Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz bərpa ediləcək

Ərazilərimizin erməni işğalından azad edilməsi daha bir vacib məsələni aktuallaşdırıb. Bu günlər dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpasına hazırlıq işləri görülür. “İkinci Qarabağ müharibəsi bizim şanlı qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq – ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri”. – Bunu Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı demişdir.

Qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respubli­kası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Agentliyin missiyası Ermənistan si­lahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidən qurul­ması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradıl­masını təmin etməkdən ibarətdir.

Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək. Prezident deyir ki, işğal­dan azad ediləcək bütün ərazilər qısa müddətdə bərpa olunacaq.

İndiyədək işğaldan azad edilmiş ərazilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpası üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində bütün infrastrukturu ilə birgə yeni qəsəbənin açılışı olub. Dövlət başçısı azad olun­muş digər ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirib: "Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, qurucu­luq işləri aparılır”.

Dövlət başçımız qətiyyətlə bildirir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz.

Böyük ərazilərimiz işğaldan azad edilib. Erməni vandalları bu yerlərdə daşı daş üstə qoymayıblar. Bu rayon­larda yüzlərlə dağıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onla­rın bərpası üçün böyük zəhmət və vaxt tələb olunur. Söz yox ki, bütün bunlar qüdrətli dövlətimiz üçün problem yarat­mayacaq. Rəsmi məlumata görə, bu işlərin reallaşması üçün kifayət qədər maliyyə vəsaiti də mövcuddur.

Söz yox ki, yerli və xarici investorlar da bölgənin bərpasında mühüm rol oy­nayacaq. Bu rayonlar böyük tikinti mey­danına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrində yeni evlər, yaşayış binaları tikəcək. Həmçinin, fərdi ev tikmək istəyənlərə də hər cür dəstək veriləcək.

Yəni, cəmi bir neçə ilə Qarabağda yeni müasir şəhərlər, kəndlər yarana­caq, mədəniyyət sarayları, idman are­naları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri açılacaq, region inkişaf etmiş müasir bir diyara çevriləcək.

Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayo­nunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır. Ümumi uzunluğu 29 kilo­metr olan avtomobil yollarının bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır.

Füzuli rayonunun Əhmədbəyli kəndindən Şuşaya avtomobil yolunun çəkilişinə başlanılıb.Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, 101,5 kilometr uzunluğu olacaq yolun layihələndirmə işləri aparılıb və işlərə start verilib.

A. Nəcəfli bildirib ki, hava şəraiti nəzərə alınmaqla Şuşaya çəkilən yolun tam olaraq il yarıma yekunlaşması plan­laşdırılır. Onun sözlərinə görə, 27-28 il düşmən tapdağında olan və bərbad vəziyyətə salınan digər azad edilən rayonlara da yeni yolların çəkilməsi planlaşdırılır.

Vaxtilə Xankəndiyədək gedən dəmir yolu, həmçinin Zəngilanadək olan dəmir yolu xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir ediləcək.

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhəboyu bölgələrdə düşmənin mülki obyektləri hədəfə alması nəticəsində baş verən qəzaların aradan qaldırılması və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə, 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə, 35 və 0,4 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazır­lanmışdır və onların mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimiz buna tam hazır vəziyyətdədir. Bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

27 Noyabr 2020 00:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə