Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azadlığın mübarək, doğma Ağdamım!

27 ildir ki, yollara həsrətlə baxırdım. Gözlərimin yaşı qurumurdu. Bu günü səbirsizliklə gözləyirdim. Nə qədər sevincli günlərim olsa da, doğulub boya-başa çatdığım Ağdam rayonunun erməni tapdağı altında qalması sevincimi gözlərimdə dondururdu. Bir tərəfdən də məcburi köçkün damğası əzab verirdi mənə. Doğma Vətənimdə məcburi köçkün olmaq ağır dərd idi. Allaha şükürlər olsun ki, artıq bunların hamı­sı arxada qaldı.

Artıq nə mən, nə qohum-əqrabam, nə də bütün ağdamlılar məcburi köçkün deyilik. No­yabrın 20-si mənim üçün unudulmaz, yaddaşı­ma əbədi həkk olunan bir günə çevrildi. Həmin gün xilaskar Prezidentimiz, Ali Baş Komanda­nımız cənab İlham Əliyevin xalqa müraciətini sevinc göz yaşları içərisində dinlədim: “Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.

Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Or­dusunun tarixi qələbəsi ilə başa çatdı. Müharibə qansız-qadasız olmur. Özü də həmin döyüşlər faşistlərdən də qəddar, amansız, qaniçən ermənilərə qarşı aparıla. Uzun illərdir ki, xarici havadarlarına arxayın olan ermənilər işğal etdikləri Azərbaycan ərazilərində törətmədikləri vəhşilik, barbarlıq qalmadı. Hətta insanlığa xas olmayan yola da əl atdılar – qəbiristanlıqları yerlə-yeksan etdilər. Nəhayət, cavablarını aldılar. Əslində, 2016-cı ilin Aprel döyüşlərində cavablarını almışdılar. Ancaq bundan ciddi nəticə çıxarmadılar. Görünür, havadarları onları yenə də qızışdırır, həm də Ermənistan ordu­sunun güclü olması barədə uydurulmuş mif təcavüzkarları getdikcə quduzlaşdırırdı. Bu ilin iyulunda Tovuz əməliyyatı zamanı Azərbaycan Ordusundan daha ağır zərbə alan Ermənistan silahlı qüvvələri sentyabrın 27-də yenidən təxribata əl atdı və bu dəfə artıq müharibəyə başladıqlarını gizlətmədilər.

Azərbaycan Ordusunun əks-hücumları qar­şısında çaşqın vəziyyətə düşən təcavüzkarlar silah-sursatlarını da atıb qaçdılar. Kömək üçün müxtəlif ölkələrə üz tutan Ermənistan rəhbərliyinə “Azərbaycan öz ərazisində vuruşur” cavabı tərs sillə oldu. Azərbaycan Ordusu­nun ağır zərbələri Ermənistanı diz çökdürmək məcburiyyətində qoydu. Nəhayət, noyabrın 10-da düşmən rəsmən təslim oldu. Həmin gün müstəqillik tariximizə Qələbə Günü kimi həkk olundu və 27 illik yurd həsrətinə birdəfəlik son qoyuldu. Bu, unudulmaz günə möhtərəm Prezidentimizin qətiyyəti, cəsarəti, polad iradəsi sayəsində nail olduq. Dövlətimizin başçısı dəfələrlə demişdi ki, münaqişənin həlli həm siyasi, həm də hərbi yolla mümkündür. İşğalçı Ermənistan isə bütün vasitələrlə siyasi həll yoluna problem yaradırdı.

Möhtərəm Prezidentimiz noyabrın 20-də xalqa müraciətində bunu bir daha diqqətə çatdırdı: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə ça­lışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.

Azadlığın mübarək, doğma Ağdamım! Sən indi azadsan, səbirsizliklə öz sakinlərinin yolunu gözləyirsən. Biz gələcəyik, özü də lap yaxın günlərdə. Artıq möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sənin qoynuna ilk qədəmlərini atdılar. Qədəmləri mübarək olsun! Sənin azadlığın bizi “məcburi köçkün” sözündən xilas etdi. Biz daha məcburi köçkün deyilik. Doğma yurdumuza, el-obamıza qayıtmağa tələsirik.

Səhər İSMAYILOVA,
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, Ağdam rayonundan olan sabiq məcburi köçkün

27 Noyabr 2020 00:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə