Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki əsrlik erməni xəyanətinin sonu

Professor Şahlar Əsgərov doğma rayonu Kəlbəcərin işğal­dan azad olunması münasibətilə təəssüratlarını bu sözlərlə başladı: “Kəlbəcərin işğaldan azad olunmasının anonsunu Prezident Heydər Əliyev 1996-cı ildə kəlbəcərlilərlə görüşəndə vermişdi: “Şübhəsiz, vaxt gələcək Kəlbəcər ermənilərin işğa­lından azad ediləcək. Onda bizim həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar”.

O vaxt öz vətənində məcburi köçkün taleyi yaşayan kəlbəcərli şair Sücayət ulu öndərin həmyerlilərində ya­ratdığı doğma yurda qayıtmaq inamını öz şeirində belə ifadə etmişdi: “Bir gün gələcək ki, gülə-gülə qayıdacaq, ağ­laya-ağlaya çıxan Kəlbəcər”. Bəhmən Vətənoğlunun şeirində isə belə bir göynərtili bənd var idi: “Kəpəzdən bir çəngə bulud boylandı, Kəlbəcər yadıma düşdü, darıxdım”. Tanınmış el şairləri arzu etdikləri bu günü görə bilmədilər. Bizim bir çox şairlərimiz, söz adamlarımız da Kəlbəcərin dərdi ilə yaşayıb, dünyadan nisgillə köçdülər.

Qələbə sevincinin xoşbəxtliyini yaşadığımız bir vaxtda Qarabağı qu­duz işğalçılardan azad etmiş qalib Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna bütün varlığımızla sonsuz minnətdarlığımızı və ehtiramımızı bildiririk. Azərbaycanın başdan-başa toy-bayram əhvalı yaşadığı günlərdə böyük Qələbəmizin bütün şahidlərinə, öz yurduna dönmək imkanı qazanmış məcburi köçkünlərə gözaydınlığı verirəm. Allah müqəddəs Vətən savaşında əbədiyyətə qovu­şan şəhidlərimizə və Qarabağ dərdi ilə dünyadan köçən soydaşlarımıza rəhmət eləsin.

Kəlbəcərdə doğulub-böyümüş bir ziyalı olaraq, doğma rayonumun işğaldan tam azad edildiyi gündə sevinc və öyüncümü soydaşla­rımla paylaşdığım məqamda mən Qarabağla bağlı bir neçə məqama toxunmaq istəyirəm. Birincisi ondan ibarətdir ki, Rusiya prezidenti Vladimir Putin bəzi ermənipərəst dairələrin Qarabağ seperatçılarını dəstəkləmək çağırışlarına cavab olaraq qəti şəkildə bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır.

Bununla Rusiyanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə “Valday” görüşündə onun iştirak etdiyi konfransda söylədiyi və o vaxtdan dillər əzbəri olmuş “Qara­bağ Azərbaycandır. Nida!” hökmünü təsdiqləmiş oldu. Yeri gəlmişkən deyim ki, ermənipərəst Fransa prezidenti Emmanuel Makron da Azərbaycanın sərt təpkisindən sonra “Qarabağ Azərbaycan ərazisidir” deməyə məcbur oldu.

“Bu etiraflara mən ona görə çox sevindim ki, Qarabağa düyünü vuran elə çar Rusiyası, bu düyünü sonralar bir az da dolaşdıran Fransa olub”--deyən tanınmış ziyalımız açıqlaması­nın davamında söylədi:

– Çinlilərin yaxşı bir misalı var: “düyünü vuran özü açmalıdır”. Putin də dedi ki, Qarabağ Azərbaycanındır və deməli düyünü açdı. Düyün ondan ibarət idi ki, 2 əsr qabaq çar Rusiyası Cənubi Qafqazı işğal edəndə Qara­bağa, Zəngəzura, Göyçəyə “erməni məsələsi” toxumu əkmişdi. Yersiz gəldi, yerli qaç” məsəli də o zaman­lar yaranmışdı. Ermənilərin arxa­sında ruslar durduğuna görə onlar həyasızlaşırdılar və deyirdilər ki, “qoy özümə yer edim, görərsiniz başınıza nə oyun açacam”.

O zaman azərbaycanlılar bu yerlərdə üstün mövqedə idilər, at belində gəzirdilər, idarəçi idilər. Fəlsəfi dillə desək, azərbaycanlılar Cənubi Qafqazda gedən proseslərin subyekti idilər. Ermənilər isə bu proseslərin passiv tərəfi, obyekti idilər. Onlar dədə-babalarımızın qapısında nökərçilik edirdilər. Bu durum nə çar Rusiyasının, nə də onu əvəzləmiş qanlı Lenin rejiminin xo­şuna gəlmişdi. Bolşeviklər atalarının Azərbaycan torpaqlarına gətirdikləri ermənilərə tarixi torpaqlarımızda bir respublika, bir muxtar vilayət yarat­dılar.

Ermənilər azərbaycanlılara qarşı 2 əsr bəsləndi. Onlardan torpaq vergisi alınmadı, uşaqlarını əsgər aparıb si­lahdan istifadəni öyrətdilər, gənclərinə yüksək təhsil və hər yerdə imkanlı vəzifə verdilər. Bütün bunların hamısı Azərbaycanın payından kəsilib verilir­di. Ermənilərə bir üstünlük də veril­mişdi-- bu yalan danışmaq hüququ idi. Ermənilər bu hüquqla istədikləri qədər yalan düzüb-qoşdular, saxta tarix yazdılar. Bu yalan və əsassız iddialarla onlar indiki Qarabağ münaqişəsinə gəlib çıxdılar və silahlı basqı ilə torpaqlarımızı işğal etdilər.

Professor Şahlar Əsgərov sonda dedi:

– 2020-ci il sentyabrın 27-dən sonra 2 əsrlik haqsızlıq, vəhşilik və işğalçı təcavüzün yekununda baş verən o oldu ki, Azərbaycan xalqının səbri tükəndi, qəhrəman ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və mahir sərkərdəliyi ilə quldurxislət erməniləri 2 əsrlik xəyanət və cinayətlərinin zirvəsindən ayaqları altına saldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, ermənilərin havadarları onları Azərbaycanın verdiyi haqlı cəzadan xilas edə bilmədilər. Ermənilər uy­durduqları yalanların və törətdikləri bəşəri ədalətsizliklərin layiqli cəzasını aldılar. Bizim 2 əsrdən bəri yol gələn böyük Qələbəmizin mahiyyəti bax budur”.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

27 Noyabr 2020 23:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə