Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu

Fransa unitar dövlətdir. 1958-ci ildə qəbul edilmiş konstitusiyasında təsbit olunan aparıcı postulat “vahid və bölünməz Fransa”dır. Bu prinsipin qarantı statusunda Fransa prezidenti çıxış edir. Ölkənin təhlükəsizlik və müdafiə məsələləri üzrə “yol xəritəsi” hesab olunan “Ağ kitab”da həmin prinsipin pozulması təhlükəsi yarandıqda hərbi qüvvə tətbiqi zəruri addım kimi nəzərdə tutulur. Eyni məntiqlə, Fransada etnik - milli mənsubiyyətə görə inzibati-ərazi bölgüsü yoxdur. “Millət” və “vətəndaş” məfhumları eyni məzmun kəsb edir. Fransanın 22 regionu, 96 departamenti və 36 min 365 kommunasında yaşayan müxtəlif etnosla­rın daşıyıcıları milli identiklik baxımından yalnız fransız hesab olunurlar.

Başqa sözlə, 9,6 milyon əhalisi olan Paris və ya 1,6 milyon sakini olan Marsel şəhərləri etnik mozaika baxı­mından nə qədər rəngarəng olsalar belə, milli kimliklərini yalnız ailədaxili təmaslarda nümayiş etdirə bilərlər. Bu istiqamətdə fərqli düşüncə sepa­ratizm kimi qiymətləndirilir və adekvat sərt cəza mexanizmləri işə salınır. Bu baxımdan Fransanın Yeni Kaledoniya və Korsikada separatçı hərəkatlara qarşı qeyri-mütənasib formada tətbiq etdiyi şiddətlli cəza tədbirləri təkcə keçmiş tarixi reallıqlar deyil, müasir dövrümüzün təkzibedilməz həqiqətləridir. Deməli, Fransa dövləti üçün separatizm təhlükəsi hipotetik deyil, real məzmun kəsb edir və bu baxımdan prezident Emmanuel Mak­ronun bu ilin oktyabr ayında təqdim etdiyi “Separatizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin dekabrın 9-da ilkin olaraq, hökumətin müzakirəsinə çıxarılması barədə qərar təsadüfi addım sayılmamalıdır.

Yuxarıda sadalanan reallıq­lar və formal məntiq kontekstində qiymətləndirmə aparsaq, hasil olan qənaət ondan ibarətdir ki, Fransa Avropada, o cümlədən dünyanın istənilən nöqtəsində separatizm təhlükəsinin qarşısının alınmasının flaqmanı kimi çıxış etməlidir. Reallıqda isə Fransa Parlamentinin yuxarı pala­tasının qəbul etdiyi bədnam qətnamə özünü “demokratiyanın beşiyi” hesab edən bu dövlətdə parlamentarilərin öz ölkələrinin milli dövlətçilik maraqlarını ayaqlar altına atıb tapdadıqlarını, cılız və dar erməni mənafeyinə xidmət etdiklərini üzə çıxartdı. Belə ki, noyab­rın 25-də Fransa Senatının qəbul et­diyi “Dağlıq Qarabağ respublikası”nın tanınması zərurəti” adlı qətnamə, ilk növbədə, həmin bədnam sənədin lehinə səs vermiş 305 senatorun “əl-əli yuyar, əl də üzü” prinsipindən çıxış edərək, korrupsiyaya bulaşdığı­nı, ölkələrinin milli maraqlarına qarşı xəyanətkar mövqedə dayandıqlarını ortaya qoydu. Düzdur, sonralar 8 senator daha obyektiv mövqeyə keçsə də, vəziyyət dəyişməz qalır. Fransalı parlamentarilər, əslində, bu addımları ilə “Qərb demokratiyası”nın maska­sını çırıb, önun eybəcər sifətini bütün dünyaya nümayiş etdirdilər.

Həmin sifətə baxanda ilk görünən odur ki, Fransa məlum münaqişənin tənzimlənməsi prosesində sıravi üzv deyil, ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Beynəlxalq hü­quqa görə, həmsədr dövlət neytral, tərəfsiz, qərəzsiz və obyektiv olma­lıdır. Fransa həmsədr olduğu bütün dövrlərdə, xüsusən də 44 günlük müharibə və ondan sonrakı mərhələdə birmənalı şəkildə təcavüzkar və separatçının yanında yer aldı. Fran­sanın ali rəhbərliyi səviyyəsində bu reallıq dəfələrlə öz təsdiqini tapdı. Noyabrın 22-də və 27-də Fransadan 2 təyyarə ilə Ermənistana humanitar yardım göndərilib. Məbləğin 2 milyon dollar olduğu qeyd olunur. Aksiyanın təşkilində Fransa prezidenti Emma­nuel Makron yaxından iştirak etmiş, bu məqsədlə noyabrın 21-də müvafiq erməni fondunun təmsilçiləri ilə görüş keçirmişdir. Prinsip etibarilə, hər bir dövlətin dostu və ya müttəfiqi ola bilər. Milli səviyyədə hər bir dövlət digərinə münasibətdə rəgbətini istənilən for­mada həyata keçirməkdə sərbəstdir. Həmsədr dövlət isə bunu edə bilməz. Statusuna ziddir. Doğrudan da, Fransa Ermənistana münasibətdə sevdasını reallaşdırmaq üçün hüqu­qi məhdudiyətlərlə üzləşirsə, bunu doğuran səbəbi aradan qaldırsın, yəni Minsk qrupundan könüllü istefa versin.

Fransa unutmamalıdır ki, o, BMT TŞ-nın daimi üzvlərindən biridir. O üzvlərindən ki, 27 il öncə məlum münaqişənin həlli ilə bağlı 4 qətnamənin qəbulunun lehinə səs vermişdir. Həmin qətnamələrdə açıq mətnlə qeyd olunub ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlü­yünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını qəbul edir və təsdiqləyir. Eyni zamanda, sözügedən qətnamələrdə aydın şəkildə vurğula­nır ki, erməni silahlı birləşmələri işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır. Fransa BMT TŞ-nin daimi üzvü olaraq fərqindədir ki, bu beynəlxalq universal təşkilatın 19 fəsil 111 maddədən ibarət olan Nizamnaməsinin 5-ci fəsil 25-ci maddəsində aydın şəkildə göstərilmişdir ki, Təhlükəsizlik Şu­rasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Bəs onda özü­nü beynəlxalq hüququn əsas hamilərindən biri hesab edən Fransa nədən həmin hüquqa qarşı bu qədər hörmətsizlik edir? Necə ola bilər ki, 2011-ci ildə BMT TŞ-sı Liviyaya qarşı güc tətbiqi ilə bağlı qəbul etdiyi qətnamənin mürəkkəbi qurumamış Fransanın hərbi hava qüvvələri Tripolini bombalaya bilir, lakin 30 ilə yaxın bir müddətdə lehinə imza atdığı məlum 4 qətnamənin nəinki icrası ilə maraqlanmır, əksinə, onların həyata keçirilməsinin qarşısını almaq üçün bütün imkanlarını səfərbər edib, işğalçının və separatçının yanında yer alır. Həm də bunu utanmadan, çəkinmədən açıq şəkildə reallaşdırır.

Nəhayət, niyə bu ermənipərəst senatorlar Dağlıq Qarabağdakı separatçı rejimi tanımaqla onun legitimləşdirilməsi niyyətlərini məhz indi, Ermənistanın kapitulyasiya aktına imza atdığı, məğlub və rəzil bir vəziyyətdə olduğu zamanda həyata keçirmək istəyinə düşüblər?

Birincisi, xilaskar Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Ermənistanın quldur silahlı qüvvələrini məhv etməklə, ərazilərimizi işğaldan azad etmiş, düşmənin siyasi-hərbi rəhbərliyini dizi üstə qoymuş, biabırçı məğlubiyyət sənədinə imza atmağa məcbur etmişdir. Prezident İlham Əliyev Nikol Paşinyanın sərsəm düşüncələrinin məhsulu olan 7 şərtini rədd edərək, tarixin zibilliyinə tullamış və yeganə şərtini diktə etmişdir. Həmin şərtə görə, erməni silahlı qüvvələri konkret vaxt qrafiki müddətində işğal etdikləri ərazilərimizdən rədd olub çıxmalıdırlar. Rəzil durumda olan Nikol Paşinyan həmin şərti qəbul etmək məcburiyyətində qaldı. Artıq noyab­rın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər məlum üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq, bir güllə belə atılmadan, bir şəhid belə verilmədən düşmən tapdağından azad olmuş­dur. Dekabrın 1-də Laçın rayonu da dinc yolla azadlığına qovuşacaqdır. Bütün bu reallıqlar, şübhəsiz, Fran­sa parlamentarilərinin şəxsi maraq və ambisiyaları ilə tərs mütənasiblik kəsb etmişdir. İsti senator kreslosunda əyləşib, münaqişənin dondurulması və status-kvo vəziyyətinin qorunub sax­lanması üçün 30 il ərzində göstərdikləri izafi canfəşanlığın qarşılığında erməni lobbisi və diasporunun “ənam”ları ilə mükafatlandırılan bu senatorlar siyasi perspektivlərini milli dövlətçilik maraq­larının müdafiəsində deyil, “mədələrinin gözü” ilə müəyyən etdiklərindən heç bir vəchlə Azərbaycan Ordusunun “ildırım sürətli” müharibədə qazandığı zəfəri “həzm” edə bilmirlər. Nəticədə 25 no­yabr təxribatlarına rəvac vermiş oldular. Bu yerdə bir el misalını xatırlatmaq yerinə düşər: “Daldan atılan daş topuğa dəyər”.

Fransa senatorlarının erməni sev­dası ilə bağlı yuxarıda səsləndirdiyimiz nəzəri mülahizələri emprik yanaş­mamız ilə əsaslandırmağa çalışaq. Əvvəla, onu qeyd edək ki, hazırda Fransa parlamentində 925 deputat vardır. Aşağı palatada – Milli As­sambleyda onların sayı 577 nəfərdir. Yuxarı palatda – Senatda isə 348-ə bərabərdir. Emmanuel Makron 2017- ci ildə prezidentliyə namizədliyini irəli sürərkən, seçki platforması­nın əsas müddəlarından biri məhz parlamentarilərin say tərkibinin məhdudlaşdırılması ilə bağlı idi. O, prezident seçildikdən sonra bu istiqamətdə qanunvericilik təşəbbüsü ilə çıxış edərək istəyinə nail olmuş­dur. Belə ki, 2022-ci ildə keçiriləcək parlament seçkilərinin (həm də prezi­dent) nəticəsi olaraq aşağı palatada daha 577 deyil, 404 deputat, yuxarı palatda isə 348 deyil, 244 senator təmsil olunacaq. Başqa sözlə, növbəti parlamentdə 104 senator yeri ixtisara düşəcək. Deməli, senator seçilmək uğrunda mübarizə daha çətin və mürəkkəb prosesə çevriləcəkdir. Belə vəziyyətdə Fransanın geniş təsir imkanlarına malik erməni diaspor və lobbisinin hüsn - rəğbətini qazanmaq və yenidən senator olmaq arzusuna düşən indiki senatorlar üçün xüsusi əhəmiyət kəsb edir. Demək, Fransanın dövlət maraqları deyil, dar erməni ma­raqlarının təminatı naminə “ermənidən çox erməni olmağı” bacaran fransızla­rın yenidən parlamentari olmaq şans­ları xeyli dərəcədə artmış olur. Bəli, fransız senatorların, necə deyərlər, “dərdi varmış...”

Elman NƏSİROV,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

27 Noyabr 2020 23:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə