Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İdarəetmədə multikultural dəyərlər” mövzusunda beynəlxalq konfrans

Azərbaycan Turizm və Menecment Universitetində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilini yüksək qiymətləndirmiş, konfransda ölkəmizin və xarici dövlətlərin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin  iştirak etdiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, bu gün multikulturalizm tolerantlığın əsas aspektlərindən biridir.

    Müasir dövrdə multilulturalizm probleminin araşdırılması böyük elmi və praktiki əhəmiyyət daşıyır. XXI əsr qlobalizasiya və inteqrasiya əsri adlandırılır. Dünyada unifikasiya prosesilə üzləşən bir sıra çoxmillətli və çoxkonfessional dövlətlər mövcuddur. Bütün vətəndaşlara bərabərhüquqlu yaşayışı təmin etmək çox mürəkkəb prosesdir. Sivil dövlətlərin qloballaşması və modernləşməsi, kommunikasiya əlaqələrinin və kütləvi informasiya vasitələrinin genişlənməsi, urbanizasiya, cəmiyyətin sosial baxımdan dəyişməsi müasir problemlərə yeni yanaşmaların yaradılmasını tələb edir. Qloballaşan dünya şəraitində insan həmişə bir çox mədəniyyətlərin astanasında dayanır. Mədəni plüralizm və mədəni dialoq müasir cəmiyyətin aktual problemlərindən biridir. Multilulturalizm hakim mədəniyyəti olmayan qlobal dünyanın bütün çağırışlarına ən ideal cavabdır. Tolerant cəmiyyətin əsas xüsusiyyəti müxtəlif mədəniyyətlərin paralel şəkildə mövcudluğudur. Belə cəmiyyətlərdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə kömək edir, bu isə mədəniyyətlərin bir-birinə nüfüz etmə prosesiylə əlaqəlidir.

         Bu gün Azərbaycanda gedən bütün proseslər əsl multikulturalizm nümunəsidir. Çoxmillətli və çoxkonfessional Azərbaycan bugün beynəlxalq aləmə uğurla inteqrasiya edir, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Ksenofobiya dövlət siyasəti olan və etnik azlıqların olmadığı monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli dövlətdir və cəmiyyətin mədəni, etnik və dini rəngarəngliyi bizim böyük sərvətimizdir. İslamofobiyanı son  həddə çatdıran Ermənistan işğal etdiyi Azərbaycan ərazilərdində bir sıra vandalizm aktları törətmişdir. Məlumdur ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan xalqına məxsus olan çoxəsrlik qədim tarixi-mədəni abidələr dağıdılaraq yer üzündən  silinmişdir, digər hissəsi isə saxtakarlıq nəticəsində erməniləşdirilmişdir. Rəsmi məlumatlara görə işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə mövcudur. Onlardan 67-i məscid, 144-ü məbəd,192-i ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub.Lakin qürürla qeyd etmək lazımdır ki, 27 sentyabrdan başlayan Vətən  müharibəsi Azərbaycan xalqının qələbəsi ilə nəticələndi. Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmən məğlub edildi. 30 ilə yaxındır ki, düşmən tapdağı altında qalan torpağlarımız, o cümlədən 300-dən çox yaşayış məntəqəsi və strateji yüksəkliklər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə  şanlı ordumuz tərəfindən azad edildi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

         Ermənistandan fərqli olaraq bu gün Multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 oktyabr 2013-cu il tarixdə keçirilən III beynəlxalq humanitar forumun açılış mərasimində qeyd etmişdir ki, “Azərbaycanda multikulturalizm dövlət siyasətidir”. Qeyd edək ki, 2016-cı il Azərbaycanda multikulturalizm ili, 2017-ci il isə islam həmrəyliyi ili kimi elan olunmuşdur.

Rektor İ.Mədətov həmçinin iştirakçıların diqqətinə çatdırdı ki, dünyanın bir çox ali təhsil müəssisəsində “Azərbaycanın multikulturalizm modeli” fənn kimi tədris planlarına daxil edilib, həmçinin Azərbaycanın ali təhsil müəssisələrində multikulturalizm məcburi fənn kimi tədris edilir.

         Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin Elm və inkişaf məsələləri üzrə prorektoru, professsor İranə Əliyeva “ Turizm və müasir dünya” mövzusunda məruzəylə çıxış etdi. O, bildirdi ki, turizm müasir dünya iqtisadiyyatının ən böyük xidmət sahələrindən birdir. Turizm sahəsi beynəlxalq aləmdə neft sektorundan sonra ən gəlirli sahə hesab olunur.  Beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycan digər sahələrdə olduğu kimi turizm sektorunu da dünya miqyasında aparıcı mövqelərdə dayanmağı hədəf qoymuşdur.

         Həmçinin Plenar iclasda ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirli “Ali təhsilin idarə edilməsi” adlı məruzəsində ali təhsilin idarə edilməsiylə bağlı bir sıra təklif və tövsiyələr irəli sürmüşdür, həmin təklif və tövsiyələr Azrbaycan Turizm və Menecment Universiteti tərəfindən Azərbaycan Respublikasının Təhsil Qanununun müvafiq bəndlərinə uyğun olaraq tövsiyə kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. N.Nəsirli tərəfindən ali təhsil sistemində təhsilin keyfiyyətinin artırılması istiqamətində bir sıra təkliflər verilmişdir.

         Daha sonra  Bolqarıstan Respublikasının Paisii Xilendarski adına Plovdiv Universitetinin dosenti Valentin Pavlov Petrusenko “Bolqarıstanda mədəniyyətlərarası və dinlərarası əhəmiyyətə malik turizm məkanları”, Rusiyanın Tomsk Dövlət Universitetinin professoru Anna Lojnikova “Müasir iqtisadiyyatda intellektual yoxsa insan kapitalı?”, Rusiyanın   Povoljsk Dövlət Texnologiya Universitetinin dosenti Svetlana Vasina “Rusiyada turizm - koronavirus pandemiyası zamanı problemlər və dəstək tədbirləri” mövzularda çıxış etdilər. Plenar iclasdan sonra konfrans 4 bölmə üzrə öz işini davam etdirdi.

         Konfrans yekun Plenar iclasla başa çatmışdır.

                  Z.BƏŞİRQIZI,

                 “Xalq qəzeti”

 

27 Noyabr 2020 15:21 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə