Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya ilə bağlı qlobal təşəbbüs reallaşır

Bəşəriyyət öz tarixi ərzində misli görünməyən virusla – COVID–19-la qarşılaşmışdır ki, bu da bütün dünya dövlətlərini qlobal təhlükəyə qarşı birgə, həmrəy olaraq mübarizə aparmağa sövq etdi. Bu baxımdan koronavirusun yaratdığı problemlər Azərbaycandan da yan keçməmişdir.

Mart ayından başlayaraq, Prezident İlham Əliyevin düzgün, effektiv böhran idarəçiliyi modeli tətbiq edərək müəyyənləşdirdiyi davamlı və ardıcıl kompleks tədbirər hesabına COVID–19-la mübarizədə mühüm əhəmiyyət kəsb edən addımlar atılmış, bir sıra uğurlar əldə edilmişdir. Həmçinin xalq birlik və həmrəylik nümayiş etdirərək cənab Prezidentin “Biz birlikdə güclüyük!” devizinə əməli töhfə verdi və nəticədə, Azərbaycan bu mübarizədən az zərərlə çıxa bildi.

Eyni zamanda, ölkə başçısı pandemiyaya qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına və dünyanın bir çox ölkələrinə müxtəlif formalarda yardımlar göstərmişdir. Fərəhləndirici haldır ki, öz fəaliyyətini ÜST-ün tövsiyələri əsasında quran Azərbaycan hökumətinə elə pandemiyanın ilk günlərindən görülən işlərə görə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət verilmişdir.

Lakin koronavirusun birinci dalğası ilə mübarizədən qalib kimi çıxsaq da, bu bəlanın ikinci dalğası indi də aqressiv şəkildə davam etməkdədir. Bu gün koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün dünya xalqlarının təhlükəsizliyini təhdid edir. Təəssüf ki, indiyə kimi nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə effektiv bir vasitə tapılmayıb. Bütün dünyada hamının, o cümlədən ölkəmizin və vətəndaşlarımızın tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin vaxt itirmədən tapılmasına ehtiyacı var.

COVID–19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili bir araya gəlməsinə, vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac, ciddi tələbat var. Onu da qeyd edim ki, aprel ayının 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə cənab Prezidentin xüsusi vurğuladığı kimi, “Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır” fikri bu gün də öz aktuallığını saxlayır və doğrudan da, dünyanın yeni çağırışlara ehtiyacını zəruri edir.

Bu baxımdan daim qlobal təşəbbüslərlə çıxış edərək, öz humanistliyini nümayiş etdirən Prezident İlham Əliyev bir daha regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəxalq həmrəyliyin gücləndirilməsi zərurəti ilə bağlı təşəbbüslə çıxış etmiş və nəticədə, 2020-ci il dekabrın 3–4-də BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi haqqında qərar qəbul olunmuşdur.

Sessiyada Baş Assambleyanın, İqtisadi və Sosial və BMT Təhlükəsizlik şuraları prezidentlərinin, BMT-nin Baş katibinin və Qoşulmama Hərakatının sədri olan Azərbaycan Respublikası Prezidentinin çıxışları nəzərdə tutulmuşdur.

Şübhəsiz ki, bu xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam səfərbər olunmasına şərait yaratmaqla, bu qlobal təhdidə qarşı cavabın tapılmasına öz müsbət təsirini göstərəcək. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi , düşünülmüş addımı kimi qiymətləndirilməlidir.

Məzahir ƏFƏNDİYEV, Milli Məclisin deputatı

27 Noyabr 2020 01:02 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə