Ən son xəbərlər
Ermənistanda siyasi vəziyyət artıq böhran həddinə çatıb. N.Paşinyan rejimində parçalanma açıq-aydın nəzərə çarpır. İqtidarın istefasını tələb edənlərin sayı da sürətlə artır. Ölkə müxalifətinin keçirdiyi etiraz aksiyaları hakimiyyətin dayaqlarının xeyli laxladığını göstərir. Buna paralel olaraq Ermənistanın həyata keçirdiyi xarici siyasətin gətirdiyi uğursuzluqlar bu ölkəyə xaricdən, həmçinin erməni lobbisi tərəfindən edilən təzyiqləri daha da gücləndirir.
Düşmən ölkənin mövcud durumu N.Paşinyan rejimini daim qorxu içində saxlayır. Məhz elə bunun nəticəsidir ki, müharibə başladığı 27 sentyabr tarixindən tətbiq edilən hərbi vəziyyətə xitam vermək barədə müxalifətdəki “Parlaq Ermənistan” və “Firavan Ermənistan” partiyalarının nümayəndələri təşəbbüs irəli sürsələr də, iqtidardakı “Mənim addımım” fraksiyası buna qarşı çıxıb. Nəticədə həmin təşəbbüs 36 səsə qarşı 56 səslə rədd edilib, iki nəfər isə bitərəf qalıb.
Hərbi vəziyyətə xitam vermək məsələsi baş nazir N.Paşinyanın istefasına nail olmaq səylərindən sonra irəli sürülüb. Belə ki, müxalifət N.Paşinyanı Qarabağdakı müharibəni dayandırmaq barədə birgə bəyanatı imzalamaqla Ermənistanın mənafeyini qorumamaqda ittiham edir, eyni zamanda, ölkədə hərbi vəziyyətin saxlanılmasını hakimiyyətin siyasi ömrünü uzatmaq üçün bir hiylə olduğuna inanır. Müxalifət, həmçinin iqtidar komandasının bunu ehtiyac yaranarsa, sürətli cavab vermək üçün bir fürsət kimi qəbul etdiyini vurğulayır.
Hakim “Mənim addımım” blokunun üzvü Ovannes İqityan hərbi vəziyyət rejiminin uzadılmasını Ermənistanın üzərində Türkiyə təhlükəsinin dolaşması ilə izah edir: “Ordumuz döyüş hazırlığı vəziyyətində olmalıdır ki, pozuntu halında dərhal reaksiya verə bilsin”.
Müxalifətdə olan “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zohrabyan hakim blokun millət vəkilinə sərt cavab verib: “Düşmən bizi eşitdiyinə görə” “təslim olmaq” sözünü istifadə etmədiyinizi söyləyirsiniz. Sən “Artsax”ın türklər qarşısında diz çökdüyünü bilmirsən?”
O, daha sonra qeyd edib ki, təhlükə hər zaman Ermənistanın üzərində qalacaq, amma bu, hərbi vəziyyət rejimini qorumaq lazım olduğu anlamına gəlmir.
“Çiçəklənən Ermənistan” fraksiyasından deputat seçilən Gevorq Petrosyan bəyan edib ki, hakimiyyət hərbi vəziyyət rejiminin qorunması zərurətinin lehinə bircə dəlil də gətirməyib: “Hamımız başa düşürük ki, hərbi vəziyyətin uzadılması hökumətin ömrünü uzatmaq üçün bir hiylədir”. O, N.Paşinyanı gecikmədən istefa etməyə çağırıb.
Hökumətin iclasında N.Paşinyan isə şəxsən özünün baş verənlərə görə cavabdeh olduğunu bildirib, eyni zamanda, ölkənin gələcəyi üçün cavabdehlik daşıdığını da diqqətə çatdırıb. Bu səbəbdən də o, istefa verməyəcəyini və gələcəyin qurulması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu deyib.
Baş nazir ölkədə davam edən etirazlara rəğmən, müxalifət tərəfindən edilən çağırışların Ermənistan cəmiyyətində geniş dəstək almadığını bildirib. O, mövcud vəziyyətdən çoxlarının, hətta özünün də xoşlanmadığını, lakin başqa bir seçimin qalmadığını bildirib: "Düzü, mən də vəziyyətdən o qədər razı deyiləm, hamımız narazıyıq. Ancaq hansı alternativlərimiz olduğunu anlamalıyıq. Vəziyyəti daha da pisləşdirməməyə, sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq. Erməni cəmiyyəti təslimolma aktının imzalandığı situasiyada bizim üçün daha yaxşı real alternativin olmadığı ilə razılaşır. Fikrimcə, bu, imzalanmış sənəd erməni cəmiyyətində anlayışla qarşılanmasıdır”.
Rəqibləri tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi çağrışlarına gəlincə, N.Paşinyan ölkənin digər vəzifələrə, ilk növbədə, siyasi və iqtisadi sabitliyin və təhlükəsizliyin bərpasına yönəlməsinə ehtiyacın olduğunu vurğulayıb: "İndi Ermənistan hökumətinin və bütün siyasi qüvvələrin əsas vəzifəsi ölkədə tam sabitliyi və təhlükəsizliyi bərpa etmək olmalıdır. Mən yalnız daxili təhlükəsizliyi deyil, həm də xarici tərəfi nəzərdə tuturam. Altı aylıq dövr üçün bir yol xəritəsi dərc etdim və bu müddət ərzində vəziyyəti sabitləşdirmək üçün işləyəcəyik. Bundan sonra növbəti addımlar barədə qərar verəcəyik”.
Beləliklə, Ermənistanın baş naziri məğlubiyyətini etiraf etmək əvəzinə, hamını günahlandırır, əvəzində isə onsuz ölkənin məhvə məhkum olacağını bildirir. Parlamentdə Ermənistandakı hərbi vəziyyətin aradan qaldırılması məsələsinin müzakirəsində çıxış edən “İşıqlı Ermənistan” partiyasının sədri Gevorq Qarqisyan istehza ilə bildirib ki, N.Paşinyana görə, silahlı qüvvələr, Milli Təhlükəsizlik Xidməti, parlament və digər dövlət qurumları Ermənistanın məğlubiyyətinin günahkarlarıdır. Yalnız bir nəfər təqsirkar deyil, o da N.Paşinyanın özüdür. Bu, gülüncdür. Əslində isə məğlubiyyətimizdə başlıca günahkar indiki baş nazirdir.
Deputat bildirib ki, Paşinyan bu qədər uğursuzluqdan sonra yenə də hakimiyyətdə qalmağa çalışır. Lakin o, uzaqgörənlik nümayiş etdirərək istefaya getməli, erməni xalqının və dövlətinin düşdüyü bu ağır vəziyyətdən çıxmasına imkan verməlidir.
Dünən isə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” və “Vətən” partiyalarının liderləri – Qaqik Çarukyan, İşxan Saqatelyan və Artur Vanetsyan ilə görüşüb. Görüş zamanı ölkədəki vəziyyət müzakirə edilib. İştirakçılar tərəfindən ölkədə sabitliyin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.
Erməni mətbuatının yazdığına görə, iki il yarımdır ki, baş nazir N.Paşinyanın bəzi anti-konstitusiya addımlarını görməzdən gələn Ermənistan Prezidenti Armen Sərkisyan da artıq yeni “oyuna” başlayıb. Qeyd edilir ki, bir neçə gün bundan əvvəl A.Sərkisyan N.Paşinyanın istefa tələbini səsləndirməklə əslində xalqın əhval-ruhiyyəsini araşdırmaq məqsədi güdüb. Bundan başqa KİV-də prezidentin mövcud reallıqlardan üzüağ çıxmaq, həmçinin qarşıdakı parlament seçkilərinə qatılmaq, qalib gəlmək və komandasını erməni parlamentinə daxil etmək kimi niyyətləri olduğu iddia edilib.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə