Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qüdrətli dövlətin uğursuz dövlət üzərində böyük qələbəsinin sevincli anları...

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də növbəti dəfə xalqa müraciət etdi: “Əziz həmvətənlər! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğal­dan azad olundu”.

Nə gözəl ki, Tanrı bizə bu sözləri eşitməyi qismət elədi. Tanrı bizə Kəlbəcərin azadlığını göstərdi. Əlbəttə, biz bu tarixi uğurumuzun Allah qatını, İlahi qaynağını deyirik, bununla belə, cənab Prezidentin dəfələrlə vurğu­ladığı kimi, qələbənin Azərbaycan əsgəri, zabiti tərəfindən qazanıldığını da unutmuruq. İşğaldan azad edilmiş torpaqlara müqəddəs bayrağımızı Azərbaycan əsgəri, Azərbaycan zabiti sancıb! Azərbaycan Ali Baş Komanda­nının qətiyyəti, prinsipiallığı olmasaydı, ordumuz fədakarlıq və peşəkarlıq etməsəydi, hərb meydanında qalibiyyət qazanılmasaydı, dövlət – xalq birliyi ol­masaydı, Kəlbəcər, Ağdam və Laçınla bağlı diplomatik-siyasi qalibiyyət əldə edilə bilərdimi? Əsla, yox!

Düşmənin xüsusi olaraq möhkəmləndirdiyi, beş qat müdafiə tələsi qurduğu Ağdamdan, təbii isteh­kamlı Kəlbəcərdən, sonuncu ayın ilk günündə Laçından qovulub çıxarıl­ması, müharibə yolu ilə baş tutsaydı, etiraf edək, bu, yüzlərlə hərbçimizin qanı, canı bahasına mümkün olacaq­dı. Əgər eyni nəticəni hərbçilərimizi itirmədən əldə edə biliriksə, bunu qiymətləndirmək lazımdır. Bu tarixi nailiyyətdir. Bu, Azərbaycan dövlət başçısının siyasi-diplomatik uğurudur. Bu, müzəffər ordumuzun qalibiyyətinin təntənəsidir. Bir daha vurğulayırıq ki, dövlət – xalq birliyimizin təcəllasıdır bu!

Bəs, Kəlbəcərin özəlliyi nədir? İlk növbədə, niyəsiz, necəsiz öz torpa­ğımızdır Kəlbəcər, biz bizim olana qovuşuruq. İkincisi, Kəlbəcər res­publikamızın Ermənistanla sərhəddə yerləşən, ən böyük əraziyə malik rayo­nudur. Kəlbəcər zəngin təbii ehtiyatlara malik rayonumuzdur. Kəlbəcər rayonu işğaldan öncəki dövrdə Azərbaycanın inkişafında özəl yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərimizdə yerləşir. Örnəyi, Söyüdlü yatağının qızıl ehtiyatları ilkin olaraq, 115 tondan çox qiymətləndirilir. Habelə, Ağduzdağ, Tutxun qızıl yataq­larında 15 tona yaxın qızıl ehtiyatının olduğu elmi şəkildə təsdiq olunub. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya yataqlarında 1000 tondan artıq (!) civə ehtiyatı mövcuddur. Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik başqa yataqları vardır.

Kəlbəcərimiz yalnız Azərbaycanda deyil, Güney Qafqazda, ümumən Qafqazda, hətta, yaxın-uzaq coğra­fiyada qış, yay, kurort–müalicə, tarix və inanc turizmi potensialı ilə xüsusi seçilən iqlimin, coğrafiyanın verdiyi təbii imkanlara malik bölgəmizdir. Kəlbəcər, o cümlədən, mifoloji qatlar, şifahi xalq ədəbiyyatı, aşıq ədəbiyyatı da daxil olmaqla zəngin mədəni irsə malik rayonumuzdur.

Bütün hallarda, torpağının altı da, üstü də sərvətlə dolu olan Kəlbəcərin ən əsas sərvəti qonaqpərvər, zəh-mətkeş, torpaqcanlı insanlarıdır!

Bir daha, bütün Kəlbəcərli dostlara salam – sayğılarımı, təbriklərimi yetirir, Kəlbəcərli gözəl günlər diləyirəm!

Yenidən qayıdaq dövlət başçısının xalqa müraciətinə.

Cənab Prezident Kəlbəcərin tarixi, mədəni, coğrafi gerçəkliyi, imkanları barədə geniş danışdı. Prezident Kəlbəcərin 27 il öncə necə işğal edilməsini faktların dili ilə təhlil etdi.

Getsin o günlər bir daha gəlməsin! Çox itkilərimiz oldu. 27 ildən artıq müddətdə işğal altında olan yalnız Kəlbəcər deyildi, Kəlbəcərli günlərimiz, xatirəmiz, itirilmiş uşaqlığımız, qeyb olmuş xoşbəxtliyimiz idi həm də… Ermənistan dövləti, dünya erməniliyi və erməni tərəfdarları Azərbaycan xal­qının səbrini uzun illər boyu zalımcası­na sınağa çəkdi. Günahsız insanların, körpələrin, uşaqların, qadınların, qo­caların qışın ortasında öz dədə-baba torpağından vəhşicəsinə qovulmasını, onların ağzı bağlı, içi dolu evlərinin talan edilməsini tarix unutmayacaq!

Cənab Prezidentin bu sözlərini xalqa müraciətin mətnindən xüsusi fərqləndirmək istərdim: “Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”.

Düşmən elə bilməsin ki, 27 il yaşadı, taladı, indi də gedib rahat yaşayacaq. Qüdrətli Azərbaycan dövləti uğursuz Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyini 27 – 30 il ərzində baş verən vəhşiliklərə görə məsuliyyətə cəlb edəcək. Ermənistan beynəlxalq məhkəmələr vasitəsi ilə Azərbaycana təzminat ödəyəcək. O Ermənistan ki, o təzminatın (ilkin hesablamalara görə ən azı 50 mil­yard dollar olacağı təqdirdə belə…) altından çıxa bilməyəcək. Deməli, Azərbaycan Prezidentinin “endir o bay­rağı dirəkdən, bük, qoy cibinə” tarixi kəlamına, ölçüsünə uyğun davranmalı olacaq. Ermənistanda ermənistanlılıq qalmayacağını bir çoxumuz dəfələrlə öz təhlillərimizdə, proqnozlarımızda vurğulamışdıq. Ermənistan məğlub ölkə olaraq, özünün “vahiməli o gün”ünü yaşayacaq. O gün uzaqda de­yil. Biz isə qalib ölkə olaraq, Kəlbəcərlə bağlı tarixi günümüzü, həsrətə son verdiyimiz günü “O gün bu gündür!” deyə qeyd edirik. Prezidentimiz Xalqa Müraciət edir, Kəlbəcərlilər Şəhidlər Xiyabanına axışır, küçələrdə bayraqlı maşınların yürüşü keçirilir, bütövlükdə, xalqımız Kəlbəcərin azadlığını bayram edir!

Qələbə qələbə gətirir, uğur gətirir! Suqovuşan, Murov zirvəsi, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubad­lı, Şuşa zəfərlərimiz, neçə-neçə kəndimizin azad edilməsi ard-arda bir-birini doğurdu, yeni zəfərlərimiz üçün əsas oldu, bazis təşkil etdi! Ağdam azad edildi, Kəlbəcər azad edildi! Sıra­da Laçının öz azadlığına qovuşacağı gün gəlir!

Laçından sonra bir başqa Azərbaycan olacağıq! Ruhumuz dirçəlib, ümidlərimiz inama çevrilib, biz bizi biz edən kökləri, ruhu bütün gücü, qüvvəti ilə görürük, dərk edirik. Şübhələr toz-duman olur, ulu öndərin “Azərbaycan dünyaya Günəş kimi do­ğacaq” kəlamı gerçəkləşir! Bu Günəş ən soyuq yerdə, ən sazaq günlərdə də bizi isidəcək, bizi yeni zəfərlərə, qalibiyyətlərə səsləyəcək! Əkəcək, becərəcək, suvaracaq, yetişdirəcək, toxuyacaq, istehsal edəcəyik… Bir sözlə, gül-gülüstana çevirəcəyik el-obalarımızı.

“Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın. …Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini”... Bu, müzəffər Ali Baş Ko­mandanın sözləridir!

“Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada ya­şayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Yenə, Prezidentin xalqa müraciətindən gətirdiyimiz bu sitat bir daha və bir daha, bizim zəfərin bəşəri mahiyyətini göstərir. Bizim qələbəmiz, bütün tərəqqipərvər bəşəriyyətin qələbəsidir, əslində. Biz belə bir bar­barlığı durdurmaqla, belini qırmaqla onların yaratmaq istədiyi mənfi prese­dentin qarşısını almışıq…

Azadlığın mübarək, Kəlbəcər!

Gözün aydın, Azərbaycan!

Var ol, müzəffər ordumuz!

Minnətdarıq, cənab Ali Baş Koman­dan!

Ruhunuza ehtiramımız əbədidir, əziz şəhidlərimiz!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

27 Noyabr 2020 00:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə