Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“France-24” kanalı Füzulidən reportaj hazırlayıb

“France-24” kanalı Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, kana­lın Füzuliyə ezam olunmuş müxbiri ətrafda boş, kədərli, müharibə dağın­tıları ilə dolu mənzərənin göründüyü­nü deyir. O bildirir ki, ətrafda minalar, tərk edilmiş kazarma, yol boyunca erməni tankları var. Hər tərəfdə döyüş izləri, döyüş texnikası görünür. Onlar­dan bəziləri təzə, bəziləri isə əvvəlki döyüşlərdən qalanlardır.

Bildirilir ki, erməni silahlı qüvvələri Füzuli rayonunu işğal etməmişdən əvvəl burada 200 minə yaxın azərbaycanlı yaşayıb.

Reportajda Füzuli azad olunandan sonra doğma yurdlarına gedən rayon sakinlərinin fikirlərinə də yer verilib.

Füzuli sakini Hafiz Tahirov rayona gəldiyini və dağıntılarla rastlaşdığını, ermənilərin hər tərəfi minaladığını bildirir.

Rayonun digər sakini Ramilə Məmmədova deyir: “Bura mənim atamın evi olub. İndi heç nə yoxdur. Erməni vandallarının bizə qarşı bu vəhşiliyini heç vaxt unuda bilmərik. Gənc nəslə nə isə deməyə ehtiyac yoxdur. Onlar hər şeyi özləri görür. Bunları unutmaq olmaz”.

Reportajda qeyd edilir ki, 1988-1994-cü illər müharibəsi nəticəsində Füzuli rayonunun mərkəzi ruhlar şəhərinə çevrilib. Ona görə də indi Füzulinin bərpası üçün vaxt lazım­dır.

Reportajda o da vurğulanır ki, Azərbaycanın müharibədə qələbəsi bu torpaqları azad etməyə imkan ver­di, ancaq insanlar buralara gələrkən doğma yurdlarının dağıntıları ilə üzləşirlər.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

27 Noyabr 2020 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə