Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir”

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diaspo­runun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də həmin qətnamə müzakirə edilərək qəbul olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, erməni lobbisinin təsiri altında qəbul edilən qətnamə həm də regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir:

“Əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət part­nyorudur. Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına düşür. Yəni Ermənistan və Gürcüs­tanın Fransa ilə cəmi ticarət həcmi Azərbaycanın Fransa ilə ticarət dövriyyəsindən iki dəfə azdır. 2019-cu ilin məlumatına əsasən Azərbaycanın Fransaya ixracı 537 milyon ABŞ dolları, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon ABŞ dolları olub. Müqayisə üçün deyək ki, Ermənistanın 2019-cu ildə Fran­saya ixracı cəmi 8,72 milyon ABŞ dolları, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon ABŞ dolları olub. Azərbaycan Fransaya ixracın həcminə görə Ermənistanı 62 dəfə, Fransadan idxalın həcminə görə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm və ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni hava­darlığını üstün tutur”.

V.Qasımlı qeyd edib ki, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malik olub: “2019-cu ildə Azərbaycandan Fran­saya ixrac ötən ilə nisbətən 21,5 faiz, idxal isə 37 faiz artıb. Fransa Azərbaycanın ixrac etdiyi ölkələr sıra­sında 4 faiz payla 11-ci yer, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Azərbaycanın 2019-cu ildə Fransa­dan idxal elədiyi məhsullara qatarlar, dəmir yolu və metro avadanlıqları, efir yağları, ətir və kosmetik vasitələr, dərman preparatları, nüvə reaktorla­rı, elektrik avadanlıqları, avtomobil, mebel, işıqlandırma məhsulları və s. aiddir. Fransa Senatı erməni lobbisi­nin təsiri altında qəbul etdiyi qərarla öz şirkətlərinin Azərbaycandakı mövqelərini zəiflədir. Həm də Azərbaycan bazarında illik 200-300 milyon dollar mal satan, milyardlarla dollar tenderlərdə iştirak edən Fransa şirkətlərinin verdikləri verginin hesa­bına həmin senatorlar maaş alırlar. Belə çıxır ki, Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur. 10 milyonluq Azərbaycan və 83 milyon­luq Türkiyə istehlak bazarlarında Fransa şirkətlərinə çətinlik yaradan senatorları başa düşmək çətindir. Azərbaycan bazarında məhsul satan fransız mənşəli şirkətlər - Michelin, Renault, Citroen, Peugeot, Tefal, Loreal, Dior, Lancome, YvesSaintLa­urent, Louis Vuitton, Lacoste, Chloe, Chanel, Nina Ricci, Cartier, Givenchy, Garnier, Danone, Activia, President, Perrier, Evian, Elle&Ville, Doux kimi biznes strukturları gərək Senatı başa salsınlar ki, bu şirkətlər Fran­sa büdcəsinə vergini öz ölkələrinin milli maraqları üçün ödəyirlər, erməni təəssübkeşliyi üçün yox”.

Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan həm də Cənubi Qafqaz­da fransız sərmayələrini ən çox cəlb edən ölkədir: “Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri enerji (Total), nəqliyyat (Alstom, Thales, Iveco, Systra), ətraf mühit (Suez CNIM), kənd təsərrüfatı və qida (Lactalis, Danone), otel biznesi (ACCOR), bankçılıq (Societe Generale), avi­asiya və kosmik sənaye (Airbus, Thales) kimi mühüm sahələrdə fəaliyyət göstərirlər. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Fransız şirkətləri 1995-2019-cu illər arasında Azərbaycan iqtisadiy­yatına 2,2 milyard dollar sərmayə qo­yub, bunun 2 milyard dolları neft sek­toruna, 194,1 milyon dolları qeyri-neft sənayesinə yönəldilib. Azərbaycanın Fransaya investisiyalarının həcmi 224,7 milyon ABŞ dolları təşkil edib. 2004-2018-ci illərdə Fransız şirkətləri ölkəmizə aid 2,3 milyard ABŞ dolları həcmində sifarişləri yerinə yetirib. Fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə ma­raqlıdırlar. Xüsusən də Azərbaycanda post-konflikt quruculuğunda Fransa şirkətləri böyük potensiala malik olduğu halda, Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər də Fransa ictimaiyyətinə, parlamentarlara və hökumətə izah etsinlər ki, aşırı erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqla­rına sarsıdıcı zərbələr endirir”.

Mərkəz rəhbəri daha sonra bildirib ki, Fransanın Total şirkəti Bakı-Tbi­lisi-Ceyhan (BTC) layihəsində 5% və Abşeron offshore ərazisində 50% paya sahibdir: “Fransanın Total şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır və raket hücumları təşkil edir. Bəlkə Total şirkəti Fransa parlamentinə və hökumətinə bunu izah etsin ki, Fransanın Azərbaycandakı çoxmilyardlı sərmayə qoyuluşları Ermənistan tərəfindən təhdid olunur. Bu ilin iyulunda Ermənistan Tovuz bölgəsində təkcə Azərbaycana deyil, həm də Totalın payçı olduğu Bakı- Tbilisi-Ceyhan layihəsinə hücum etmişdi. Azərbaycan təkcə öz ərazi bütövlüyünü deyil, həm də Avropa­nın enerji və nəqliyyat təhlükəsizliyi üçün əhəmiyyətli olan infrastrukturu da erməni faşizmindən qoruyur. Bunun müqabilindəmi Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edir? Fransa özünü Avropanın siyasi lideri kimi təqdim etməyə çalışdığı halda, Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol alan Azərbaycanı niyə özündən narazı salır? Cənubi Qafqazda gərginlik yaratmaq Fransanın və Avropanın həyati maraqlarına ziddir.

Fransa Senatının qərarı hüquqi gücə və real təsir imkanına malik olmamaqla, Fransanın milli maraqları­nın əleyhinədir. Əgər Fransa regi­onda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın geost­rateji oyunçusu olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir. Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas qarantıdır. Fransanın bu bölgədəki maraq­ları da sülh və təhlükəsizlikdirsə, Azərbaycanla əməkdaşlıq yeganə yoldur. Əks təqdirdə itirən Fransa olacaqdır. Fransa öz milli maraqla­rını erməni havadarlığına qurban verməməlidir”.

27 Noyabr 2020 23:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə