Ən son xəbərlər
Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamə layihəsini qəbul etməsi bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətinə kölgə salır. Axı, Fransa Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi prosesində sıravi üzv deyil, ATƏT-in Minsk qrupunun həmsədridir. Beynəlxalq hüquqa görə, həmsədr dövlət neytral, tərəfsiz, qərəzsiz və obyektiv olmalıdır.
Senat hökuməti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran qətnamə qəbul edərkən, senatorlar düşünmədilərmi ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürüb. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, 30 ildən də artıqdır bu istqamətdə heç bir müsbət addım atılmayıb. Hətta, Fransa Senatı ATƏT-in Minsk qrupu həmsədr dövlətlərindən birinin – Rusiya Federasiyası Prezidenti Vladimir Putinin bu yaxınlarda Ermənistanın qondarma “dqr”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırlatmasını da nəzərə almadı. V.Putin açıq şəkildə bəyan etdi ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Bütün bunlara baxmayaraq, Fransa Senatı həm ölkəsinin maraqlarına, həm də beynəlxalq hüquq normalarına zidd olan qətnamə qəbul etdi.
Bu qətnamə beynəlxalq hüquq norma və prinsiplərinin, BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə ziddiyyət təşkil edir. Fransa Senatının qəbul etdiyi qətnamədə ölkəmizin Türkiyə ilə sıx dostluq və qardaşlıq münasibətlərinin də düşmənlərə ciddi təsir etdiyi özünü açıq şəkildə büruzə verir. Sənədin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birliyi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox yer alır.
Yalan, böhtan və iftira üzərində qurulmuş qətnamədə qeyd edilir ki, erməni mədəni irsi Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupu tərəfindən qorunmalıdır. Bu da növbəti uydurma. Çünki erməni mədəni irsinin heç bir nümunəsi məhv edilməyib. Bunu təsdiqləyən heç bir fakt yoxdur. Ancaq Azərbaycanın mədəni irsi ermənilər tərəfindən yerlə -yeksan edilib. Prezident İlham Əliyev Fransa Prezidenti Makronla danışanda da bu məsələni xüsusilə diqqətə çatdırdı. Qətnamədə Gəncə əvəzinə, Kirovabad yazılması bir daha Azərbaycana qarşı onların necə qərəzli, ümumilikdə, münaqişənin tarixindən, baş verən hadisələrdən bixəbər olduqlarını təsdiqləyir.
Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri
Köhnə versiyamızdan xəbərləri izlə