Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalını bir soyqırımı abidəsi kimi saxlamaq olar”

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı məhz Azərbaycan torpağında azərbaycanlılara qarşı həyata keçirildi. Xocalı soyqırımı zamanı qətlə yetirilən onlarla günahsız insanın qəbri belə olmadı. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi artıq vacib vəzifələrdən birinə çevrilib.  Bu barədə  mediaya açıqlamasında Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, Xocalı Azərbaycanın canlı soyqırımı abidəsi olacaq:

   --Xocalıya qayıtdıqdan sonra məsələyə dövlət rəhbərliyi səviyyəsində baxılacaq. Xocalı hər zaman tarixi bir yer olub, amma o soyqrımı törədilmiş, bir gecədə düşmənlər tərəfindən məhv edilmiş şəhər kimi yenidən tarixiləşdi. Biz Xocalıya qayıtdıqdan sonra orada möhtəşəm bir soyqırımı abidəsi ucaldılacaq.

    Dağıdılmış Xocalının özünü bir soyqırımı abidəsi kimi saxlamaq da mümkündür. Məsələn, indi bizə düşmən kəsilmiş Fransanın Oradur-Sur-Qlan adında bir şəhəri var. Orada almanlar İkinci Dünya müharibəsi dövründə 600-ə yaxın adamı kilisəyə yığıb yandırıblar. Hazırda şəhər tarixi abidə kompleksi kimi qorunub saxlanılır. Hesab edirəm ki, yəqin Azərbaycan dövlətinin rəhbərliyi də bu haqda addımlar atacaq. Bu, biz xocalılılar və bütün Azərbaycan xalqı tərəfinən arzuolunan təklifdir.

    Xocalı şəhidlərinin qəbirlərinin Ağdamda olduğunu diqqətə çatdıran E.Məmmədovun sözlərinə görə, əvvəllər Ağdamdan Xocalıya tərəf olan yolda Şəhidlər Xiyabanı salınmışdı: “Sonradan Ağdam təhlükə altında qalanda Bərdə istiqamətində Uzundərə adlı yerdə bu xiyaban da salındı. Bizlər 28 il sonra Ağdama gedib şəhidlərimizi ziyarət edəcəyik. Əgər ermənilər oranı da yer üzündən silməyibsə”. 

 

Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”

 

27 Noyabr 2020 11:01 -

Köhnə versiyamızdan xəbərləri izlə