Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ürəyin baş köşəsinə yazılan qələbə tarixli günlər

Bu gün və bundan sonra ürəklə, fəxrlə və qürurla deyəcəyik: Sən azadsan Kəlbəcər! Azadlığın mübarək! Dünən baş verən hadisələr, Kəlbəcərə qeyri-qanuni köç etmiş ermənilərin oradan sakitliklə, atəşsiz, bir nəfərə belə toxun­madan yola salınması həm də Azərbaycan və Ermənistan rəhbərliyi arasındakı fərqi anlamaq baxımından önəmlidir. Çünki həmin gün, no­yabrın 25-də Azərbaycan tarixinin daha bir şanlı hərb səhifəsi yazıldı.

Müzəffər Ali Baş Komandan, Pre­zident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil oldu.

Bu sevincdən ürəyi titrəyən yalnız kəlbəcərlilər deyil. Bütün Azərbaycan xalqı, qələbə tarixli günləri ürəyinin baş köşəsinə yazır... Hücumla, qan töküb, can verib torpaq azad edən oğullarımız, igid ordumuz hərb meydanında nəyə qadir olduqlarını göstərdi. Şuşanın azad edilməsindən sonra təslim olmaqdan başqa çarəsi qalmayan Ermənistan məlum bəyanatı imzalamaqla nəyə layiq olduğunu təsdiqlədi. Ağdamın da şəhid vermədən, bir güllə belə atılmadan azad edilməsi – boşaldılması ermənilərə dağ çəkdi... Dünən Kəlbəcər boşaldıldı. Növbədə Laçındır...

Əslində, Kəlbəcər 10 gün öncə boşal­dılmalı idi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunu noyab­rın 15-də Azərbaycana qaytarmalı idi. Lakin Ermənistan tərəfinin müraciəti əsasında, Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Azərbaycan öz humanistliyini, işğalçılıq siyasətindən uzaq olduğunu bir daha göstərdi.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisinin oradan zorakılıqla qovulduğu, dağ yolları ilə, ayaqyalın, qarın – palçığın içində, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olduqla­rını xatırlayıram. Biz nə qədər humanist, mərhəmətli xalqıq, – deyirəm. Həmin vaxt kəlbəcərlilərin bir çoxu qırğına məruz qalmış, atəşə tutulmuş, meyitləri belə təhqir edilmişdi. Nəticədə, Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olmuş, yüzlərlə insan girov götürülmüş və ya itkin düşmüşdü. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməmiş, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu.

Bu gün isə Kəlbəcərdə baş verənlər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib... Ermənilər buranı tərk edərkən evləri yandırıb, van­dallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Onlar ev əşyalarından tutmuş, qəbir daşlarına qədər özləri ilə aparır, ağacları doğrayıb daşıyır, evlərə od vurub yandı­rırlar, eynən Ağdamdakı kimi... Bizimkilər isə oradan can götürüb qaçmış, yalnız evlərinin qapısını bağlayıb, açarını götür­müş, bəziləri əyninə isti paltar geyinməyə də macal tapmamışdılar. Onlar 1993-cü il aprelin 2-də üzü paytaxta yol almışdılar. Amma əlləri ilə qurub yaratdıqları evlərə, bağ-bağata dönəcəklərinə ümid edir, inanırdılar...

Erməni isə o yurda, o cənnət məkana, buz bulaqlı meşələrə bir daha dönməyəcəyini yaxşı bilir. Ona görə də qanlarına hopmuş faşizm xislətindən azad ola bilmədiklərindən viran qoyub gedirlər.

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşdırılmış insanlardan ibarətdir. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində qeyri-qanuni yaşa­dıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb.

O zaman hakimiyyətdə olan AXC – Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaratdı. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev müdrik siyasəti, qətiyyəti ilə işğal edilən rayonların azad edilməsini başa çatdırmaq üzrədir. Bu yolda şəhidlərimiz oldu, yaralılarımız var. Bütün şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. 44 gün ərzində rəşadətli ordumuz öz gücünü, müharibə aparmaq bacarığını və döyüş taktikası­nı bütün dünyaya nümayiş etdirdi. Eşq olsun Müzəffər Azərbaycan Ordusuna. Bu qələbə sevincini xalqımıza yaşadan Ali Baş Komandan var olsun!

Səlim MƏMMƏDOV,
Abşeron rayonu, Masazır kənd 5 saylı məktəbin direktoru

27 Noyabr 2020 00:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə