Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ədliyyəsinin 100 illik tarixindən bəhs edən sanballı kitab işıq üzü görüb

Azərbaycan ədliyyəsinin 100 illik tarixindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabda ədliyyə tarixinin bütün mərhələlərinə nəzər salı­nıb, ədliyyə orqanlarının keçdiyi zəngin yol, xüsusilə ümummilli lider Heydər Əliyev tərəfindən yeni ədliyyə və məhkəmə siste­minin formalaşdırılması, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə fəaliyyətin müasirləşdirilməsi və inkişafı barədə ətraflı məlumatlar yer alıb.

Nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə və sovet hakimiyyəti illərində ədliyyə orqanlarının təşkili və fəaliyyətini, ulu öndər Heydər Əliyevin ədliyyə sisteminə böyük diqqət və qayğısını, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahat­larına və Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin davamlı inkişafını əks etdirən tarixi sənədlər və foto­materiallar toplanıb.

Ədliyyə naziri, Məhkəmə–Hüquq Şurasının sədri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun müəllifliyi və rəhbərliyi ilə redaksiya qrupu tərəfindən Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə hazırlanan kitabda ulu öndərin fəaliyyətinin bütün dövrlərində ölkəmizin hü­quq, o cümlədən ədliyyə sisteminin inkişafın­da müstəsna xidmətlərinə geniş yer ayrılıb.

Kitabı vərəqlədikcə hələ qədim dövrlərdən Azərbaycanda ədliyyə fəaliyyətinə xüsu­si diqqət yetirildiyinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ədliyyə tariximizdə yeni, şərəfli səhifə açılmasının şahidi oluruq. Bir daha görürük ki, sovet işğa­lından sonra tənəzzülə uğrayan Azərbaycan ədliyyəsinin həmin çətin dövrlərdə yenidən təşəkkül tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik illərində isə dahi öndərin qətiyyətli siyasi iradəsi ilə müasir demokratik normalara uyğun olan məhkəmə və ədliyyə sistemimiz formalaşıb.

Oxucuların diqqətinə çatdırılır ki, bu gün ulu öndərin yüksək dövlətçilik amalları və si­yasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək bütün sahələrdə misilsiz uğurlar qazanılır. Kitabda əhalinin rifahının yaxşılaşmasında, humanizm ideyalarının inkişafında Birinci vitse-prezident Mehri­ban Əliyevanın əməyi xüsusi qeyd edilir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, ədliyyə və məhkəmə sistemi də inkişaf edir, mühüm nailiyyətlər əldə olunur. Xarici hüquqşünas­lar tərəfindən təqdir olunan bu nailiyyətlər, xüsusilə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən ölkəmizin Ədliyyə Nazirliyinin Avropada ən fəal və islahatçı nazirliklərdən hesab olunması dövlətimizin tərəqqiyə və demokratiyaya sadiqliyinin əyani təzahürüdür.

Kitab Azərbaycan ədliyyəsinin keçmişinə, qət edilmiş yola nəzər salmaq üçün faydalı vəsait, həmçinin ölkə ədliyyəsinin tarixi və müasir dövrdəki fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsi baxımından da sanballı mənbədir.

Nəşrin “Azərbaycan ədliyyəsinin tarixi” adlı birinci hissəsində Azərbaycan ədliyyəsinin qədim dövrlərdən ilk demokratik respublikanın yaranmasınadək olan mərhələsi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyənin təşkili və fəaliyyəti, sovet dövrü­nün ilk illərində Azərbaycan ədliyyəsi ilə bağlı ətraflı söhbət açılır.

“Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədliyyəsi” adlı ikinci hissədə Azərbaycan ədliyyəsinin inkişafı istiqamətində XX əsrin 70–80-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs olunur. Müstəqilliyin bərpasından sonra Azərbaycan ədliyyəsinin və ölkəmizdə müasir-hüquq sis­teminin formalaşması və inkişafı dövrü işıq­landırılır. Bu bölmədə 1993-cü ildə xilaskarlıq missiyasını üzərinə götürən ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə məhkəmə-hüquq sahəsində əsaslı islahatların həyata keçirilməsindən, mütərəqqi qanunların qəbul edilməsindən da­nışılır. 1997-ci ildə qəbul olunan “Məhkəmələr və hakimlər haqqında” Qanunun, məhkəmə islahatlarına dair proqram xarakterli fərmanın imzalanmasının ölkəmizdə məhkəmə quruluşunun və fəaliyyətinin yeni modelinin bərqərar edilməsi prosesinin başlanğıcı oldu­ğu vurğulanır.

Nəşrin “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı” adlı üçüncü hissəsində Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə sisteminin da­vamlı inkişafı istiqamətində həyata keçirilən ardıcıl və mütərəqqi islahatlardan bəhs olu­nur. Qeyd edilir ki, bu dövrdə “Məhkəmələr və hakimlər haqqında” qanuna əsaslı əlavə və dəyişikliklər edilib, “Məhkəmə–Hüquq Şurası” haqqında yeni qanun qəbul olunub, Şuranın fəaliyyətinin təşkili üçün fərman imzalanıb. Hakimlərin Etik Davranış Ko­deksinin qəbul edilməsi, cəza siyasətinin humanistləşdirilməsi, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid, məhkəmə–hüquq sistemində islahatların dərinləşdirilməsi və digər mühüm məsələlərlə bağlı proqram xarakterli fərmanların Azərbaycan ədliyyəsinin inkişafında mühüm rolu diqqətə çatdırılır.

Kitabda ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texno­logiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayı­nın artırılması, bu xidmətlərdə yeni innovativ metodların tətbiqi istiqamətində görülən işlər də əksini tapır.

Azərbaycan ədliyyəsinin 100 illik inki­şaf tarixinin əlamətdar anlarını əks etdirən fotoşəkillərin və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı mühüm qanunvericilik aktlarının yer aldığı kitabda Azərbaycanın ədliyyə nazirləri haqqında məlumatlar da verilir.

27 Noyabr 2020 00:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə