Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz doğma Kəlbəcərə qayıdırıq

“1993-cü ilin aprel ayından düşmən işğalı altında olan doğma yurdumuz 27 ildən sonra yağı düşmən əsarətindən azad edildi. Bütün kəlbəcərlilər bu günü böyük həsrətlə gözləyirdilər. Artıq mənfur düşmən bu torpaqlardan çıxarılmış, şanlı ordumuz Kəlbəcərə daxil olmuşdur. Azərbaycanın ərazicə ən böyük rayonu olan dağlar diyarı Kəlbəcər torpağı bu gün öz doğmalarının yolunu gözləyir...” – Bu sözləri bizimlə söhbətində Kəlbəcər rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən Kəlbəcər rayonunun 20 nömrəli tam orta məktəbinin direktoru Şəfi Murtuzayev dedi.

Şəfi müəllim bildirdi ki, 40 ildən çoxdur məktəb direktoru işləyir. Əslən Kəlbəcərin Zvel kəndindəndir: “O torpaq mənim üçün müqəddəs məkandır. Ömrümdə Kəlbəcərin düşmən tapdağından azad olunması ilə bağlı xəbəri möhtərəm Prezidentimizdən eşitdiyim andakı qədər sevinməmişəm. Mən bilirəm ki, bütün kəlbəcərlilər bu hissləri yaşayıblar. Əminik ki, erməni vandallarının bərbad günə qoyduğu yurdumuz tezliklə bərpa oluna­caq”. Bunu cənab Prezidentimiz də xalqa müraciətində dedi: “Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır”.

Həmsöhbətim dedi ki, mənfur düşmən Kəlbəcəri tərk edərkən məktəbləri də yandırıb. Məlumat üçün bildirim ki, işğaldan əvvəl rayonumuzda 96 məktəb fəaliyyət göstərirdi. Müəllimlərinin sayı 1 113, şagirdlərinin sayı 9 747 olub. Hazırda Kəlbəcər məktəblərinin sayı 109, müəllimlərinin sayı 1 952, şagirdlərinin sayı 15 666-dır. Bu günlər rayo­numuzun məktəbləri Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərir. Onu da deyim ki, biz müəllimlər uşaqlarımızı vətənpərvərlik ruhunda tərbiyə etməyə, onları Kəlbəcərin tarixi, gözəl təbiəti, təbii sərvətləri, tarixi-mədəni abidələri ilə tanış etməyə çalışmışıq.

Direktor onu da bildirdi ki, Kəlbəcər qədim tarixi abidələr diyarıdır. Bu yerlərdə qədim qalalar, alban abidələri onun qədimliyindən xəbər verir. Cənab Prezident də xalqa müraciətində bu barədə dedi: “Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya da bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albani­yası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər. Öz yazılarını oraya əlavə edib və kilsələri özününküləşdiriblər”.

Biz tezliklə doğma yurdumuza qayıdıb öz sərvətlərimizə sahib çıxacağıq. Biz Kəlbəcəri yenidən quracağıq. Bu barədə dövlət başçı­mız dedi: “Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tap­şırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın”.

Biz kəlbəcərlilər Prezidentimizin siyasi xəttini dəstəkləyirik. İnanırıq ki, bu siyasət bizi xoşbəxt gələcəyə aparır.

Qələmə aldı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

27 Noyabr 2020 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə