Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özünü hüquq və demokratiyanın beşiyi sayan Fransanın beynəlxalq hüquqa zidd olan bəzi addımları barədə bir neçə söz...

Fransa Vətən müharibəsi başlayan ilk gündən ədalətsiz, qərəzli möv­qe nümayiş etdirdi, davamlı şəkildə işğalçı ölkənin haqsız mövqeyini dəstəklədi. Hətta muzdluların Azərbaycan tərəfdən döyüşlərdə iştirak etmələri kimi əsassız ittihamlar səsləndirdi.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında bəyanat imza­lanandan sonra Fransa prosesdən kənarda qaldığını müşahidə etdi və buna görə açıq da olmasa, dolayısı ilə düşməni sülhə yönəltmək əvəzinə, təxribat xarakterli addımlar atdı. Başqa cür də mümkün deyildi. Çünki Fransa vurğula­dığım kimi, müharibənin ilk günlərindən ədalətsiz və qərəzli mövqe nümayiş etdirirdi, müxtəlif vasitələrlə işğalçını dəstəkləyir, açıq-aydın tərəf saxlayırdı. Belə halda isə təbii ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin tənzimlənməsində iştirak edə bilməzdi.

Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi vaxtilə neytral mövqe nümayiş etdirməyi öhdəsinə götürən Fransa hazırda tam ermənipərəst mövqe tutaraq, Azərbaycana qarşı yönələn işğalçılıq faktını dəstəkləyir. Noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınma­sının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim edilməsi, layihənin cəmi bir neçə gün sonra – noyabrın 25-də tələsik for­mada Senat tərəfindən müzakirəyə çıxarılaraq, qəbul olunması da bunun bariz ifadəsidir.

Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir.

Burada onu da xatırlatmaq istərdim ki, Fransa Senatında qondarma rejimlə diplo­matik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox, 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə tarixə düşdü. Belə ki, çıxışlardan aydın oldu ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbərləri belə yoxdur. Bəzi senatorların militarist bəyanatlarını başqa cür də izah etmək mümkün deyil. Məsələn, senator Stefan Ravienin “Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır” kimi fikri heç bir məntiqə, sülh, əmin-amanlıq çağırışına uyğun gəlmir.

Bu məsələdə ən çox təəccüb doğuran məqamlardan biri isə odur ki, Dağlıq Qara­bağ münaqişəsinin mahiyyəti haqqında heç bir təsəvvürü, bilgisi olmayan, Ermənistanın işğalçılıq siyasətinə, necə deyərlər, əhəmiyyət verməyən senatorlar səsvermədə fəal iş­tirak ediblər. Bu isə sözügedən təxribatın əvvəlcədən planlaşdırılmasından xəbər verir.

Onu da qeyd etmək istərdim ki, layihəninin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Bu, onu göstərir ki, həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır.

Amma onu da unutmayaq ki, Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyənləşdirir. Çünki Senatın qərarları tövsiyə xarakteri daşıyır. Amma bu sənədin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı vardır. Senatın belə bir qətnamə qəbul etməsi, Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən Fransanın tarixinə qara səhifə kimi həkk olunur.

Yeri gəlmişkən, xatırladım ki, Azərbaycanın Fransadakı səfiri qətnamənin səsverməsindən bir gün əvvəl Senatın dinləmə proseduralarına uyğun olaraq, Senat üzvləri qarşısında çıxış edərək, qətnamə təklifi ilə bağlı, burada əksini tapan birtərəfli və həqiqətə uyğun gəlməyən məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər.

Şübhəsiz ki, vasitəçi mandatı daşıyan bir ölkədə Senatın belə bir qətnamə ilə çıxış etməsi Fransanın bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyini də formalaşdırır.

Fransanın Xarici İşlər Nazirliyi yanın­da parlament məsələləri üzrə dövlət katibi Jan Batist Löman da sənədin Fransanın dövlət mənafeyinə, ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun olmadığını etiraf edib.

Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Bu, adi kağız parça­sından başqa bir şey deyil. Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycanın Ordusunu öz ərazilərindən çıxarılmasını tələb edə bilməz.

Sirr deyil ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirib.

Senatın Ermənistan silahlı qüvvələri sıra­larında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə isə heç bir münasibət bildirməməsi haqlı suallar doğurur. Eyni zamanda, qətnamənin mətnində münaqişənin bütün tarixi, siyasi və hüquqi aspektlərinin bilərəkdən təhrif edilməsi də bu ölkənin Azərbaycanın haqlı mübarizəsinə qərəzli yanaşmadan xəbər verir.

Sonda bildirmək istərdim ki, hələ bir neçə il əvvəl Senat demək olar ki, eyni mətni Fələstinə münasibətdə qəbul etmişdi. Bu dəfə isə həmin plagiat mətn indi xırda dəyişikliklərlə Azərbaycana qarşı yönəldildi.

Beləliklə, Fransa Senatı məlum qətnaməni qəbul etməklə Minsk qrupunun fəaliyyətinə ağır zərbə vurdu, bu ölkənin Minsk qrupunda­kı fəaliyyətini kölgə altına aldı. Xüsusilə də, Azərbaycanın Minsk qrupunun həmsədri kimi Fransanın tərəfsizliyinə inamı ciddi şəkildə sarsıldı. Deməli, vasitəçiyə inam yoxdursa, o artıq bu missiyanı daşıya bilməz.

Rəşad MAHMUDOV, Milli Məclisin deputatı

27 Noyabr 2020 23:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə