Ən son xəbərlər
Noyabrın 25-də Azərbaycanın işğal olunmuş ən böyük rayonu – Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə bir tarixi qələbədir. Bununla belə Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi artıq həm də Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir.
Eyni sözləri biz noyabr ayının 20-də işğaldan azad edilmiş Ağdam və hazırda işğalın son günlərini yaşayan Laçın rayonları üçün də deyə bilərik. Əlbəttə ki, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu əməliyyatlar çox mürəkkəb relyef quruluşuna, böyük əraziyə malik olan Kəlbəcərdə də aparılsaydı, bu zaman itkilərimiz daha çox olardı. Lakin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Belə ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yollarla azad etməklə, döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürətilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu və Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edəcəyinə dair öhdəlik götürdü.
Dediyim kimi, Kəlbəcər bizim işğal altında olmuş ən böyük rayonumuz idi və ümumiyyətlə, Azərbaycanın ən böyük və ən zəngin rayonlarından biridir. Lakin otuz illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu məsələyə toxunaraq demişdir: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.”
Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda da bu qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.
Bəli, Azərbaycan torpaqlarının 30 il davam edən işğalı nəhayət ki, sona çatır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu tarixi qələbə sevincini, bu möhtəşəm zəfər qürurunu Azərbaycan xalqına yaşadır. Bundan sonra bizi işğaldan azad edilmiş torpaqlarımızda da möhtəşəm quruculuq işləri gözləyir. Möhtərəm dövlət başçımızın da dediyi kimi, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad edilmiş bütün bölgələrimizə həyat qayıdacaqdır!
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Köhnə versiyamızdan xəbərləri izlə