Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərəzli qətnamənin qəbulu Fransanın siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır

Fransanın parlamentarizm tarixində daha bir utancverici hal yaşanıb. Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib. Çox maraqlıdır ki, Fransanın daxili sosial problemlərinin həlli ilə bağlı qətnamələri illərlə müzakirə etməyən senatorlar bu layihəni cəmi bir neçə gün sonra tələsik müzakirəyə çıxarıb və qəbul ediblər. Heç şübhəsiz ki, bu, hüquqi aktdan daha çox siyasi təxribat xarakteri daşıyan qətnamədir.

Bu fikirləri AZƏRTAC-a açıqlama­sında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

“Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir”, – deyən Vüqar Rəhimzadə qeyd edib ki, Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, məlum qətnamədə Türkiyənin adı daha çox hallanır.

Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulması­nı nəzərdə tutan qətnamə layihəsinin müzakirəsinin fikir mübadiləsindən daha çox 12 senatorun qərəzli, re­allıqdan uzaq, birtərəfli çıxışları ilə tarixə düşəcəyini vurğulayan Vüqar Rəhimzadə deyib: “Məsələn, çıxışlar­dan aydın olur ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razı­lıq əldə edilməsindən xəbərləri belə yoxdur. Hətta, bəzi senatorların mil­litarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Bu baxımdan senator Stefan Ravienin dedikləri heyrət doğurur. O deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruş­maq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır. Əslində, məsələyə məntiqlə, soyuqqanlı yanaşdıqda senatorlar bu cür çıxışları ilə özlərini və prezident Makronu bir daha təkzibedilməz faktlarla ifşa etmiş olublar. Çünki Makron elə ilk gündən Azərbaycanı və daha çox Türkiyəni muzdlu döyüşçü məsələsində əsassız ittiham edirdi. Lakin senator Stefan Ravie Azərbaycan tərəfini muzd­lu döyüşçülərdən istifadə etməkdə gü­nahlandıran Makronu bir daha ifşa etdi və bütün dünyaya göstərdi ki, əslində, Fransa özü Ermənistanı muzdlularla təmin edir”.

Baş redaktor diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən bixəbər olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bu, açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribatdan başqa bir şey deyil. Sirr deyil ki, layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı region­lardan olan senatorlardır. Bununla da bir daha aydın olur ki, həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır. Amma görünən odur ki, illər əvvəl Şimali Afrikada soyqırımı törətmiş fransızla­rın nəvə-nəticələri bu gün vəzifələri naminə dövlətlərini bütün dünyada gülüş hədəfinə, bir qrup məkrli erməninin giro­vuna çeviriblər. Bu mənada, düşünürəm ki, Fransa Senatının belə bir qətnamə qəbul etməsi Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi adlandıran müasir Fran­sanın tarixinə qara səhifə kimi həkk olunacaq. Çünki Azərbaycan Respub­likasının Fransadakı səfiri qətnamənin səsverməyə çıxarılmasında bir gün öncə Senatın dinləmə prosedurlarına uyğun olaraq Senat üzvləri qarşısın­da çıxış edib və burada əks olunan birtərəfli, həqiqətə uyğun olmayan məqamlarla əlaqədar ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli, ədalətsiz qətnamənin qəbul edilməsi problemə ikili standartlar mövqeyindən və birtərəfli yanaşmadan başqa bir şey deyil.

Vüqar Rəhimzadə vurğulayıb ki, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi Fransa dövlətinin bitərəfliliyinə ciddi zərbə vurur. Bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusunu daşımağa mənəvi, hüquqi və siyasi haqqı yoxdur. Bu qətnamənin, həmçinin Azərbaycan ictimaiyyəti ara­sında formalaşmış Fransanın ədalətli vasitəçi olmaması fikrinin həqiqiliyini bir daha təsdiqlədiyini qeyd edən baş redaktor bildirib: “Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə ta­nınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, eko­loji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 ildə susqun mövqe nümayiş etdirib. Elə Senatın Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə heç bir münasibət bildirməməsi də bir çox haqlı suallar doğurur. Fransa Senatının Ermənistan tərəfindən çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri qadağan olunmuş ballistik raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham etməsi heç bir mənəvi və hüquqi çərçivəyə sığmır. Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancve­rici bir addımdır. Qətnamənin mətnində münaqişənin bütün tarixinin, siyasi və hüquqi aspektlərinin ciddi şəkildə saxtalaşdırılması isə siyasi və hüquqi məsuliyyət doğurur”.

Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamənin Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini və adi kağız parçasın­dan başqa şey olmadığını söyləyən V.Rəhimzadə bildirib: “Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz tarixi ərazilərindən çıxa­rılmasını tələb edə bilməz. Ona görə də təcili olaraq Fransa dövləti Senatın bu qətnaməsini qınayan bəyanat və izahat verməlidir”.

27 Noyabr 2020 00:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə