Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad olunan Kəlbəcər rayonunun çayları və gölləri yenidən öyrəniləcək və qiymətləndiriləcək

İşğaldan azad olunan Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, böyük müalicəvi təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır. Rayonun ərazisində Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyük­göl kimi bir çox göllər mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bildirib ki, Qa­rabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir. Göllər vulkan püskürmələri və çayların qa­bağının kəsilməsi nəticəsində əmələ gəlib.

“Böyük Alagöl dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşir, sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi 9,4 metrdir.

Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən göldür. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust ayların­da suyun temperaturu 14-15 dərəcə olur”.

F.Mütəllimov bildirib ki, Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurba­ğalı və Azadçaydır.

“Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagöl isə Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 metr, maksimal dərinliyi 4 metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Suyu Böyük Alagölə tökülür.

Gölün əsas suyunu bir neçə kiçik çayın suları təşkil edir və suyunun artmasında yeraltı sular müəyyən rol oyna­yır. Yay aylarında gölün suyu­nun səthində temperatur 14-16 dərəcədən yüksək olmur. Suyu hidrokarbonatlı-kalsiumludur. Oktyabrın axırlarından mayın əvvəllərinə qədər gölün səthi buzla örtülü olur”.

Nazirliyin əməkdaşı onu da bildirib ki, rayonun ərazisindən irili-xırdalı çoxlu çay axır, ən böyük çayları Tərtər və Xaçındır.

“Uzunluğu 200 km olan Tərtərçay Kür çayı­nın Azərbaycandan keçən hissəsində ən çox sululuğa malik qoludur. Mənbəyini dağ bulaqlarından götürür, əsasən, yeraltı sular hesabına forma­laşır”.

F.Mütəllimovun sözlərinə görə, Kəlbəcər rayonunda­kı mövcud su ehtiyatları yenidən öyrəniləcək və qiymətləndiriləcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

27 Noyabr 2020 01:04 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə