Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Atalar və oğullar

Y azının başlığına baxıb böyük rus yazıçısı İvan Turgenevin eyni adlı məşhur əsərindən bəhs edəcəyimizi düşünməyin. Mövzumuz zəmanəmizin timsalında şərəfli keçmişdən işıqlı gələcəyə salınan yollar, sələflər və xələflər, şanlı ənənələrin davamı, ümidin, umacağın doğrulması haqqındadır. Ata və oğul qütblərinin qüdrət və qeyrət bağları ədəbiyyatımızın baba əsəri sayılan “Kitabi-Dədə Qorqud”dan üzü bu yana təlqin və təqdir edilir. Biz də çağdaş vətənpərvərlik, qəhrəmanlıq nümunələri kontekstində bu bağlılığa işıq tutmaq istəyirik.

Özünün ağırlıq siqləti ilə çox dərinliklərə işləmiş atalar və oğullar möv­zusu köhnə olduğu qədər də təzə-tərdir. Elə yenicə möhtəşəm qələbə ilə başa vurduğumuz Vətən müharibəsinin də bu­nunla bağlı maraqlı örnəkləri var. Amma ata-oğul tandemi barədə düşüncələrə dalınca, nədənsə, ilk növbədə, məşhur “Əsgər atası” filmi yada düşdü. Təsirli səhnələr, yaralı oğul sorağı ilə cəbhəyə yollanıb özü də əsgərlərin sırasına ya­zılan və Berlinə qədər gedib çıxan qoca Georginin obrazı gözlərimiz önündə can­landı. Çox güman ki, bu, filmin təbiiliyinə, inandırıcılığına görədir. İnanmaq istərdik ki, tezliklə Azərbaycanda da buna bənzər filmlər çəkiləcək. Ssenari üçün real həyatdan götürüləsi hekayələrimiz isə həmişə olub.

...Həmyerlimiz, Bakı təvəllüdlü Əjdər Yusifov müharibədən əvvəl atası Abas Hacıağa oğlu ilə birlikdə sovet-fin müharibəsində iştirak edib. 1937-ci ildə Əjdər Gürcüstanda əsgəri xidmət keçirdi. Bu zaman o, SSRİ Müdafiə Nazirliyinin əmri ilə Fin müharibəsinə səfərbər edilib. Bundan xəbər tutan atası Gürcüstana ge­dib, təkidlə “Mən də oğlumla müharibəyə gedəcəyəm, onu tək buraxa bilmərəm”, deyərək oradan könüllü olaraq cəbhəyə yollanıb. Ata və oğul 1938–1939-cu illərdə eyni səngərdə finlərə qarşı vuru­şublar. Hətta könüllü Abas Hacıağa oğlu döyüşlərdə göstərdiyi cəsurluğa görə dəfələrlə mükafatlandırılıb. 1941-ci ildə Böyük Vətən müharibəsi başlananda ata ilə oğulun yolları ayrılıb. Ata yaşına görə tərxis olunub, oğul isə cəbhələrdə pulemyotçular dəstəsinin komandiri kimi alman faşizminə qarşı vuruşub, orden və medallarla təltif edilib.

...Doğma yurdu Şuşadan 2-ci Dünya müharibəsinə çağrılan Şamil Quliyev Mozdok uğrunda gedən döyüşlər za­manı birdən doğma səs eşidib. Dönüb geriyə baxanda atası Bahadur kişini görüb və kövrək duyğularla ona sarılıb. Ata və oğlunun bir neçə gün çəkən görüşündən sonra onların döyüş yolları ayrılıb. Ata nümunəsi oğulu daha böyük hünərlərə ruhlandırıb.

...Yüz il qabaq İsmayıllıda do­ğulmuş Həbulla Ağayev də həmin müharibədə igidliyi ilə seçilib. “Qırmızı ulduz” ordeninə layiq görülüb. Qara­bağ müharibəsi başlananda isə onun oğlu Ayaz döyüşlərə atılıb və 1994-cü ilin əvvəllərində Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Ayazı savaş meydanından çıxara bilməyiblər, taleyi naməlum qalıb.

Bu kimi faktlar fəxarətlə səslənən “mən atamın oğluyam, atamın qanında­nam” deyiminin həyati təzahürünə gözəl misallardır...

Son 30 ildə xalqımızın, dövlətimizin bir əsas narahatlığı, problemi əzəli torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğalı idi. Ötən əsrin 90-cı illərində nankor qonşularımız öz havadarlarının köməyi ilə ərazilərimizi zəbt etmiş, 1 milyona qədər soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Azərbaycan illərcə beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq, münaqişənin sülh danışıqları yolu ilə çözülməsinə ümid etsə də, qarşı tərəf tez-tez atəşkəs rejimini pozur, torpaqları xoşluqla qaytarmaq istəmir, əksinə, yeni ərazilərə də iddialı olduğunu dəfələrlə açıq-aşkar bildirirdi. Buna görə, ölkəmiz iqtisadiyyatı ilə yanaşı, özünün hərbi gücünü artırmağın da qayğısına qalırdı.

Heç vəchlə ipə-sapa yatmayan düşmənin 27 sentyabr təxribatı isə səbr kasası aşıb-daşan Azərbaycanı, nəhayət, əks-hücum əməliyyatına başlamağa vadar etdi və böyük zəfər yürüşünə start verildi. Cəngavər oğul­larımız qıy vuran qartal qırımı ilə Murov silsiləsini, Suqovuşanı aldılar, mühüm strateji yüksəklikləri ələ keçirdilər. Ardın­ca Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, yüzlərlə kəndimiz işğaldan təmizləndi. Qədim tarixi abidəmiz olan Xudafərin körpümüzə, onunla bərabər cənub sərhədlərimizə tam sahibləndik, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin obrazlı şəkildə söylədiyi kimi, Şuşaya bir nəfəs qədər yaxınlaşdıq və xüsusi təyinatlılarımız əfsanəvi qəhrəmanlıq göstərərək dik, sivri qaya­ların qaşındakı şəhərə girə bildilər. Alın­maz qalada durub lovğa-lovğa döşlərinə döyən erməni hərbçiləri özlərinin xarici muzdluları ilə bərabər, əlbəyaxa döyüşlərdə basılıb rəzil oldular və qor­xaqcasına canlarını götürüb qaçdılar.

Şuşada beli qırılan düşmən ertəsi gün daha 72 kəndi əldən verdi, noyab­rın 10-da isə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri kapitulyasiya sənədi olan birgə bəyanatı imzaladılar. Bu bəyanat Ali Baş Komandanımızın hərbi-siyasi triumfunu rəsmən təsdiqlədi. Silahlı Qüvvələrimizin zəfər kanona­dası qarşısında diz çökən Ermənistan hərbçiləri razılaşmanın şərtlərinə görə, artıq Qarabağdan “şələ-külə”lərini yığışdırıb gedirlər. Noyabrın 20-də Azərbaycan Ağdamı və Kəlbəcəri döyüşsüz aldı, Laçın da bu gün-sabah azadlığına qovuşacaq.

Böyük Qələbədə hər bir əsgər, gizir və zabitimizin böyük hünər payı var. Təbii ki, bu yolda qəhrəmancasına şəhid olan, gözünü qırpmadan irəli atılıb gülləyə tuş gələn və yaralanan döyüşçülərimiz də olub. Qələbə qur­bansız başa gəlmir. Amma Ali Baş Komandanımızın çox ağıllı taktika və strategiyasının, Milli Ordumuzun “5-ci nəsil” adlanan son dərəcə müasir hərbi texnika və döyüş vasitələri ilə təchiz edilməsinin sayəsində bizim itkilərimiz ermənilərinkindən müqayisəyəgəlməz dərəcədə az oldu. Bu gün hər bir azərbaycanlı şəhidlərimizin ruhu qarşı­sında ehtiramla baş əyir, yaralılarımıza isə tezliklə şəfa taparaq sıraya qayıtma­larını diləyir.

Eyni zamanda, qeyd etmək borcu­muzdur ki, döyüşlərdə atalar və oğullar amilinin də danılmaz rolu olub. Bir səngərdə əl-ələ verərək, Vətəni qoru­yan, müharibənin sərt sınaqlarından mətanətlə çıxan, Böyük Qələbəni addım-addım yaxınlaşdıran atalarla oğullar nəsillərə örnəkdirlər.

...Birinci Qarabağ müharibəsinin veteranı, 58 yaşlı mayor Çingiz Qəhrəmanov və oğlu, 22 yaşlı Rəşad İkinci Qarabağ savaşında 44 gün çəkən əks-hücum əməliyyatlarında çiyin-çiyinə vuruşublar. Canbir səngər yoldaşları – ata ilə oğul Laçının Güləbird kəndinə ilk daxil olanlardır.

...Vətən müharibəsinin ilk günlərindən övladları Şamil və İntiqamla birlikdə döyüşlərə atılan Müşfiq Abba­sov şəhidlik zirvəsinə ucalıb. Ağdamın Abdalgülablı kəndindən məcburi köçkün düşmüş ata həlak olsa da, oğulları səngərdən bir addım da geri çəkilməyib və intiqamlarını düşməndən isti-isti alıblar. Müşfiq kişi birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş. Şamil deyir ki, atası uşaq yaşlarından onları əsl vətənpərvərlik ru­hunda böyüdüb, bu gün üçün döyüşlərə hazırlayıb. Ruhu şad olsun: artıq Ağdam bütünlüklə bizimdir, artıq Qarabağ rahat nəfəs alır.

...Cəlilabadın Kövüzbulaq kəndindən olan İlqar Nadirovun 4 oğlu – Kənan, Faiq, Zəka və Novruz 44 günlük zəfər yürüşündə can-başla iştirak ediblər. Qardaşlardan ikisi hərbçidir, ikisi isə kö­nüllü olaraq Vətəni qorumağa yollanıb. Onların yeganə bacılarının həyat yoldaşı Əfrayıl Əzizəliyev də qayınlarına qoşu­lub. Novruz yaralanıb arxaya göndərilsə də, sağalan kimi yenidən döyüşlərə atılmaq istəyirdi.

...Tibb bacısı olan Zeynəb ana isə övladlarına əsl atalıq edərək onları mərd, mübariz qəhrəmanlar kimi yetişdirib. Böyük oğlu 1992-ci ildə, kiçik oğlu isə 2016-cı ilin şanlı Aprel döyüşlərində şəhid olublar. Bu il sentyabrın 27-də ikinci Qarabağ müharibəsi başlananda Zeynəb ana əsgər balalarımıza kömək etmək niyyətilə səfərbərlik üçün komis­sarlığa gedərək qeydiyyatdan keçib. “Əsgərlərin yarasını sarıyaram, nə tapşı­rıq verilsə, yerinə yetirərəm”, – deyib.

Bu kimi faktlar yüzlərlə, bəlkə də minlərlədir. Qarabağda döyüşlər yenicə dayanıb, bənzər hekayətlər hələ bundan sonra üzə çıxacaq. Maraqlı məqamlardan biri budur ki, 27–28 il əvvəl işğal səbəbindən ailələri doğ­ma yurd-yuvalarını tərk edən zaman bələkdə olmuş elə oğlanlar var ki, Qara­bağ müharibəsində doğma rayonlarına, kəndlərinə tankların üstündə qayıdaraq düşməni pərən-pərən salıblar. Atalarının yarımçıq qalan işlərini layiqincə davam etdiriblər. Belə oğullarla hansı valideyn, hansı millət qürur duymaz?!

Atalar və oğullar silsiləsinin bir özəlliyi də budur ki, Vətən uğrunda gedən döyüşlərin qızğın çağında səngərlərə yetişən xəbərlərə görə, bəzi əsgər, gizir və zabitlərin nur topası övladları dünyaya gəlib. Əksəri də oğul övladıdır. Quş qanadlı xəbərlərdən ruhla­nan gənc atalar düşmənin üstünə daha böyük ürəklə şığıyıblar. Onu da deyək ki, bəzi qəhrəmanlarımızın şəhadətindən az sonra onların da ailələrində ata­larını əvəz edəcək oğullar doğulub. Bu xəbərlər eşidib-bilən hər kəsi həm kövrəldib, həm də sevindirib.

Bax, atalar və oğullar estafeti beləcə davam edir. Bayrağımız ucala-ucala, zirvələri fəth edə-edə gedir. Bu isə o deməkdir ki, qəhrəmanlıq ənənələri layiqincə davam edəcək! Qalib millət olaraq, ulu öndərin miras qoyduğu yolla yeni-yeni qələbələrə doğru inamla irəliləyəcəyik!

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

27 Noyabr 2020 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə