Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Senatı beynəlxalq hüququ erməni təəssübkeşliyinə qurban verdi

Otuz idən çox davam edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatır. Bu müddət ərzində beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. Dünya­da baş alıb gedən ikili standarlar, ayrı-seçkilik, islamofobiya, işğalçı siyasətinə görə, Ermənistana hər hansı bir sanksiyanın tətbiq olunmaması təcavüzkarı daha da quduzlaşdırdı. “Böyük Ermənistan” yaratmaq iddiasında olan işğalçı ölkə daha böyük əraziləri işğal etmək iştahası ilə sərhədboyu ərazilərdə təxribatları getdikcə artırdı.

Son iki ildə Ermənistanda hakimiyyəti ələ almış Nikol Paşinyan və onun komandası status-kvonu saxlamaq üçün min bir oyuna əl atdı və münaqişənin danışıqlar vasitəsilə həllinin üstündən birdəfəlik xətt çəkdi. Yenə də beynəlxalq təşkilatlar lal, kar və kor oldular. Xüsusilə, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri sus­qunluğa üstünlük verdilər. Bundan istifadə edən Ermənistan ordusu sentyabrın 27-də ölkəmizə qarşı açıq şəkildə müharibəyə başladı. Ağır artilleriyadan, ballistik raketlərdən və qadağan olunmuş kassetli bomba­lardan istifadə edərək dinc əhalini, Dağlıq Qarabağla əlaqəsi olmayan şəhərlərimizi atəşə tutdu. Nəticədə, sırasında uşaq və qadınlar da olmaq­la 94 mülki şəxs qətlə yetirildi.

Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, rəşadətli ordumuz əks-hücumlarla düşmənə ağır sarsıdıcı zərbələr endirdi. Elə ilk həmlədən Ermənistan ordusu çaşqın vəziyyətə düşdü. Həmin gündən başlayaraq, bir-birinin ardınca qələbə sədaları eşitdik. Nəhayət, noyabrın 10-da Ermənistan təslim olduğu­nu rəsmən təsdiqlədi. Həmin gün Azərbaycan və Rusiya Federasiyası prezidentlərinin, həmçinin Ermənistan baş nazirnin imzaladıqları birgə bəyanat işğalçı ölkənin kapitulyasiysı­nı, ölkəmizin isə qələbəsini təsdiqlədi.

Ermənistanın məğlubiyyəti ermənipərəst beynəlxalq təşkilatları yandırıb-yaxdı. Bu məğlubiyyətdən daha çox kədərlənənlərdən biri də Fransa Senatı imiş. Halbuki, Fransa ATƏT-in Minsk qru­pu həmsədrlərindən biridir və münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götü­rüb. Təəssüf ki, 30 il müddətində bu qurum münaqişənin nizamlanması istiqamətində bir addım da olsun irəliyə getmədi. Bu müddət ərzində Fransa Senatı kimi, işğalçıya açıq dəstək verən də olmadı .

Məlum olduğu kimi, noyabrın 18-də Fransa Senatının rəhbərliyində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qara­bağ respublikası”nın tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuşdur. Layihə noyabrın 25-də müzakirə oluna­raq qəbul edilmişdir. Söz yox ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Ancaq bir faktı qeyd etmək istərdim ki, indiyə qədər dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatı, hətta Ermənistanın özü tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanı­madığı halda, ATƏT-in Minsk qrupu həmsədrlərindən birinin – Fransanın Senatının belə canfəşanlığı başa düşülən deyil.

Fransa Senatı beynəlxalq hüquq norma və prinsiplərini ermənipərəst mövqeyinə qurban verdi. Sənəddə imza atan senatorlar yəni, doğru­danmı dərk etmirlər ki, bu qətnamə beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ko­budcasına pozulması deməkdir? Bu qərar Fransanın istər Minsk qrupu­nun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə tamaimlə ziddiyyət təşkil edir. Senatın bu təxribatçı qərarı, təbii ki, Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin, ermənipərəst möv­qeyinin təzahürüdür.

Fransa Senatı bu addımı atarkən vasitəçi ölkənin bitərəf, obyektiv və ədalətli qərarlar qəbul etmək missiyasını sanki unudub. Fran­sanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Senatın qərarı bunu bir daha təsdiqlədi. Qətnamə əvvəldən axıra qədər böhtan, ölkəmizin uğurlarına, dost­luq əlaqələrinin genişləndirilməsinə, xüsusilə, Türkiyə–Azərbaycan münasibətlərinin sarsılmaz olma­sına qısqanclıq üzərində quru­lub. Məsələn, qətnamənin 9-cu maddəsində deyilir: “Türkiyənin Azərbaycana göstərdiyi hərbi dəstəyin 27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağ əhalisinə qarşı başlanmış təcavüzün səbəbi olduğunu, Türkiyənin Suriyadakı cihadçı qruplaşmaların tərkibində xidmət edən muzdlula­rın hərbi əməliyyatlar meydanına göndərdiyini nəzərə alaraq…”

Dövlətimizin başçısı dünyanın aparııcı kütləvi iformasiya vasitələrinə verdiyi müsahibələrində də dəfələrlə bəyan etdi ki, Azərbaycan Ordusu­nun tərkibində heç bir muzdlu, kənar hərbçi yoxdur. Bunu təsdiq edən fakt varsa, təqdim edin. Heç kim bu “faktı” təqdim edə bilmədi.

Qərarın 11-ci maddəsi daha gülüncdür: “Avropa Şurasının İrqçiliyə və dözümsüzlüyə qarşı komissiyası (ECRI) və BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin (CERD) məruzələri ermənilərin Azərbaycanda azad yaşamasının qeyri-mümkünlü­yü faktını qeyd etməsini nəzərə alaraq”. Bu maddənin müəllifləri nə qədər kar və kordurlarsa, hələ də dərk etmirlər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan atıq azərbaycanlı doğma ata- baba yurdundan didərgin salınaraq, qaç­qın və məcburi köçkün vəziyyətində yaşayır.

14-cü maddə isə “Azərbaycanın Türkiyə hökuməti və xarici muzdluların dəstəyi ilə hərbi təcavüzünü pisləyir, 27 sentyabr 2020-ci il tarixindən Dağlıq Qa­rabağ bölgəsində aparılan hərbi əməliyyatlar nəticəsində işğal edilmiş ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin və onların tərəfdarlarının dərhal çıxarılmasına çağırır”.

Fransa Senatının tamamilə ermənipərəst və münaqişənin əsl mahiyyətini hələ də dərk etmədiyindən və ya dərk etsə də, Ermənistanın faşizm ideologiyasına meyilliyini dəstəkləməsindən xəbər verir. Çünki bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlü­yünü dəstəklədikləri, “Azərbaycan öz ərazisində vuruşur” dediyi halda, Fran­sa Senatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin Azərbaycanın özü tərəfindən işğal olunduğunu iddia edir.

Bu qətnamə Fransa kimi inkişaf etmiş bir dövlətin adına qara ləkədir, o cümlədən ölkənin siyasəti və parla­mentarizmi üçün üz qaralığı gətirən addımdır. Ümid edirəm ki, Fransa hökuməti bu ləkəni öz ölkəsinin adın­dan təmizləyəcək və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirəcək.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

27 Noyabr 2020 00:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə