Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusa yoluxmamaq üçün qorunmağa çalışmalıyıq

COVID – 19 - un yüksək risk qrupuna daxil olan yaşlıların qidalanması və immunitetin gücləndirilməsi ilə əlaqədar söz açan mütəxəssislər bildirirlər ki, payız – qış mövsümündə respirator xəstəliklərin artacağı əvvəlcədən proqnozlaşdırıldığı kimi, yeni növ koronavirusa yoluxanların sayında da artım olacağı gözlənilən idi. Lakin bunu hər kəs bilməlidir ki, COVID – 19 - dan müalicə olunmaq, ondan qorunmaqdan daha çətindir. Ona görə də, ilk növbədə, xəstəliyə yoluxmaqdan özünü gözləmək lazımdır. Qorunmaq üçün lazım olan üç qızıl qaydanı isə hər kəs bilir. Məsələ burasındadır ki, bizim hər birimiz özümüz bilmədən daşıyıcı rolu oynaya bilərik və maska taxılması həm də ona görə vacibdir ki, daşıyıcı olanlar maska taxarkən daha çox ətrafdakıları qorumuş olur. Bunun özü də bir sosial məsuliyyətdir. Maska taxılmaması nəticəsində xəstəliyin daşıyıcı olaraq yaşlılara, xroniki xəstəliyi olanlara ötürülməsi mümkündür və həmin qrupa mənsub olanlar bu xəstəliyi daha ağır keçirirlər.

Bütün dünya üzrə COVID –19 pandemiyasına qarşı mübarizə ilə məşğul olan tədqiqatçı alimlər, həkim – infeksionistlər, virusoloqlar, ümumiyyətlə, mütəxəssislər həm də onu bildirirlər ki, düzgün qidalanma, normal yuxu rejimi, gigiyenik qaydalar koronavirusun müalicəsini tezləşdirən mühüm amillərdəndir. “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdı­yeva ilə söhbətimizin mövzusu koro­novirus diaqnozlu xəstələrin müalicəsi zamanı önəmli olan qidalanma rejimi, dərmanlardan istifadə, profi­laktik tədbirlər və nəhayət qorunma məsələlərini əhatə etdi. Y.Abdıyeva həqiqətən də düzgün qidalanmanın orqanizm üçün həmişə, xüsusilə də virusa qarşı mübarizə zamanı böyük önəmi olduğunu bildirdi:

– COVID –19 -a yoluxan xəstələrin sağalması prosesində qidalanma mühüm rol oynayır. İlk növbədə qida rejimi dəyişilməli və buna su ilə baş­lamaq lazımdır. Nəmli selikli qişalar virusa qarşı ilk maneədir. İçməli su minimum hər kiloqram üçün 30 -- 40 ml nisbətində və otaq temperaturun­da olmalıdır. Maye qəbuluna, eyni zamanda bitki çayları, giləmeyvə və meyvə kompotları da aiddir. İkinci vacib hal bağırsaq mikroflorasının sağlamlığıdır. İmmunitetin 80 faizi bağırsaqlarda təmin olunur. Buna görə liflərlə zəngin qidalara üstünlük vermək lazımdır. Bunlara kəpək, dənli bitkilər, tərəvəzlər aiddir. Bağırsaq mikroflorasını normallaşdırmaq üçün rasiona tərkibində inulin olan süd məhsullarını əlavə etmək vacibdir. Hüceyrə membranının sağlamlığı üçün tərkibində Omeqa --3 olan qida­lara (yumurta, balıq, fındıq, qoz, kətan toxumu və s.) üstünlük verilməlidir. Virus infeksiyalarının yayıldığı dövrdə mühüm faktorlardan biri də immuniteti gücləndirməkdir.

Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavi­rus pandemiyası zamanı düzgün bəslənmə ilə bağlı tövsiyələrini açıq­layıb. Orada ilk növbədə sağlam qi­dalanmaya keçilməsi tövsiyə olunub. Tövsiyələrdə ilk növbədə immunitetin gücləndirilməsinə yönəlmiş qidalan­maya üstünluk verilir. Vitaminlərlə və mikroelementlərlə zəngin qidalar seçilməlidir. Qida rasionuna D vitamini ilə zəngin qidalar əlavə olunmalıdır. Orqanizmdə D vitamini çatmamazlığı immunitetin zəifləməsinə səbəb olur. Yaz və yay aylarında açıq havada kifayət qədər vaxt keçirən insanlar bu vitamini lazımi qədər alırlar. Karantin dövründə bu mümkün olmadığı üçün qida ilə bu vitamini almağa çalışmaq lazımdır. Buna “günəş vitamini” də deyilir və digər vitaminlərlə birlikdə vücudumuzda mövcud pandemiya zamanı xüsusilə vacib olan infeksiya­larla mübarizə aparmağa kömək edir. Koronavirus epidemiyası başlamaz­dan əvvəl ingilislərə də qış aylarında (oktyabr -- mart) və ya il boyu küçədə kifayət qədər vaxt sərf etmədikləri təqdirdə gündə 10 mkq (mikroqram) D vitamini qəbul etmələri tövsiyə edilirdi. D vitamininin immunitetə təsirindən başqa depressiya ilə mübarizədə də mühüm rol oynadığı bildirilir. D vitamini yumurta, müxtəlif növ balıq məhsullarında, göbələk, süd və süd məhsullarında, taxıl məhsullarında və s. qidalarda zəngindir.

– Vitamin qəbulu ilə birlikdə hansı qidaların qəbulu tövsiyə edilir?

– D vitaminindən başqa lazımi miqdarda digər vitaminləri ( A, E, C və s.) qəbul etmək üçün rasionu meyvə və tərəvəzlərlə zənginləşdirmək lazımdır. Xüsusilə tərkibində C vita­mini zəngin olan qidaları (C vitamini ilə zəngin meyvə və tərərvəzlər) rasiona əlavə etmək vacibdir. Bu dövrdə orqanizm üçün vacib olan qida maddələrindən biri də zülallardır. Zulallar əsasən ət və ət məhsullarının tərkibində zəngindir. Amma orqanizm üçün yalnız heyvani zülallar deyil, bitki mənşəli zülallar da vacibdir. Ona görə də qida rasionuna bitki mənşəli zülallar da (dənli və paxlalı bitkilər) əlavə olunmalıdır.

Bu dövrdə yağların qəbulu da mühümdür, xüsusilə kərə yağı. Qaz mübadiləsinin baş verdiyi ağciyərlərin ən kiçik struktur komponentləri --al­veolaların daxili xüsusi bir səthi aktiv maddə olan surfaktant ilə örtülmüş­dür. Alveolları baloncuqlar şəklində dəstəkləyir və "çökməyə" imkan vermir. Alveoldan qana oksigenin daxil olmasını sürətləndirir. Surfaktan­tın tərkibi 90 faiz yağlardan , 10 faiz zülal və karbohidratlardan ibarətdir. Qidada yağın miqdarı az olarsa, sur­faktant sintezi zəifləyir. Oksigen zəif udulur və hipoksiya baş verir. Eyni zamanda təbii antiseptik adlandırılan soğan, sarımsaq, zəncəfil kimi qida məhsullarından istifadə olunması məsləhət görülür. Soğanın və sarım­sağın tərkibində olan allin adlanan bir maddə vardır kı, kəsildikdə və əzildikdə allisin adlanan təbii antseptik adlanan maddəyə çevrilir.

– Müalicə müddətində və ya yoluxmadan öncə menyudan hansı qidaların çıxarılması tövsiyə olunur.

– ÜST orqanizmdə enerjinin, əhval - ruhiyyənin azalmasına, immunitetin zəifləməsinə və depressiv vəziyyətə səbəb olan sadə karbohidratların istifadəsindən imtina etməyi tövsiyə edir. Bunlara birinci növ buğda unu, ağ şəkər, qlükoza və meyvə sirop­ları, tərkibində fruktoza olan bütün məhsullar aiddir. Eyni zamanda immunitetə mənfi təsir göstərən zərərli adətlərdən (siqaretçəkmə, alkoqoldan sui istifadə, qəlyan və s) imtina etmək lazımdır.

Gigiyena qaydalarına və qidalan­ma rejiminə düzgün əməl olunarsa, xəstəliklə mübarizə aparmaq daha asan olacaq.

– Xəstəliyə yoluxmamaq üçün immuniteti gücləndirmək vacib olduğu qədər xəstələrin müalicəsi üçün dərmanların seçilməsi də etibarlı və önəmli faktordur. Bu günlərdə virusla mübarizədə özünümüalicə, antibiotiklərdən istifadə və digər müalicə üsulları ilə bağlı fərqli fikirlər səsləndirilir. Bu barədə nə deyərdiniz? Antiviral dərmanlar COVID – 19-un profilaktikasında kömək edirmi?

– Əvvəlcə onu demək istəyirəm ki, virusa yoluxub – yoluxmamaqdan asılı olmayaraq, kortəbii şəkildə virus əleyhinə dərmanlar qəbul etmək olmaz!

Adları indi daha çox səsləndirilən Arbidol ,Tamiflyu və s. dərmanları sağlam insanların qəbul etməsi düzgün deyil! Banqkokda keçirilən beynəlxalq konfransda yoluxu­cu xəstəliklərin müalicəsində dərmanlardan istifadə ilə bağlı tay­landlı mütəxəssis Vanphen Sutsa­maiyi deyib ki, antiviral dərmanlarla profilaktik müalicə, bir insanın COVID -- 19 virusuna yoluxmayacağına zəmanət vermir. O izah edib ki, bu cür dərmanlar insan xəstə olduqda istifadə oluna bilər: “İş ondadır ki, dərman nə qədər təsirli olursa - olsun, peyvənd deyil. Buna görə də, bir insan hələ özünü biruzə verməyən müəyyən bir virus infeksiyasını dərmanla yox edə bilməz”. Virus əleyhinə dərmanlar yalniz yoluxma olduqdan sonra effektiv ola bilər. Mütəxəssis həkimlərin fikrincə, bu, infeksiyaya qarşı qorunma səviyyəsini artıran koronavirusun qarşısının alınması üçün tövsiyələr verib: ciddi gigiyena, sabunla tez-tez əl yuma, dezinfeksiyaedici maddələrdən istifadə və tibbi maskaların istifadəsi. Ən əsası – immuniteti gücləndirmək, çünki güclü immunitetin olması bir çox, o cümlədən koronavirus infeksi­yasından qoruya bilər. Bu baxımdan immuniteti artıran xalq təbabətindən – məsələn, tərkibində vitaminlər və immunostimulyatorlar çox olan qidalar istifadə etmək tövsiyə edilir.

Tanınmış epidemiologiya və mik­robiologiya mütəxəssisi Viktor Lariçev deyib: “Hər bir virusa qarşı öz antiviral dərmanı istifadə olunmalıdır. Onları profilaktik olaraq istifadə etsəniz, sadəcə özünüzə zərər verə bilərsiniz “.

– Virusla mübarizədə ən optimal variant nəyi hesab edirsiniz?

– Koronavirusla mübarizədə ən asan və düzgün yol odur ki, qorunaq. Və qorunmaq üçün yoluxmamağa çalışmaq lazımdır. Bunun üçün də gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Əl gigiyenası qrip və koronavirus infeksiyasının yayılma­sının qarşısını almaq üçün vacib bir tədbirdir. Sabunla yuyunmaq virusları aradan qaldırır. Əllərinizi sabun və su ilə yumaq mümkün deyilsə, tərkibində spirt və ya dezinfeksiyaedici maddə olan mayelərdən və ya salfetlərdən istifadə etmək lazımdır. Bundan əlavə, unutmamalıyıq ki, otaqları havalandır­maqla yanaşı, səthlərin (masalar, qapı tutacaqları, stullar, qurğular və s.) təmizlənməsi və müntəzəm dezinfek­siya olunması, virusları aradan qaldı­rır. Virusların xəstə insandan sağlam şəxsə ötürülməsi hava damlaları (as­qıranda, öskürəndə) vasitəsilə də olur. Buna görə həkimlər xəstə ilə ən azı 1 metr məsafə saxlamağı məsləhət görürlər. Eyni zamanda sağlam həyat tərzinə (düzgün qidalanma, yuxu reji­mi və s.) diqqət edilməlidir. Bildiyimiz kimi sağlam həyat tərzi, yaxşı yuxu və qidalanma bədənin infeksiyaya qarşı müqavimətini artırır.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

27 Noyabr 2020 23:03 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə