Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Azərbaycandakı mövqeyini itirə bilər

Azərbaycan Cənubi Qafqazda, eləcə də bütün dünyada sülh və sabitliyin, haqq-ədalətin tərəfdarıdır. Bunu ölkəmiz özünün konkret addımları ilə dəfələrlə təsdiq edib. Azərbaycan Pre­zidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda çoxsaylı beynəlxalq forumlar, sivilizasiyalararası, dinlərarası dialoqla bağlı tədbirlər keçirilib. Dünya xalqları ara­sında mədəni əlaqələrin möhkəmlənməsinin təşviqi məqsədilə Bakıda “Eurovision” mahnı müsabiqəsi baş tutub. Bütün bunlar Azərbaycanın tolerantlığını, mədəni dünyaya inteqrasiyasını sü­but edir. Amma təkcə ermənilərdir ki, Fransa kimi ölkələri öz təsiri altına alaraq Azərbaycana qarşı qara yaxmaqla məşğul olurlar. Bugünlərdə Fransa Senatının qondarma “DQR”-in müstəqilliyinin tanınmasının hökumətə tövsiyəsi ilə bağlı qəbul etdiyi qətnamə də haqq və ədalətdən uzaq bir addımdır.

Bununla bağlı fikirlərini bölüşən Azərbaycan Dövlət İqtisad Univer­sitetinin professoru, tarix elmləri doktoru Nizami Süleymanov bildirdi:

– Cənab İlham Əliyev öz çıxış­larında dəfələrlə bəyan edib ki, ölkə Prezidenti və Ali Baş Komandan kimi bölgəmizdə, Cənubi Qafqazda ədavətə son qoyulmasında və normal, işgüzar münasibətlər qurulmasında maraqlıdır. Onun sözlərinə görə, bizim erməni xal­qı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı etnik təmizləmə aparmamışıq, əksinə, onlar bizə qarşı belə bir siyasət aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, əksinə, qoruyuruq, bərpa edirik.

Amma ermənilər özlərindən uydur­duqları tarixi düşmənçilik ideyalarının əsiri olublar. Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirdi ki, Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub. İndi Rusiya ilə Almaniya arasın­dakı münasibətlər normal inkişaf edir. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa arasında müharibələr baş verib: “Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır? Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri gü­nahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”

Dövlət başçısı işğalçı və terror­çu Ermənistanı dəstəkləyən Qərbi məzəmmət edərək bəyan etdi ki, Avro­pa Parlamentində Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul olunub. Amma Ermənistanda baş verən kobud qanun pozuntularına susurlar: “Niyə susursan, Avropa Parlamenti? Özünü, guya, dünyanın demokratiya mərkəzi sayırsan. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir... Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz?”

İndi də məhz “özünü demokrati­yanın beşiyi” sayan Fransa ATƏT-in Minsk qrupunun həmsədri, beynəlxalq vasitəçi olduğunu unudaraq, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli qətnamə qəbul edib. Fransa Senatı qondarma “dqr”in müstəqilliyinin tanınmasını tövsiyə edib. Doğrudur, qətnamə məsləhət xarakteri daşıyır, amma bu sənəd Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın Azərbaycana qarşı indiyədək gizlətdiyi çirkin niyyətlərini ortaya qoyur. Qətnamə ilə bağlı məruzə edən sena­tor Bruno Retayo bildirib ki, “layihəni Senatın bütün deputat qruplarının rəhbərləri – sağçılar, mərkəzçilər və solçular imzalayıblar”.

Fransa birinci dəfə deyil ki, Azərbaycanın kürəyinə bıçaq sancır. Fransız deputatlar 2001-ci ildə qondar­ma, yalançı, saxta “erməni soyqırımı”nı tanıyıblar. 2006-cı ildə Fransa parla­mentinin aşağı palatası “soyqırımı”nı inkar etməyi cinayət hesab edən qanun layihəsini təsdiqləyib. Həmin layihəyə görə, “soyqırımı”nı inkar edənlər bir il müddətinə azadlıqdan məhrumetmə və 45 000 avro cərimə ilə cəzalandırılmalı idilər. Ankaranın Fransa şirkətlərinin Türkiyədə böyük iqtisadi layihələrə girişini dayandırmaq­la təhdidindən sonra qanun qüvvəyə minmədi: Fransa Konstitusiya Şurası buna qarşı çıxdı. 2012-ci ildə eyni qanunu qəbul etmək üçün yeni cəhd də uğursuzluqla nəticələndi.

Eyni zamanda, son illərdə Azərbaycan Fransa ilə geniş əlaqələr qurub. Ölkəmizdə Fransanın iqtisadi maraqları maksimum dərəcədə təmin edilib. Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına yatırı­lan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. 2018-ci ilin iyununda Parisə səfəri zamanı Prezident İlham Əliyev aparıcı fransız şirkətləri və qrup­larının rəhbərləri ilə 2,2 milyard dollar­lıq anlaşmalar imzalayıb. Azərbaycan dövləti və Heydər Əliyev Fondu Fran­sada çoxsaylı mədəni layihələr icra edib, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Luvr Muzeyi bərpa olunub, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi, Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılıb. La­kin bütün bunlara baxmayaraq, Fransa qərəzli ermənipərəst mövqeyindən imtina etməyib, bəzi fransız şirkətləri İkinci Qarabağ müharibəsinin son anlarınadək Azərbaycanın işğal olun­muş ərazilərində qanunsuz fəaliyyət göstərməkdə davam ediblər.

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Riqada Qa­rabağ cəbhəsində baş verənlərlə bağlı həqiqətə uyğun olmayan, qeyri-ciddi açıqlamalar verib, saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübut olmadan ölkəmizə böhtan atıb. Əlcəzair, Tunis, Mərakeş, Çad, Qabon, Kamerun, Ruanda, Cibuti, Kamboca və Vyetnamda soyqırımları törətmiş Fransadan bundan artıq nə gözləmək olardı?!

Ümumiyyətlə, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilməyib, qərəzli şəkildə işğalçı Ermənistanı müdafiə edib, sonadək işğalçının yanında dayanıb. Son hadisələr də göstərir ki, münaqişənin real həllində yalnız ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya və Minsk qrupunun üzvü Türkiyə maraqlıdır.

Maraqlıdır ki, Senatın qərarı Fransa hökuməti tərəfindən birmənalı qarşı­lanmayıb. Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist Lemuan qərarı tənqid edərək bildirib ki, Qarabağın təktərəfli qaydada tanınması heç kimə fayda verməyəcək və vasitəçilik səylərinə xidmət etməyəcək. Lemuanın sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və 9 noyabrda tərəflərin atəşkəslə bağlı razılaşma­sının yerinə yetirilməsi mövqeyindən çıxış edir.

Hesab edirik ki, Fransa ermənipərəst qərarı ilə yalnız nüfu­zunu və Azərbaycandakı mövqeyini itirə bilər. Onun yersiz addımlarından Azərbaycana heç bir ziyan gəlməz. Bu da həqiqətdir ki, artıq Azərbaycanla Fransa arasındakı münasibətlər əvvəlki kimi olmayacaq.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

27 Noyabr 2020 00:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə