Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq öz Prezidentinin ətrafında sıx birləşib

Azərbaycanın döyüş , diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Sentyab­rın 27-də Ermənistan ordusunun başla­dığı müharibə 44 gündən sonra Silahlı Qüvvələrimizin tarixi qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal plan­larının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın ka­pitulyasiyasıdır. Ermənistan ordusu­nun döyüş meydanında davam gətirə bilmədiyini görən işğalçı ölkənin baş nazirinin Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan et­diyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı və Paşinyan kapitulyasiya şərtlərinə razılıq verdi. Dövlətimizin başçısı dünyanın 30-a yaxın aparıcı media nümayəndəsinə verdiyi müsahibələrində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırıla­caq. Noyabrın 10-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan üçün kapitulyasiya aktı idi.

Bu qələbədə ölkəmizdə ordu quruculuğuna verilən önəm xüsusi qeyd edilməlidir. Son 17 il ərzində dövlət başçımızın bu sahəyə ayırdığı diqqət Azərbaycan Ordusunu dünyanın ən güclüləri sırasına qoşub. Dünya ictimaiyyəti ordumuzun gücünü hələ 2016-cı ilin Aprel döyüşləri zamanı görmüşdü. Sentyabrın 27-dən başlanan Vətən müharibəsində isə Azərbaycan Ordusu parlaq qələbəsi ilə öz adını hərb tarixinə əbədi həkk etdirdi.

Bu qələbənin qazanılmasında diplomatik uğurlarımızın da mühüm rolu oldu. Son 17 ildə Azərbaycan diplomatiyasının qazandığı uğurlar nəticəsində münaqişənin həlli iilə bağlı mükəmməl hüquqi baza yaradıldı. BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkldaşlıq Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrində ölkəmizin ərazi bütövlüyü dəstəklənirdi. Bu da Ermənistanın işğalçı olduğunu rəsmən təsdiqləyirdi.

Azərbaycan Prezidentinin bütün beynəlxalq tədbirlərdə, ayrı- ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri za­manı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi faktları və mövcud vəziyyəti olduğu kimi çatdırması ölkəmizin haqq işinin dəstəklənməsində mühüm rol oynadı.

Dövlət başçımızın sentyabrın 27-dən indiyədək dünyanın aparıcı televiziya kanallarına, qəzetlərinə və informasiya agentliklərinə verdiyi müsahibələri beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini daha da gücləndirdi və erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı. Bütün bunlardan sonra Ermənistan baş nazirinin müxtəlif ölkələrə müraciətləri cavabsız qaldı. Artıq dünya birliyinə də bəlli idi ki, Azərbaycan öz ərazisində vuruşur.

Nəticədə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Xalq onu müqəddəs zəfər gününə qovuşduran Prezidentinin ətrafında sıx birləşib. Artıq Azərbaycan böyük köç ərəfəsindədir. 27 illik həsrətə son qoyuldu. Qarabağ Azərbaycandır!

Mehman İSMAYILOV,
YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

27 Noyabr 2020 23:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə