Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin növbəti plenar iclası keçirilib

Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclası açaraq Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana təhvil verildiyini bildirib. Spiker “Eşq olsun Müzəffər Ali Baş Komandan İlham Əliyevə! Eşq Olsun şanlı Azərbaycan Ordusuna!” şüarlarını səsləndirib. Milli Məclisin sədri dekabrın 1-dək Laçın rayonunun da işğaldan azad edilərək Azərbaycana qaytarılacağına əminliyini ifadə edib.

Sonra iclasın gündəliyi qəbul olunub.

Milli Məclisin sədri deyib ki, noyabrın 25-də Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli qətnamə qəbul edilib. Bu sənədə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli bir yanaş­maya əsaslandığını görmək olar. Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti kobudcası­na təhrif edilib, xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb. İş o yerə çatıb ki, Fransa Senatının üzvləri hökuməti ar­tıq mövcud olmayan qondarma “Dağ­lıq Qarabağ respublikası”nı tanımağa, bölgədə 1994-cü ildə mövcud olmuş sərhədləri qaytarmağa çağırıblar.

Bildirilib ki, Milli Məclis Fransa Se­natının bu qətnaməsi ilə bağlı ciddi bir bəyanat qəbul etməlidir və gündəliyin birinci məsələsi məhz bu bəyanatla bağlıdır.

Diqqətə çatdırılıb ki, məlum oldu­ğu kimi, 30 ilə yaxın idi Ermənistan- Azərbaycan münaqişəsinin dinc yolla nizama salınması üçün danışıqlar aparılırdı. 1994-cü ildən Fransa bu danı­şıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan bu danışıqlarda heç bir nəticənin əldə edilməməsinin əsas səbəblərindən biri məhz beynəlxalq vasitəçilərin, xüsusilə Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymaması olub.

“Son vaxtlar biz Fransa dövlətinin siyasi və dövlət xadimlərinin, hakimiyyət orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Fransa Preziden­ti, xarici işlər naziri öz bəyanatları ilə göstəriblər ki, Cənubi Qafqazda və bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan, indi məğlub duruma düşən Ermənistanı birtərəfli qaydada müdafiə edəcəklər. Bü­tün bunlar Fransanın həmsədr kimi bitərəfliyini şübhə altına alır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun niyyətləri barədə bir sıra suallar doğurur.

Azərbaycanın səyləri nəticəsində bu gün regionda tamamilə yeni bir reallıq yaranıb. Noyab­rın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan–Azərbaycan münaqişəsinə, Azərbaycan torpaqla­rının işğalına son qoyulub. Bu reallığı bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə dəstəkləyir. Bu reallıq Fransanın vəkillik etməyə çalışdığı Ermənistan tərəfindən də qəbul edilib. Düşünürəm ki, Fransa özü də ya­ranmış vəziyyətlə barışmalı, haqsızı müdafiə etməkdən əl çəkməli, haqqın və haqlının tərəfində dayanmalıdır. Azərbaycana qarşı çirkin siyasi oyun­lar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər. Azərbaycan xalqı bun­dan sonra da öz Liderinin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün qəsdləri dəf edəcək”, - deyə spiker qeyd edib.

Sahibə Qafarovanın təklifi de­putatlar tərəfindən razılıqla qarşı­lanıb və Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başda olmaqla, deputatlar Cavanşir Feyziyev, Əminə Ağazadə və Fazil Mustafadan ibarət komissiya təşkil olunub.

İclasda Fransanın Azərbaycana qarşı bu ədalətsiz və qərəzli addımı ilə bağlı geniş müzakirələr keçirilib. Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, Tahir Rzayev, millət vəkilləri Azay Quliyev, Nurlan Həsənov, Nigar Arpadarai, Kamal Cəfərov, Anar İsgəndərov, Erkin Qədirli, Fazil Mustafa, Əli Məsimli, Fəzail Ağamalı, Kamilə Əliyeva, Elman Nəsirov, Aqil Abbas, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Sahib Alıyev, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə və Razi Nurullayev çıxış edərək Fransanın bu hərəkətini Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa qarşı hörmətsizlik kimi dəyərləndiriblər.

Sonra deputat Cavanşir Feyzi­yev hazırlanmış bəyanatın mətnini oxuyub və deputatlar bəyanata münasibət bildiriblər.

Etiraz bəyanatı yekdilliklə qəbul edildikdən sonra gündəlikdəki digər 6 məsələnin müzakirəsinə başlanılıb.

Əvvəlcə, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Res­publikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim edib. Bildiri­lib ki, parlamentdə sənədlərin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı millət vəkilləri tərəfindən bir sıra təkliflər səsləndirilib. Əli Hü­seynli qeyd olunan təkliflərlə bağlı münasibətini bildirib və qeyd edib ki, hazırlanan sənədlər orden və medal­larla bağlı formalaşmış Azərbaycan qanunvericiliyinə tam uyğundur, Qanun layihələrinin əsasnaməsində və təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağın tarixi, milli və hərbi atributlarla bağlı bütün elementlər öz əksini tapıb.

Deputatlar Fəzail Ağamalı, Aydın Mirzəzadə və Qüdrət Həsənquliyev qanun layihələri ilə bağlı fikirlərini səsləndiriblər və sənədlərin mükəmməl şəkildə hazırlandığını diqqətə çatdırıblar.

Hər iki qanun layihəsi ayrı-ayrılıq­da səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

İclasda “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medal­larının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də üçüncü oxu­nuşda baxılıb. Əli Hüseynli qanun layihəsinin əvvəlki oxunuşlarda müzakirəsi zamanı və ondan son­ra komitəyə heç bir yeni təklifin daxil olmadığını söyləyib. Bildirilib ki, medal haqqında əsasnaməyə görə, yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hazırkı və keçmiş əməkdaşları, məzunları, elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində, təmsil olunduqları qu­rumun tərəqqisində xüsusi xidmətləri olan ölkə vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov üçüncü oxunuşda “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif olunan dəyişiklikdən bəhs edib. Qeyd edilib ki, sənəd ölkə Prezidenti­nin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanan qanun layihəsi qalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi ilə bağlı qadağaları özündə ehtiva edir. Sənəd 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Layihəyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutu­lan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq. Komitə sədri qeyd edib ki, qa­nun layihəsinin ikinci oxunuşda müzakirəsindən sonra komitədə yeni bir təklif qeydə alınmayıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd uyğun­laşdırma xarakteri daşıyır və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən hazırlanıb. Layihə üçüncü oxunuşda qəbul edilib.

İclasda “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məlumat verib. Deputat bildi­rib ki, qanuna təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Av­tomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının təhlükəsizliyinə, istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına, bu sahədə dövlət tənzimləməsinə nəzarəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, publik hüquqi şəxs statu­suna malik Bakı Nəqliyyat Agentliyi, aidiyyəti şəhər icra hakimiyyətlərinin tabeliyində olan "Sumqayıt Nəqliyyat" və "Gəncə Nəqliyyat" MMC-lər həyata keçirir. Bu sahədə fəaliyyət göstərən orqanların icra hakimiyyəti orqa­nı və publik hüquqi şəxs, məhdud məsuliyyətli cəmiyyət olmasını nəzərə alaraq, qanunun 26.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz olunması təklif olunur. Sənəd səsə qoyularaq təsdiqlənib.

Bununla da Milli Məclisin bugünkü iclası işini başa çatdırıb.

AZƏRTAC

27 Noyabr 2020 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə