Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqillik tariximizin qürur yaşadan zəfəri

Deyirlər, tarix müəyyən fasilələrlə təkrarlanır. Azərbaycan xalqının ölkənin qədim və mərkəzi əyaləti Qarabağı Ernənistan işğalından qorumaq, itirilmiş ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizədə ilk hərbi zəfəri düz 1 əsrdən sonra bizim günlərdə təkrarlandı. Azərbaycanın milli müstəqillik tarixində xalqımızın taleyinə yazılmış sonuncu böyük və yaddaqalan hərbi zəfər yüz il əvvəl – 1920-ci ilin yazında qazanılmışdı. Həmin ilin mart ayının 23-nə keçən gecə tarixi torpaqlarımızda yenicə elan edilmiş Ermənistan dövlətinin təcavüzkar silahlı qüvvələri və onun Qarabağda təşkilatlandırdığı terror dəstələri Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun bölgədə yerləşən bölmələri üzərinə qəfil hücuma keçməklə, müvəqqəti də olsa, öz niyyətlərinə nail ola bilmişdilər – daşnaklar Qarabağın dağlıq hissəsinə nəzarəti ələ keçirmişdilər.

Bu kəmfürsət planların davamın­da o zaman Azərbaycanın böyük əraziləri də Ermənistanın işğalı altına düşməli idi. Nəzərdə tutulmuşdu ki, erməni silahlı qüvvələri Qarabağın dağlıq hissəsindən Tərtərə və oradan da Gəncəyə çıxsınlar və sonra isə Gəncədən Qazax–Ağstafaya qədər olan əraziləri zorla Ermənistana birləşdirsinlər. Eyni vaxtda Qazax–Ağstafa istiqamətindən də hücu­ma başlayan erməni dəstələri bu işğalçılıq planının həyata keçməsinə öz dəstəklərini verməli idilər. Bununla da xəstə təxəyyülün məhsulu olan “Böyük Ermənistanın” coğrafiyasının cızılması üçün Azərbaycan ərazisinin böyük bir hissəsi yerli əhalidən təmizlənməli, türk-müsəlmanlara münasibətdə ən adi insani meyarları əldən vermiş erməni toplumunun tapdağı altına düşməli idi.

O zaman dövrün və şəraitin çətinliklərindən heç də yaxa qurtar­mamış AXC hökuməti bütün po­tensialını toplayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda ağırılı-acılı bir müharibəyə qalxdı. Dövrün milli siyasətçilərinin ərklə “ağsaqqal generalımız” adlandırdığı hərbi nazir Səməd bəy Mehmandarov silah­daşlarını toplayıb cəbhəyə səfərbər etdi və onlarla birlikdə Vətənə sədaqətli xidmətin nəsillərə meyar olacaq bir nümunəsuni tarixə həkk elədi. Bütün cəhdlərinə və böyük qüvvələr cəlb etməsinə baxmayaraq erməni-daşnak qüvvələri Qarabağı Azərbaycandan qopara bilmədilər. Cümhuriyyət ordusu böyük fədakarlıqlar nəticəsində bu qədim türk diyarını işğaldan, yad nəfəsindən qorudu, yeni yaradılmış müstəqil dövlətin ərazi bütövlüyünün pozulma­sına imkan vermədi.

Lakin bu sevincin ömrü uzun olmadı, çox keçmədən Azərbaycanın müstəqilliyinə son qoyulmuşdu. Qarabağın başı üzərində yenidən qara buludlar görünməyə, ayağında sərt küləklər əsməyə başlamışdı. Bununla belə, Azərbaycan xalqı hələ AXC dövründə Vətəni müdafiənin dəyərli bir təcrübəsini yaratmışdı. Bu misilsiz təcrübə bir əsr sonra, yəni 2020-ci ilin payızında yenidən təkrar olundu. Özü də yeni keyfiyyətdə və daha yüksək səviyyədə. Çünki 1920-ci ildən fərqli olaraq, 2020-ci ildə Azərbaycan daha mürəkkəb hərbi-siyasi durumda idi.

Belə ki, Qarabağın dağlıq hissəsi tamamilə işğal altına alınmışdı, bu ərazidə yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalmışdı. Müdhiş Xocalı soyqırımı həyata keçirilmişdi, Şuşa şəhəri, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları işğal edilmişdi, bu ərazinin təmas xəttində mürəkkəb istehkam qurğuları yaradılmışdı. Baş­lıcası isə erməni-faşist düşüncəsini və təfəkkürünü bölüşən dünyanın çox böyük dövlətləri Azərbaycan ərazilərinin işğal altında qalması üçün Ermənistana hər cür kömək göstərirdi.

Azərbaycan xalqının, ölkə rəhbərliyinin zəkaya, bəşəri ədalətə, dünya dövlətləri tərəfindən rəsmi şəkildə tanınmış sərhədlərin bərpasına çağırış səsləri isə hər vasitə ilə qulaqardına vurulur və hətta Azərbaycanı mövcud reallıqla barışdırmaq, işğal olunmuş torpaq­ları unutdurmaq meyli belə özünü göstərməkdə idi. Ermənistanın faşist ideologiyasına köklənmiş rəhbərliyi və dünya erməniliyi isə haqqa göz yuman, işğalçını cəzasızlıqdan qoru­yan böyük dövlətlərin və qüvvələrin mahiyyətindən doğan ikili yanaşma­dan şirniklənməklə insanlığa meydan oxumaqda davam edirdilər.

Vəziyyət o yerə çatmışdı ki, Ermənistanın yeni rəhbərliyi, habelə dünya erməniliyinin nümayəndələri münaqişənin danışıqlar yolu ilə həlli üçün ATƏT-in BMT mandatlı Minsk qurupu həmsədrlərinin vasitəçiliyi ilə hazırlanmış baza prinsipləri üzrə da­nışıqların pozulması üçün ən müxtəlif bəhanələrə əl atır və Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid edirdilər. Məsələn, Ermənistanın müdafiə naziri David Tonayan 2019-cu ilin mart ayında Vyanada Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşündə yenidən nü­mayiş etdiridiyi prinsipial və ədalətli mövqeyə özünəməxsus şəkidə ca­vab verdi. O, ABŞ-da erməni diaspor nümayəndələri ilə və Pentaqondakı görüşlərində Azərbaycanın işğal edilmiş ərazilərinin nəinki geri qayta­rılmayacağını, əksinə, yeni ərazilərin də ələ keçirilə biləcəyini bəyan etdi.

Ermənistanın müdafiə naziri o za­man “yeni müharibə – yeni ərazilər” tezisini ortaya qoydu və bu hədənin həyata keçməsi üçün strateji planları da açıqladı. D.Tonayan bildirdi ki, Ermənistan ordusu indi hücum ordu­suna çevrilməkdədir. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri səngərlərdə oturmaqla müdafiə mövqeyinə üstünlük verilməsinə son qoymalı və hücum fəaliyyətini əsas vəzifəsinə çevrilməlidir. “Biz səngər vəziyyətindən, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi əməliyyatları düşmən ərazisinə keçirməyə qadir olan bölmələrin sayını artıracağıq”.

Bu bəyanatından az sonra Ermənistanın müdafiə naziri Tona­yan 2019-cu ilin aprel ayının 13-də Ermənistanın Gədəbəy rayonu ilə sərhəd olan nöqtəsinə gəlib oradan keçmiş Başkənd ərazisini müşahidə etdi və bu əraziyə olan iddiasını açıq şəkildə ortaya qoy­du. D.Tonayan bununla bir daha göstərdi ki, Ermənistan rəhbərliyinin Azərbaycanın yeni ərazilərinə olan iddiası heç də adi söhbətlər deyil.

Cari ilin iyul ayında Tovuzla sərhəd xəttində baş vermiş məlum hadislərədən bir neçə gün əvvəl isə özünü Qarabağdakı separatçı rejimin qondarma xarici işlər nazirinin müşaviri adlandıran Ruben Mar­qaryan adlı birisi, guya, “beynəlxalq normalara əsasən”, Azərbaycanı erməni torpaqlarını işğal etməkdə ittiham etdi. O, Xankəndi rejiminin keçmiş Şaumyan rayonuna, “Şimali Arsax”a daxil olan Gəncə şəhərinə, Daşkəsən, Gədəbəy, Şəmkir, Xanlar rayonlarına olan ərazi iddiaları­nı irəli sürdü. O bəyan etdi ki, bu ərazilərin ələ keçirilməsi qondarma DQR-in (həqiqətdə isə Ermənistan Respublikasının) siyasətinin mü­hüm istiqamətlərindən birini təşkil edir. Bununla bağlı BMT-nin bir sıra qərarlarına öz təfəkkürü çərçivəsində istinad edən müəllif, hətta, Azərbaycanın bu sənədlərə riayət etməyə və adları çəkilən əraziləri qondarma rejimə qaytarmağa borclu olduğunu bildirdi.

Son 30 ilin cəzasılığı, müəyyən beynəlxalq qüvvələrin isə obyek­tivlik meyarlarını alverə çevirməsi Ermənistanın zehniyyəti təhriflərə düçar olmuş rəhbərliyini hər id­diada dorğu olacaqları qənaətini xeyli gücləndirirdi. Ona görə də Ermənistanın indiki və keç­miş rəsmilərinin Qarabğın dağ­lıq hissəsinə davamlı səfərləri, Ermənistan rəhbərliyinin hər vasitə ilə sülh danışıqlarını pozmaq cəhdləri, Azərbaycana qarşı məntiqdən uzaq olan iddiaların irəli sürülməsi Ermənistanın təcvüzkarlığının yenidən partlayacağına ehtimal ya­radırdı. 2020-ci ilin iyulunda Tovuzla sərhəddə baş verənlər, həmin ilin av­qustunda erməni diversiya qrupunun Azərbaycan ərazisinə göndərilməsi, bunun ardınca da Ermənistanda könüllülərdən ibarət qoşun dəstəsinin yaradılmasına başlanması təcavükar dövlətin Azərbaycana qarşı işğalçılıq siyasətinin yenidən gündəmdə oldu­ğuna şübhə yeri qoymurdu.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasnın Prezi­denti İlham Əliyev 2020-ci il sentyabr ayının 25-də Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını bəyan etdi. Azərbaycan rəhbəri bu məlumatın Avropa Komissiyasına çatdırılmasını da lazım bildi: “Kəş-fiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiya­sının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.

İstər reallıq hisslərini itirmiş Ermənistan rəhbərliyinin, istərsə də ikili yanaşma ilə erməni millətçilərinin faşist ideologiyasına və fəaliyyətinə şərik olan qüvvələrin Azərbaycanın dövlət rəhbərliyinin xəbərdarlıqlarını qulaqardına vurması isə bölgədə yenidən müharibənin alovlanma­sına yol açdı. Dünya dövlətlərinin və beynəlxalq ictimaiyyətin yeni bir susqunluğu ilə qarşılaşacaqlarına ümid edən Ermənistan rəhbərliyi son illərdə törətdikləri hərbi təxribatlara görə Azərbaycan Ordusu tərəfindən layiqli cəzalar alması ilə hesablaş­mayaraq 2020-ci il sentyabr ayının 27-də yeni bir hərbi təxribata əl atdı, Azərbaycanın yaşayış məntəqələri güclü atəşlərə məruz qaldı.

Ermənistan rəhbərliyi, onun millətçi dairələri və faşist xislətli hamiləri növbəti dəfə də Azərbaycanın sarsılmaz iradəsi ilə qarşılaşdı, dünya erməniliyini diz çökdürən haqlı zərbə ilə üzbəüz qaldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu təxribatın başlanmasından dərhal sonra Təhlükəslizlik Şurasının iclasındakı çıxışında Ermənistan rəhbərliyinin korafəhmliyinə, ağlasığ­maz iddialılığına belə qiymət verirdi: “Mən Ermənistana xəbərdarlıq et­mişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma gö­rünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir”.

Cəmi ay yarım davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist mahiyətli dünya erməniliyinə və onların havadarla­rına elə bir dərs verildi ki, bölgədə tamamilə yeni bir reallıq yarandı. 30 il ərzində davam edən işğala susqun­luqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşı­sında diz çökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarixi mənzərə ortaya çıxdı. Azərbaycan xalqı və onun iradəsini ifadə edən müstəqil dövləti gücünü və qətiyyətini toplayaraq öz ərazilərini erməni işğalından azad etdi, fərqli bir dünya düzəni yaratmaqla yeni bir tarix yazdı.

Azərbaycan xalqı sübut etdi ki, haqsızlığa dayaqlanan şər və təcavüzlə onun iradəsini qırmaq, Azərbaycan xalqı ilə zor və təzyiqlə danışmaq, Azərbaycan xalqının səbri və dözümü ilə siyasi alver etmək olmaz. Kimsənin torpağına göz dikməyən Azərbaycan dövləti tor­paqlarının da yad tapdağı altında qal­ması ilə barışmadı və bu torpaqlarda əbədilik kök salacaqlarına şübhə etməyən quldurxislət ermənilərə layiq olduğu yerini göstərdi, müstəqil ölkənin ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın ərazi bütövlü­yünün təmin edilməsində və Qa­rabağ torpaqlarının işğalına son qoyulmasında, heç şübhəsiz ki, ilk növbədə, Azərbaycan Ordusu misilsiz fədakarlıq nümayiş etdir­di. Mübarizlik, qətiyyət, şücaət, xalq və dövlət maraqlarına sonsuz sədaqət, düşmənə hədsiz nifrət hər bir əsgərin, zabitin və gene­ralın şəxsində düşmənə doğru istiqamətlənmiş ağır bir yumru­ğa çevrildi. Azərbaycan Ordusu mürəkkəb döyüş şəraitində bu gün bütün dünyanı heyrətə salacaq bir məharət göstərməklə, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli bir səhifə yazdı.

Azərbaycan xalqının arzusunu, istəyini qanı və canı bahasına həyata keçirən bu ordunun gücü, qüdrəti hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yaranmağa başla­mışdı. Prezident Heydər Əliyev ordu­nu Azərbaycanın daimi, əbədi və sar­sılmaz olacaq müstəqilliyinin qarantı kimi görürdü. Ümummilli lider belə bir vəzifənin öhdəsindən gələcək güclü bir ordunun formalaşdırılması üçün məqsədyönlü, irimiqyaslı siyasət həyata keçirirdi.

Dövlət quruculuğunun məhsuldar dövründə Heydər Əliyev ordunun təşkilatlandılrılması ilə bağlı belə de­yirdi: “Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın əsas vəzifəsidir. Biz orduya xüsusi qayğı göstətrməliyik, onu möhkəmləndirməli və inkişaf etdirməliyik”. Bu istiqamətdə aparılan gərgin fəaliyyətin nəticələrini isə Heydər Əliyev belə qiymiətləndirirdi: “Azərbaycan torpaqlarının qorun­masına qadir olan ordumuz var və Azərbaycan əsgəri bu gün canını verib Azərbaycanın müstəqilliyini, torpaqlarını qorumağa hazırdır”.

Azərbaycanın dövlət müstəqilliyinə sonsuz sədaqət, bu günün tələblərini də qarşılamağa imkan verən yüksək maddi-texniki təchizat, ən mürəkkəb hərbi tapşırıq­ların icrasını şərləndirən peşəkarlıq müasir Azərbaycan Ordusunun mənzərəsini müəyyənləşdirən başlı­ca cəhətlərdir. Belə bir ordunu təmsil edən Azərbaycan hərbçilərinin malik olduqları peşəkarlığı qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirmək, zaman və məkan amillərindən səmərəli istifadə etmək, müəyyən edilmiş tapşırıqlar əsasında əsas zərbə istiqamətini vaxtında və düzgün istiqamətləndirmək, sonra da həmin istiqamətdə hücum üstünlüyü yaratmaq, məqsədyönlü təmkin, qətiyyət və mübarizlik kimi zəruri amillər bütünlükdə müharibənin getdiyi dövrdə təşəbbüs dinamikasını əldə saxlamağa yol açdı.

Azərbaycan Ordusunun nəyə qadir olduğunu Azərbaycan Res­publikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də elə əks-hücum əməliyyatlarının davam etdiyi vaxt belə xarakterizə edirdi: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğur­lu nəticələri olacaqdır”.

Azərbaycan Ordusu 44 günlük müharibə dövründə elə bir məharət göstərdi ki, dünyanın ən böyük dövlətlərinin, ən güclü ordularının nümayəndələri belə bu məharətdən irəli gələn təcrübənin öyrənilməsinin gələcək müharibələrin aparılma­sı üçün zəruri sayırlar. Məlumdur ki, dünyanın müvafiq reytinq agentlliklərinin sorğusuna görə, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer tutmuş­dur. Bu sorğu, əsasən, orduların malik olduğu fiziki ölçülərə görə apa­rılır. Məsələn, ordunun sayı, büdcəsi, texniki təchizatı, hərbi təhsil poten­sialı və buna oxşar digər məsələlər. Amma bu sorğu meyarlarına ordunun məharəti, taktiki təfəkkürü, mənəvi dəyərləri, döyüşkənliyi kimi meyarlar daxil deyildir.

Azərbaycan dövlətinin rəhbərliyi altında formalaşdırılmış milli ordu­muz isə yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktika nümayiş etdirdi. Azərbaycan təcrübəsində dün­yada ilk dəfə pilotsuz uçan zərbə aparatlarının uzunmüddətli, geniş və uğurlu istifadəsi baş verdi. Bu isə dünya hərb taktikasına yeni bir istiqamət verdi və bütün dün­yaya da göstərdi ki, müasir döyüş taktikasının yeni istiqaməti nədir. Həmin taktikanın öyrənilməsi, ümumiləşdirilməsi və onun hərbi təlimatlara, nizamnamələrə, dərsliklərə əlavə edilməsi isə Azərbaycan Ordusunun taktiki nəzəriyyələrin təkmilləşdirilməsinə gətirdiyi bir yenilikdir.

Bununla Azərbaycan Ordusu, əslində, müasir dünya döyüş takti­kasının modelini müəyyənləşdirən bir ordu olduğunu ortaya qoydu. Başlıcası isə Azərbaycan Ordu­su bu Vətən müharibəsində qa­barıq şəkildə göstərdi ki, dövlət rəhbərliyinin və təmsilçisi olduğu xalqın ona bağlanılan ümid və inamı heç də əbəs deyildir. Azərbaycan Ordusu ölkənin müstəqilliyini eti­barlı şəkildə müdafiə etməyə qadir olan bir ordudur və Azərbaycanın müstəqilliyinə qəsd etmək fikrinə düşən hər bir qüvvə də bilməlidir ki, öz qarşısında Azərbaycan Ordusunu görəcəkdir.

Füzuli rayonunun, başlıcası isə Şuşa şəhərinin azad edilməsi üçün göstərilən məharət və döyüşkənlik isə xalqımızın hərb tarixində hər zaman böyük bir qürurla xatırla­nacaq bir şücaətdir. Düşmənin otuz il ərzində yaratdığı mühəndis-istehkam qurğuları, çoxmərtəbəli müdafiə səddi, Şuşa şəhərinin təbii şəraiti erməni işğalçı qüvvələri üçün böyük döyüş imkanları yaratsa da, Azərbaycanın ordu bölmələrinin sürətli, gözlənilməz, fədakar hücumu onların bu üstünlüyünü heçə endirdi və bu bölmələr yalnız düşməni deyil, ən təcrübəli hərbçiləri belə heyrətə salacaq döyüş nümunələri göstərdilər.

Şuşa şəhərinin azad edilməsi üçün Azərbaycan Ordusunun göstərdiyi fədakarlığı Ali Baş Komandan İlham Əliyev belə qiymətləndirirdi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silah­larla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şu­şanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

Şuşa da daxil olmaqla döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanını isə dövlət başçısı İlham Əliyev Azərbaycan əsgəri və zabiti hesab edirdi: “Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qa­rış azad edə-edə bu qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Müharibələr cəmiyyət həyatında qan-qadalarla, böyük qırğınlarla, ağır sınaqlarla müşayiət edilən ictimai-kütləvi bir prosesdir. Bu savaşlar insanlara sonsuz məşəqqətlər, say­sız qurbanlar, arzuedilməz dağıntılar gətirsə də Azərbaycan xalqı erməni hərbi təxribatlarına cavab verilməsi, işğal altında olan torpaqlara azadlıq nəfəsi gətirilməsi üçün Azərbaycanın dövlət rəhbərliyinin əks-hücum əməliyyatlarına start verməsini çox böyük məmnunluqla qarşıladı və başlanan Vətən müharibəsində bütünlüklə Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirdi.

Azərbaycan xalqı yaxşı bilirdi ki, hərbi seçimə əl atmadan 30 il müddətində onun qədim torpaqlarını işğal altına alaraq viranə günə salan, oxşar xislətli dünya qüvvələrinin ərköyün övladı olan erməni işğalçı-millətçi qüvvələrini haqq yoluna gətirmək mümkün olmayacaqdır. Hələ 2020-ci ilin iyulunda Tovuzla sərhəddə baş verən erməni hərbi təxribatına cavab verildiyi günlərdə Azərbaycan xalqı yekdilliklə ayağa qalxdı və elə bütün dünyaya da nümayiş etdirdi ki, onun iradəsi ilə oynamaq olmaz, bu xalqa məxsus olan torpaqların azad edilməsi üçün bu xalq nəhayət ki, öz qətiyyətini nümayiş etdirəcəkdir.

Belə də oldu və haqqın və ədalətin bərpa edilməsi üçün Vətən müharibəsinin başlanması Azərbaycan xalqı birmənalı şəkildə dövlət ətrafında səfərbər etdi. Onun gücünə və mübarizliyinə dayaqlanan Azərbaycan dövləti və Azərbaycan Ordusu isə bu xalqın nəyə qadir olduğunu öz fəaliyyəti ilə ifadə etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz çıxışla­rında təkrar-təkrar bəyan edirdi ki, xalq–dövlət, xalq–ordu birliyi ordunun gücünü formalaşdıran çox ciddi bir amildir. Dünya miqyaslı siyasət və dövlət adamı bildirirdi ki, ordu xalqın ayrılmaz bir hissəsidir və ordunun mübariz əhval-ruhiyyəsi də xalqın mənəvi keyfiyyətlərindən qüvvə alır. Yəni xalq öz müstəqilliyinə və dövlətçiliyinə, ölkəsinin ərazi bütövlüyünə sədaqətli, düşmənlərinə isə barışmaz olarsa, onda bu müba­riz keyfiyyətlər xalqın övladları olan əsgər və zabitlər tərəfindən orduya da daşınmaqla ordunun mənəvi si­masını yaradacaqdır. Heydər Əliyev belə bir fikri də söyləyirdi ki, ordunun xalq qayğısı ilə əhatə olunması, yalnız ordunun güclənməsinin şərti deyil, həm də dövlətin qüdrətinin mənbəyidir.

Ay yarım ərzində gözlərimiz qar­şısında yazılan şərəfli tarixin başlıca qəhrəmanlarından biri də, sözsüz ki, Azərbaycan xalqıdır, düşmənə aman verməmək üçün özünü güllə qarşı­sına atmağa hazır olan Azərbaycan vətəndaşlarıdır, torpağının yad tap­dağından azad olunması istəyi bütün qayğılarını üstələyən Azərbaycan öv­ladlarıdır. Bu müharibənin gedişində xalqımız düşmən qarşısında vahid toplum olmağın, güclü bir yumruğa çevrilməyin yeni bir nümunəsini yaratdı. Vətən müharibəsinin başlaması ilə Azərbaycanın ya­şayış məntəqələrinin, xüsusilə döyüş bölgəsinə yaxın olan yaşa­yış məntəqələrinin hər bir evi bir səngərə çevrildi, erməni faşizminin dinc əhaliyə qarşı apardığı vəhşiliyin qarşısında təpərli bir müqavimət ocağı oldu.

Kimsə erməni vəhşiliyinə boyun əyib ev-eşiyini tərk etmədi, yersiz təşvişə və həyəcanlara yer vermədi. Əksinə, xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi. Erməni vəhşiliyinin qurbanı olan günahsız insanların faciəsi isə bütün xalqın faciəsinə çevrildi. Bu birlik, ümumi əzmkarlıq, cəbhəyə bağlı olan həmrəylik isə Azərbaycan Ordusuna güc-qüvvət verdi, tarixi qələbəyə aparan yola işıq tutdu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı erməni işğalına qarşı aparılan müharibədə əldə edilmiş tarixi qələbəni bütün xalqın qələbəsi kimi qəbul edirdi və deyirdi: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparla­dıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq!

Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. ...İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xal­qımız birlik, həmrəylik göstərmişdir”.

Dünya müharibələr təcrübəsi onu da göstərir ki, güclü ordunun mövcudluğu, xalq həmrəyliyi, habelə dövlətin siyasi və iqtisadi gücü, cəmiyyətin mübariz mənəvi əhval-ruhiyyəsi, ön və arxa cəbhənin vəhdəti, informasiya və diplomatiya çevikliyi və s. amillər müharibənin uğurla aparılması üçün mühüm amillərdir. Lakin bu amillərin hər birinin ayrı-ayrılıqda mövcudluğu müharibənin uğurla aparılması üçün heç də yetərli deyil. Həmin amillər yalnız dövlətin təşkilati fəaliyyəti ilə məqsədyönlü siyasət çərçivəsində planlaşdırıldıqda, formalaşdırıldıqda, qarşıya qoyulan hədəf müstəvisində düzgün uzlaşdırıldıqda və məntiqli şəkildə səfərbərliyə alınaraq cəbhəyə istiqamətləndirildikdə özünün əməli nəticəsini verə bilər.

Bu baxımdan, cəmiyyət daxilində özünü göstərə biləcək ictimai-kütləvi proseslərin heç biri ordu quruculuğu və müharibə kimi mərkəzləşdirirlmiş rəhbərliyi və vahid komandanlığı tələb etmir. Çünki sərt intizamı, icraçılığı və nəzarəti tələb edən hərb işinin mahiyyəti ölkənin, dövlətin bütün potensialının bir mərkəzdə toplanmasını, bu potensialın vahid mərkəz tərəfindən idarə olunması­nı və istiqamətləndirilməsini tələb edir. Bütün bunlar isə hərb işində, o cümlədən, müharibələrin aparılma­sında ali baş komandanların rolunu birmənalı şəkildə ön plana çıxarır.

Ali Baş Komandan, xüsusilə müharibə dövründə xalqın bütün gü­cünün hərb və müdafiə işinə səfərbər edilməsini təmin edə biləcək bir strateji vəzifə sahibidir və ona görə də bu vəzifə sahibinin öz fəaliyyətini necə qurmasının dövlət maraqlarının qorunmasında müstəsna əhəmiyyəti vardır. Dünya təcrübəsi də göstərir ki, səriştəli, qətiyyətli və mübariz ko­mandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyəti də bir daha onu göstərdi ki, ölçülüb-biçilmiş, əsaslandırılmış, bütün riskləri və təfərrüatları hesablanmış rəhbərlik və təşkilatçılıq olmadan müharibədən qalib çıxmaq mümkün deyildir.

Bu mənada, müharibə həm də dövlət idarəçiliyinin, ali baş koman­danlığın sınağıdır və bu sınaqdan yalnız ən məsuliyyətli bir zamanda ən doğru seçim etməyi və bu seçimin ən düzgün icrasını təşkil etməyi ba­caran Ali Baş Komandan uğurla çıxa bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, məhz belə keyfiyyətlərə malik olduğunu nü­mayiş etdirdi. Respublika Prezidenti Vətən müharibəsinin gedişində etdiyi çıxışlarda bir neçə dəfə bəyan etdi ki, hansı qərarın nə zaman və necə qəbul edilməsini o çox yaxşı bilir. Çünki müharibə kimi kütləvi insan qırğınlarına apara biləcək bir seçimə əl atılması Ali Baş Komandandan böyük məsuliyyət tələb edir. Qəbul edilən qərarda azacıq tələskənliyə yol verilməsi kütləvi insan qırğınların­dan əlavə dövlətin özünün mövcud­luğunu təhlükə altına ala bilər. Ali Baş Komandanın ustalığı ondadır ki, bütün bu məsələləri dəqiqliklə hesablaya və sonra da öz ordusunu, öz xalqını qələbəyə apara bilir. İlham Əliyev də belə Ali Baş Komandandır, öz ordusunu, öz xalqını tarixi zəfərə aparan bir komandandır.

Çıxışlarından göründüyü kimi, müharibənin bütün gedişi Ali Baş Komandan kimi cənab İlham Əliyevin nəzarəti altında idi, bütün döyüşlər onun təsdiqi ilə planlaşdırılır və həyata keçirilirdi. Məqsədyönlü təmkin, hər addımın hesablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çe­vikliyi, dövlətin və xalqın potensi­alının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi uğurların dinami­kasını təmin etdi. Döyüş taktikasında yeni təfəkkürə yer verilməsi, tətbiq edilən yeniliklərin səmərəliliyinə nail olunması Azərbaycanda dünyanı heyrətə salacaq yeni bir döyüş təcrübəsinin meydana gəlməsinə yol açdı ki, bu da İlham Əliyevin Ali Baş Komandanlığı ilə dünya hərb taktika­sına gətirilmiş bir yenilik idi.

Azərbaycan lideri İlham Əliyev bu müharibə dövründə yalnız ordunun deyil, həm də informasiya və diplomatiya sahəsində aparılan müharibənin baş komandanı idi. Bu müharibənin gizli qalan məqamları olsa da, bütün xalqın gözü qarşı­sında cərəyan edən səhnələri də mövcuddur. Haqqı ayaq altına alıb haqsızlığın müdafiəısinə qalxmış beynəlxalq mediya nəhənglərinə qarşı ölkə rəhbəri İlham Əliyevin təmkinli, tutarlı, əsaslandırılmış cavabları Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurları tamam­ladı və Azərbaycan xalqına tarixi zəfəri qazandırdı.

Nəticədə, ulu öndər Heydər Əliyevin də vəsiyyətlərinin həyata keçməsinin sevincini bütün xalq­la bölüşən Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində əldə edilən böyük qələbənin memarına çevrildi. Elə bir qələbənin ki, zaman ötdükcə onun qüruru yeni nəsillərin yurd sevgisini yüksəldəcək, bu yenilməz ruh isə sərhədlərimizin pozulmasına imkan verməyəcək.

Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix üzrə elmlər doktoru

27 Noyabr 2020 00:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə