhəmiyyət kəsb edir. Bu möhtəşəm tarixi günləri yaşayanlar, şərəfli anlara şahidlik edənlər xoşbəxt insanlardır.
Azərbaycan xalqı dövlət başçımızın ətrafında sıx birləşərək əzmlə, səbrlə, gecəsini gündüzünə qataraq, öz dövlətini gücləndirdi və tarixi anın yetişməsini, bu möhtəşəm qələbə xəbərini gözlədi. Heç bir təzyiq və təhdid, beynəlxalq ədalətsizlik dövlət başçımızın polad iradəsini sındıra bilmədi və xalqımızın qələbəyə olan inamını sarsıtmadı. Prezident, Ali Baş Komandan xalqın inamını özünə geri qaytardı. Xalqımız “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”, – deyən Ali Baş Komandanının ətrafında daha sıx birləşdi. “Qarabağ Azərbaycandır!” – bu günün ən çox işlədilən və ən çox eşidilən kəlamına çevrilib. Bu, hər kəs tərəfindən qəbul edilən bir həqiqətdir ki, Qarabağsız Azərbaycan, Azərbaycansız Qarabağ ola bilməz. Dövlət başçımızın ali tribunadan səsləndirdiyi ”Qarabağ Azərbaycandır və nida” ifadəsi xalqımızn əzmlə, mərdliklə apardığı milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik Qarabağı özümüzə qaytardı.
Noyabrın 10-da Azərbaycan və Rusiya Federasiyası prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanat birmənalı şəkildə bizim tarixi qələbəmiz , təcavüzkar Ermənistanın isə faktiki olaraq kapitulyasiyası deməkdir. Bu bəyanatın tarixi əhəmiyyəti, ilk növbədə, 30 ilə yaxındır davam edən işğala son qoyması və Ermənistanın məğlubiyyətini rəsmiləşdirməsidir. Bu tarixi qələbə, 27 illik yurd həsrətinə son qoydu, həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın Prezidentə, onun gücünə etimadını, daha da möhkəmləndirdi. Bu qələbənin çətin və keşməkeşli yolu cəsarətdən, qətiyyətdən, polad iradədən başlandı. Dünyanın harasında olmasından və yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, Prezidenti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olması ilə fəxr edir. Bu fəxarəti bizə Prezident İlham Əliyev bəxş etdi.
Bərpa işlərinə start
Dövlətimizin başçısı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bu ərazilərin, eləcə də, işğaldan azad edilmiş bütün yaşayış məntəqələrinin abadlaşdırılması ilə bağlı tədbirlər görüləcəyini bildirdi. Mənfur düşmən işğal altındakı əraziləri minalaşdırdığına görə, azad edilmiş yaşayış məntəqələrində təmizləmə işləri aparılması zərurəti yaranıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlərə start veriləcək. Əslində, artıq bərpa işlərinə başlanılıb. Dövlətimizin başçısı Füzuli rayonunda olarkən, bu rayondan Şuşaya yeni yolun çəkilişi ilə bağlı müvafiq göstərişlər verdi və Prezidentin ehtiyat fondundan ilkin olaraq 50 milyon manat vəsait ayrıldı. Ölkə Prezidentinin göstərişi ilə Əhmədbəyli – Alxanlı – Füzuli – Şuşa yolu bir neçə hissəyə bölünüb. Tapşırığa əsasın, bu işə bir neçə şirkət cəlb ediləcək və qısa müddət ərzində bu yol çəkiləcək. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da göstərilir ki, bütün kommunikasiyalar açılacaq. Kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcək.
Artıq Cəbrayıl rayonu və bir sıra yaşaiış məntəqələri elektrik enerjisi ilə təmin olunub. Bir neçə ildən sonra ermənilərin yerlə yeksan etdikləri yaşayış məntəqələri gülüstana çevriliəcək. Sonra isə dövlət başçımızın dedyi kimi, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılması təmin ediləcək: “Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.”
Əliqismət BƏDƏLOV,“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə