Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virusa yoluxmamaq üçün: maska, məsafə və gigiyena...

Avropa infeksionistləri mətbuata açıqlamalarında bildiriblər ki, dünyada baş verən prosesləri nəzərə alsaq, bu gün bəzi ölkələrdə ikinci dalğa başa çatıb. Onlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2021-ci ildə Avropada COVID – 19 pandemiyasının üçüncü dalğasının baş verə biləcəyi barədə xəbərdarlığına aydınlıq gətirərkən deyiblər ki, dalğa infeksiyanın müəyyən qədər inkişaf etməsidir. ÜST-ün xüsusi elçisi Devid Nabarro 2021-ci ildə Avropada COVID – 19 pandemiyasının üçüncü dalğasının baş verə biləcəyi barədə xəbərdarlıq edib. Devid Nabarro “Onlar yay aylarında zəruri infrastrukturu qurmaq imkanını əldən verdilər. Ona görə də hazırda ikinci dalğa baş verir. Əgər onlar lazımi strukturu indi qurmasalar, onlarda gələn ilin əvvəlində üçüncü dalğa olacaq”, – deyib.

Azərbaycanlı mütəxəssislər isə ölkəmizdə bu gün baş verən prosesin ikinci dalğa yox, ikinci mərhələ olduğunu iddia edirlər. Onlar qeyd edirlər ki, dalğa dedikləri virusun mutasiyaya uğrayıb ikinci mərhələyə keçməsidir. Hazırda bütün dünyada virusa yoluxmada artım müşahidə edildiyindən, bunu ikinci dalğa adlandırırlar .

Virusun bütün dünyaya meydan oxuduğu göz önündədir. O, geri çəkilmək istəmir. Alimlər onun müalicəsi üçün önəmli vasitələr tapmaqda çətinlik çəkirlər. Çin və Ümumdünya Səhiyyə Təşkilatı hazırda koronavirusun yaranma səbəblərini axtarmaq üçün ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyətinin Çinə səfər etmək imkanlarını müzakirə edirlər. ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan deyib: “Koronavirusun mənşəyinin müəyyənləşdirilməsi elmi məsələdir. Hazırda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bu barədə araşdırmalara başlayıblar. Amma koronavirusun ilkin mənbəyinin müəyyən edilməsi çox çətin prosesdir, bir çox ölkənin iştirakını tələb edə bilər”.

ÜST artıq çinli həmkarları ilə məsafədən əlaqə quran və hadisə yerinə getməli olan beynəlxalq ekspert qrupu yaradıb. Ekspert qrupu Çinin hakimiyyət orqanlarının məlumat açıqlığı yaradacağına və onlarla səmərəli əməkdaşlığa ümid etdiklərini bildirirlər.

Olkəmizdə də vəziyyət kritikdir. Noyabrın 25-də 15 min 57 nəfər test edilənin 3469 nəfərində yoluxma qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb, 30 nəfər vəfat edib. Mərkəzi Qan Bankından bildiriblər ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var. Belə xəstələrə virusdan sağalmış insanların qanı lazımdır: “Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus pandemiyasına qalib gələ bilərik”.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim - infeksionisti Nəzrin Mustafayeva deyib ki, son günlər yoluxma saylarının artımı heç də ürəkaçan deyil. Hazırda pandemiyanın ölkəmizə gəlməsinin 39-cu həftəsini yaşayırıq. Son bir həftə ərzində ümumi yoluxma sayı 17 min 406 nəfər təşkil edib. Təəssüf ki, koronavirus səbəbindən son həftə 164 nəfər həyatını itirib. Rəqəmlər hər birimizi narahat edir: “Yayda yoluxma saylarındakı azalmanın və hazırkı artımın müəyyən səbəbləri var, buna bir sıra amillər təsir edir. Bütün dünyada yoluxma sayında artım müşahidə edilir. Təbii ki, bu fəsillə, havaların soyuması ilə əlaqədardır. Artım tendensiyası gündən-günə çoxalır. Bu günün iki min xəstəsini götürsək, onların hər birinin başqaları ilə təmasda olduğunu da nəzərə almalıyıq. Bir neçə gün sonra yoluxanlarla təmasda olanlarda da əlamətlər inkişaf edir. Nəticədə, yoluxma sayı riyazi silsilə ilə artır. Hazırda 30 mindən çox aktiv xəstə var. Xəstələrin böyük bir qismi evdə müalicə olunur. Onların nə dərəcədə izolyasiya qaydalarına əməl etməsi vacibdir. Həmin şəxslər yaşadıqları yeri tərk edə bilməzlər. Yoluxanların ailə üzvləri bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunurlar”.

Karantin qaydalarına riayət olunmasına münasibət bildirən həkim deyib: “Maska qoruyucu vasitədir, istifadə etməməklə həm özümüzü, həm də ətrafımızı yoluxdura bilərik. Maskanın ən azı xarici səthi infeksiyalaşır. Təmasda olduğumuz insanlardan kimin yoluxduğunu bilmirik. Bir maskadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək yoluxma riskini artırır. Maska istifadəsi ilə yanaşı, əl və respirator gigiyena qaydalarına əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu tədbirlərdir. Qeyd edim ki, şəxsi gigiyenaya əməl etmək bir sıra infeksiyalardan qorunmaqda mühüm rol oynayır”.

Koronavirusa qarşı mübarizədə müalicə üsullarında da fərqli fikirlər var. Bəzi həkimlər xəstələrin güclü antibiotiklərlə müalicəsinin tərəfdarıdır. Əksəriyyət isə antibiotikin virusa təsir etmədiyi qənaətindədir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib ki, uzun illərdir biz vətəndaşların qrip virusuna yoluxan zaman antibiotik qəbul etməməsi ilə mübarizə aparırdıq. Bu gün elə bir ana gəlib çıxmışıq ki, məsələ öz aktuallığını artırıb. Burada iki məsələ var. Birincisi, COVID xəstələrinin evdə – ambulator, ikincisi isə onların xəstəxanada – stosionar müalicəsidir. Təəssüf ki, koronavirusa yoluxan xəstələrin hamısı evdə özləri antibiotik qəbul etməyə başlayırlar. Bəzən onlar mümkün olan bütün dərmanları qəbul edirlər. Hətta xəstəliyi yüngül və simptomsuz keçirənlər də həmin preparatlara üz tuturlar. Bu, çox böyük fəlakətdir. COVID pandemiyası bitdikdən sonra biz, çox təəssüf ki, antibakterial rezistentlik problemi ilə üz-üzə qalacağıq.

TƏBİB-in şöbə müdiri bildirib ki, əksər hallarda xəstələr xəstəxanaya ağırlaşmış vəziyyətdə daxil olurlar. Çox təəssüf ki, çox halda onlar birbaşa intensiv terapiya, reanimasiya şöbəsinə yerləşdirilir və süni tənəffüs cihazına qoşulurlar: “Biz hər zaman infeksion kontrolda bu problemləri müzakirə edəndə risk faktorlarından danışırdıq. Rezistent bakteriyaların yayılmasından risk faktorlarına xəstəliyin ağırlığı, xəstələrin yaşı, reanimasion tədbirlər, süni tənəffüs aparatı aiddir. Əvvəlki illərlə müqayisədə ağır və süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddən artıq çoxdur. Çünki bu xəstəliyin əsas ağırlaşması tənəffüs yetməzliyidir. Bu da rezistent bakteriyaların yayılmasının çox böyük risk faktorudur.

Digər məsələ xəstə sayının çoxluğu və tibb personalının azlığıdır. Hər zaman infeksion kontrolda deyirdik ki, əgər rezistent bakteriya aşkarlanırsa, o xəstə izolyasiya olunmalı və mümkün qədər həmin şəxsə baxan personal ayrılmalıdır. Təəssüf ki, hazırda buna heç bir imkan yoxdur. Hər xəstəyə bir tibb bacısının xidmət göstərməsi mümkün deyil. Hazırda tibb işçiləri çox çətin rejimdə çalışırlar. Bu da belə bakteriyaların yayılması riskini artırır”.

O, həmçinin antibiotiklərin evdə və xəstəxanalarda istifadəsində təkcə vətəndaşların deyil, həkimlərin də rolu olduğunu bildirib. Deyib ki, bəzən həkimlər də özünü və xəstəni sığortalamaq, daha tez və yaxşı nəticə əldə etmək üçün erkən mərhələdə antibiotiklər təyin edirlər. Bunu çox yanlış taktika adıandıran Y.Qarayeva deyib: “Avropa ölkələrində evdə olan, yüngül simptomlu xəstələrə heç bir müalicə təyin edilmir. İstifadə olunan dərman preparatları hazırda Səhiyyə Nazirliyi və TƏBİB – in evdə müalicə alan xəstələrə verdiyi dərmanlardır. Bunlar vitaminlər, mikroelementlər və temperatur qalxarsa, onu salan preparatlardır. Bizdə isə həm antiviral, həm antibiotik, həm antikoaqulyant, hətta hormonal preparatlar da qəbul olunur. Bu da xəstənin evdə müalicəsi zamanı ağırlaşması və xəstəxanaya belə vəziyyətdə müraciəti ilə nəticələnir. Gələcəkdə bununla bağlı olaraq Səhiyyə Nazirliyi ilə birgə bir sıra işlər görülməlidir. Bir çox ölkələrdə apteklərdə reseptsiz antibiotik almaq olmur. Lakin ölkəmizdə bu mümkündür. Bu, o demək deyil ki, bütün antibiotiklərə birbaşa qadağa qoyulsun. Bunu yavaş-yavaş etməyə başlamalıyıq. Bəzi geniş spektorlu antibiotiklər var ki, onların xəstəxanada belə istifadəsi, infeksionist icazəsi olmadan mümkün deyil. Heç olmazsa, həmin antibiotiklərin reseptsiz satışına qadağa qoyulmalıdır ki, vətəndaşlar kimdənsə eşidib, internet səhifələrindən, sosial şəbəkələrdən oxuyub onları almasınlar. Lakin hələlik aztəsirli antibiotiklərin reseptsiz satışını saxlaya bilərik”.

Bu gün bütün diqqət bir istiqamətə yönəlməli, məqsəd bir olmalıdır. Az yoluxma olsun, yoluxanların müalicəsi düzgün aparılsın. Diaqnozu təsdiqlənmiş insanlar doğru qərar qəbul edib, özünümüalicədən çəkinsinlər və qaydalara uyğun addım atsınlar. Həm həkimlər, həm sıravi vətəndaşlar sağlam olmaq istəyir. Bunun üçün isə doqquz aydır təkrarladığımız ifadəni deməyə məcburuq: Maska taxmaq, gigiyena qaydalarına əməl etmək və ara məsafəsi saxlamaq.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

27 Noyabr 2020 01:01 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə