Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa yaranmış yeni reallıqlar fonunda mövcud vəziyyətlə barışmalıdır

Sentyabrın 27-i ikinci Qarabağ müharibəsi başlayandan bəri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Fransa neytral mövqe nümayiş etdirmək əvəzinə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, işğalçı Ermənistanın maraqlarından çıxış edir və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Bu isə onun həmsədr ölkə kimi, qeyri - obyektiv və tərəfli vasitəçilik missiyasından xəbər verir. Əslində, bu cür mövqe sərgiləməklə Fransa bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində yox, əksinə,  münaqişənin yenidən alovlandırılmasında, birbaşa işğalçılığa və separatizmə dəstək verməkdə maraqlı olduğunu ortaya qoyur.

Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ respublikası”nın tanınması zərurəti” adlı qətnamə təklifi ermənipərəst, anti-Azərbaycan, anti-türk mövqeli və ruhlu senatorlar tərəfindən qəbul olunub. Bu baxımdan da Senatın beynəlxalq hüququ kobud şəkildə pozaraq, bu cür “fəallıq” göstərməsinin izahı onun ermənipərəstliyinə  sadiqliyindən başqa bir şey deyil. Senatın qərarının heç bir hüquqi qüvvəsi yoxdur, tövsiyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökümətinə təqdim olunacaq. Düşünürəm ki, hökümətin bu qərara münasibəti mənfi olacaq. Əks təqdirdə, Fransa Respublikası Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik nümayiş etdirmiş olacaq.

Bu, eyni zamanda, BMT Nizamnaməsinə, Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik statusundan irəli gələn vəzifə və öhdəliklərinə ziddir. Nəzərə alsaq ki, Fransa həm də BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin lehinə səs verib. Beynəlxalq hüquq norma və prinsiplərinə  zidd olan bu cür addımlar atmaqla, əslində, Fransa Senatı özü-özünü inkar etmiş olur. Bu da Fransanın beynəlxalq imicinə zərbədir. Bu qərarın dəstəklənəcəyi təqdirdə Fransanın Minsk qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq.

Noyabrın 10- da  Azərbaycan və Rusiya prezidenti, həmçinin Ermənistan baş nazuirinin işritakı ilə  birgə  bəyanat imzalandı. Bu bəyanata əsasən, Azərbaycan suveren hüququndan yaralanaraq öz ərazi bütövlüyün təmin edir. Ölkəmizi və onun  liderini haqq yolundan heç bir qüvvə döndərə bilməz. Bu isə bizə Fransa ilə gələcək münasibətləri yenidən nəzərdən keçirməyə əsas verəcək. Bu baxımdan da bitərəfli tanınma Fransaya heç bir fayda verməyəcək.  

Eyni zamandan, cənab Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın qərəzli mövqe nümayiş etdirən dairələrin mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduğu  planları cənab Prezident İlham Əliyev kökündən məhv etdi. Bu baxımdan da yaranmış yeni reallıqlar fonunda Fransa da mövcud vəziyyətlə barışmalı, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə yönələn addımlar atmalıdır. Görünür ki, nizamlama prosesindən kənarda qalan Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı atdıqları nəticəyönümlü addımları həzm edə bilmir.

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öz üzərinə düşən missiyanı yerinə yetirə bilmədi, bitərəflik mövqeyini qorumadı. Bu səbəbdən Fransanın bu münaqişədə heç bir rolu olmamalıdır. Təcavüzkar bir dövləti və cinayətkar bir qurumu müdafiə etmək onunla bir sırada olmaq anlamına gəlir.

Fransanın hakim  və  içtimai-siyasi dairələri başa düşməlidilər ki, güclü və iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanla əməkdaşlıq onlar üçün daha önəmlidir, nəinki yoxsul və rəzalət içində olan bir Ermənistan dövlətinin sərsəm ideyalarını müdafiə etmək.

 

Şəbnəm HƏSƏNOVA,
politoloq

27 Noyabr 2020 17:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə