Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan informasiya müharibəsində ermənilərin yalanlarını ifşa etdi

Azərbaycan təkcə Qarabağ cəbhəsindəki açıq döyüşlərdə deyil, həm də informasi­ya müharibəsində Ermənistan üzərində parlaq qələbə qazanıb. Bu həqiqəti artıq bütün dünya etiraf edir. Hesab edirəm ki, Azərbaycan dövləti münaqişə ilə bağlı real mənzərəni dünya ictimaiyyətinə çatdıra bilib. 44 günlük müharibə dövründə Prezident İlham Əliyev dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi müsahibələr beynəlxalq informasi­ya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı.

Qarabağ cəbhəsində və onun ətrafında baş verən prosesləri diqqətlə izləyən nüfuzlu beynəlxalq siyasətçi və politoloqlar Prezident İlham Əliyevin rəsmi Bakının bu savaşda hüquqi və mənəvi cəhətdən haqlı olduğunu beynəlxalq ictimaiyyətə çatdıra bilməsini böyük diplomatik uğur hesab edirlər.

Azərbaycanın parlaq diplomatik uğurla­rını şərtləndirən amillərdən biri də ölkəmizin Qoşulmama Hərəkatına üzv ölkələrlə əməkdaşlığının səmərəli olmasıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı çıxışında deyib: “Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il Zirvə görü­şü keçirilmişdir. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi”.

Dövlətimizin başçısı vurğulayıb ki, məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan verməyiblər, Azərbaycanı dəstəkləyiblər. Prezident İlham Əliyev demişdir: “Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır”.

Təqdirəlayiq haldır ki, Azərbaycan pandemiya dövründə 30-dan çox ölkəyə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi yardım göstərib. Xeyirxah işlər, huma­nist əməllər heç vaxt səmərəsiz qalmır. Azərbaycan Dağlıq Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bilib.

Birinci Qarabağ müharibəsindən əvvəlki dönəmdə də Azərbaycan dövləti XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırı­mı ilə bağlı həqiqətləri dünya birliyinə dolğun şəkildə çatdıra bilmişdir. Dövlətimizn başçısı bu məsələyə toxunarkən qeyd edib ki, Xocalı soyqırımı haqqında dünyada kifayət qədər məlumat yox idi. “Xocalıya ədalət!” kampa­niyası, 10-dan çox ölkə tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması, demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı.

Reallıq budur ki, son illər Azərbaycan müdafiə diplomatiyasından hücum diploma­tiyasına keçmişdir və uğurlu siyasət öz real nəticələrini verməkdədir.

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun tarix fakültəsinin baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru

27 Noyabr 2020 00:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə