Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad olunmuş ərazilərin bərpası planlı şəkildə həllini tapacaq

Azərbaycanın işğaldan azad olunmuş əraziləri tamamilə bərpa ediləcək. Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev özünün son vaxtlardakı çıxışlarında dəfələrlə bəyan edib. Elə noyabrın 23-də dövlət başçısı və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən də bu məsələyə toxunuldu. Əslində, bərpa proseslərinə – Şuşaya avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu istiqamətdə ilk sərəncam da verilib. Bu barədə danışan tibb elmləri doktoru, Əməkdar həkim Rəfayıl Eyvazov bildirdi:

– Azərbaycan Prezidenti İlham Əliyev son günlər işğaldan azad olunmuş ərzilərimizə səfər edərək, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə çatdırır, həm də xalqımıza bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir. Dövlət başçısı 27 ildən sonra işğaldan azad olunmuş Ağdamda dövlət bayrağımızın qürurla dalğalandığını, bu görüntüləri hər bir azərbaycanlının böyük sevinclə izlədiyini bildirdi.

Erməni barbarlığının canlı şahidi olan ərazilərimizin bərpası haqqında Prezident Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində də geniş söhbət açdı. Onun dediyinə görə, işğal edilmiş rayonlar arasında əhalisinin sayına görə Ağdam ən böyüyüdür. İşğaldan əvvəl rayon­da 143 min insan yaşayıb. Hazırda onların sayı 204 mindir. Rayon ərazisinin 73 faizi işğal altında olub. Azərbaycanın nəzarətində olan ərazilərdə son illərdə böyük quruculuq, abadlıq işləri aparılıb. Quzanlı kəndi Ağdamın mərkəzinə çevrilib.

Prezident dedi: “İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağı­dılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb…Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaq­ları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu tor­paqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsın­lar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar. Biz Ağdam şəhərini də bərpa edəcəyik”.

Dövlət başçısı onu da bildirdi ki, əslində, bərpa işlərinə artıq start verilib. Füzulidən Şu­şaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondun­dan ilkin olaraq 50 milyon manat vəsait ayrılıb. Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş verilib ki, bu işə bir neçə şirkət cəlb edilsin ki, vaxt itirmədən, qısa müddət ərzində yol çəkilsin.

Bundan əlavə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasi­yalar, o cümlədən, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu müəyyən müddətdən sonra açılacaq. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar da gələcəkdə açılacaq və bölgədə uzunmüddətli sülhə öz töhfəsini verəcək.

İndi Prezident qəti şəkildə öz mövqeyini or­taya qoyub: bərpa işləri planlı şəkildə öz həllini tapmalıdır: “Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonla­rın sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

27 Noyabr 2020 23:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə