Ən son xəbərlər
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 30 ildən çox davam etməsinin əsas səbəblərindən biri də erməni terroruna, barbarlığına, törətdikləri soyqırımı aktlarına və işğalçı siyasətinə beynəlxalq birliyin laqeyd münasibəti, sanksiyalar tətbiq etməməsidir. Hətta münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT – in Minsk qrupu həmsədrlərinin də 30 il ərzində Ermənistan ordusnun törətdiyi vəhşiliyə, dinc əhalini qətlə yetirməsinə, yaşayış məntəqələrini yararsız hala salmasına ciddi münasibət bildirməməsi təcavüzkarları daha da həyasızlaşdırdı.
Sentyabrın 27 – də ölkəmizə qarşı müharibəyə başlayan Ermənistan silahlı qüvvələri dinc əhalini ağır artilleriyadan, ballistik raketlərdən və qadağan olunmuş silahlardan atəşə tutanda, 94 nəfər dinc əhalini qətlə yetirəndə, 414 nəfəri yaralayanda , 3410 yaşayış evini, həmçinin 512 mülki obyekti, 120 çoxmənzilli yaşayış binasını yararsız hala salanda da beynəlxaq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu “dur!” demədi. Söz yox ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz düşmənə layiq olduğu yeri göstərdi. Azərbayca Ordusunun qarşısında davam gətirə bilməyən Ermənistan silahlı qüvvələri diz çökdü və məğlub olduqlarını rəsmən etiraf etdi.
Ermənistanın məğlubiyyətinin acısı ermənilərdən daha çox Fransa senatorlarını kədərləndirib. Noyabrın 18-də Fransa Senatının rəhbərliyinə erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” təqdim olunmuş qətnamə layihəsi noyabrın 25-də müzakirə edilərək qəbul olunub. Bu fakt Fransa Senatının erməni lobbisnin əlində alətə çevrildiyini bir daha təsdiqlədi. Hətta senatorlar düşünmədilər ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürüb. Söz yox ki, 30 ildir ki, bu istqamətdə heç bir müsbət addım atılmayıb. Ancaq beynəlxalq aləmə də bəllidir ki, Fransa ATƏT-in Minsk qrupu həmsədr dövlətlərindən birdir. Hətta, Fransa Senatı ATƏT-in Minsk qrupu həmsədr dövlətlərindən birinin -- Rusiya Federasiyası Prezidenti Vladimir Putinin yaxın günlərdə Ermənistanın qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırlatmasını da “unudub”. Putin açıq şəkildə bəyan etdi ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”. Bütün bunlara baxmayaraq, Fransa Senatı həm ölkəsinin maraqlarına , həm də beynəlxalq hüquq normalarına zidd olan qətnamə qəbul etdi.
Bu qətnamə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə ziddiyyət təşkil edir.
Fransa Senatının qəbul etdiyi qətnamədə ölkəmizin Türkiyə ilə sıx dostluq və qardaşlıq münasibətlərinin də düşmənlərə ciddi təsir etdiyi özünü açıq şəkildə büruzə verir. Sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birliyi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir.
Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox, 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə tarixə düşdü. Çıxışlardan aydın oldu ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbəri belə yoxdur. Bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Məsələn, senator Stefan Ravie deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır. Halbuki, Ermənistanın baş naziri müharibənin bitməsi, ölkəsinin təslim olması barədə üçtərəfli bəyanatı şəxsən imzalayıb.
Fransa Senatı döyüşlərin davam etdiyi 44 gün ərzində münaqişə bölgəsinə yaxın və oradan uzaqda olan dinc sakinlər, mülki obyektlər, enerji və nəqliyyat infrastrukturuna qarşı Ermənistan hərbi təxribatlarını qınamaqdan məqsədyönlü şəkildə çəkinir. Bu, Senatın erməni lobbisi tərəfindən idarə olunduğuna daha bir sübutdur. Özünü daim demokrat, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən Fransa və onun Senati 44 günlük müharibədə daha çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri ballistik raketlərdən, qadağan olunmuş kassetli bombalardan atəşə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir. Vasitəçi mandatı daşıyan bir ölkənin Senatının belə bir qətnamə qəbul etməsi Fransanın Minsk qrupunun həmsədri kimi bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli, obyektiv vasitəçi olmadığı rəyini formalaşdırdı.
Fransa siyasi dairələri, senatorlar, həmçinin ermənipərəsr dairələr əmin ola bilərlər ki, onların ikili mövqeyi, riyakarlığı, işğalçıya dəstək vermələri və ağa qara demələri, habelə Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz ərazilərindən çıxarılmasını tələb edə bilməz. Dövlət başçımızın dediyi kimi, “Qarabağ Azərbaycandır, nida işarəsi”.
Kamil SEYİDOV,
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru
Köhnə versiyamızdan xəbərləri izlə