Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərə dönürük biz gülə-gülə

Sücaət, neyləyək baxt belə baxtdı,

Darıxma, hər şeyi həll edən vaxtdı.

Bir gün gülə-gülə qayıdacaqdır,

Ağlaya-ağlaya köçən Kəlbəcər!

Sücaət

…O gün–1993-cü il aprelin 2-si Kəlbəcərdə sözlə ifadəsi mümkün olmayan müsibət yaşandı – bütöv bir el nə vaxtsa doğma od-ocağına qayıda­cağı ümidilə evinin qapısını bağlayaraq, ayaqyalın, başıaçıq nicat yolu sayılan Murovdağ aşırımına üz tutdu. Qocala­rın, qadınların, uşaqların bu öldü-qaldı köç karvanında nə qədər itkin düşən, çovğunda donan, əsir götürülən oldu... Bu dünyada yaşanılan cəhənnəmdən canını qurtara bilənlər isə min bir əzabdan sonra kənd-kənd, şəhər-şəhər səpələndi, yurdundan bütövlükdə qo­vulan daha bir rayonun məcburi köçkün həyatı başladı.

Ötən 27 ildə onlar gündüzlər min bir qayğının ağır yükü altında, gecələr əzablı yuxuların qoynunda Kəlbəcər intizarı ilə – yurd yerlərinə dönmək, sön­müş ocaqlarını yandırmaq, qurumuş bu­laqların gözünü açmaq istəyilə yaşadı­lar. Bax, beləcə bir-birinə calanan əzablı 27 ilin hər günündə doğma obalarına dönmək, hər daşa, qayaya üz sürtmək, hər gülün-çiçəyin ətrini sinələrinə doyun­ca çəkmək həsrətilə sabahlara ümidlə boylandılar.

Gəncə, Göy-göl tərəflərdən say­sız qan-qadaya şahidlik edən ağçal­malı Murovdağ, Dəlidağ səmtlərdən kədərli, hüznlü baxışlarını çəkmədilər. O dağları özlərinə dərd ortağı bildilər, dərd-qəmlərini, nisgil-həsrətlərini o dağlarla bölüşdülər. Bu lal çağırışları ilə, sanki, anladırdılar: ”Dağlar, o obalar­dakı ruhları sərgərdan doğmalarımızın məzarlarından muğayat olun. Sizdən etibarlı kimimiz qalıb axı?!.”. Bax, beləcə yurda qovuşmaq arzularına çatmaqda o dağlardan imdad, kömək dilədilər. Onları yurd-yuvalarından didərgin salan, doğmalarının qəbirlərini tapdalayan azğın–yolsuz düşməni cəzalandırmağı da o dağlara tapşırdılar.

***

Kəlbəcərə gedən yollar bağlanan­dan sonra Bəylər Əliyev, Məhəmməd Nərimanoğlu, Salman Qaralar kimi neçə-neçə doğma-əzizim, dost-sirdaşım da dinclik, rahatlıq görmədilər. Bu cəfakeş insanlar ürəklərində dünyanın ən ağır dərd-kədər yükünü – Vətən həsrətini daşıdılar, Vətəndə Vətən yanğısı ilə yaşadılar. Dərdi ovuda-ovuda: “Uğursuz sevgi də, doğma adamların vaxsız-vədəsiz itkisi də, dost xəyanəti də gec-tez vaxtın, zamanın gücünə təslim olur, unudulur. Təkcə yurd-yuva, od-ocaq yarası sağalmır, qaysaq bağlamır”,– dedilər.

Salman Qaralar, Məhəmməd Nərimanoğlu yurd ağrı-acısını, kədərini ağ kağızlara köçürməklə, sanki, təsəlli tapırdılar. Hər misrası kədərlə yoğrulan şeirlərdə Kəlbəcərin əl çatmayan, ün yetməyən dağlarını, axar-baxarlı yaylaq­larını, məlhəm bulaqlarını... xatırlayırdı­lar, zamanın haqsızlığına, ədalətsizliyinə üsyan edirdilər. Əllərindən başqa nə gəlirdi ki?!

Bəylər Əliyev: – Çox şükür ki, bir igidin ömrünə bərabər Kəlbəcər həsrətimizə son qoyuldu. Bu sevincli qisməti bizə yaşatdığına görə ellikcə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Ağır döyüşlərdə gözünü belə qırpmadan canını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik, Azərbaycan zabit və əsgərlərinə dərin təşəkkürümüzü çatdırırıq.

Vətən müharibəsində şanlı qələbəmizlə Azərbaycan Prezidenti, şanlı Azərbaycan Ordusu tarix yazdı. İşğal olunan ərazilərimiz şəhərbəşəhər, kəndbəkənd özümüzə qaytarıldı. İndi biz həyatımızın ən xoşbəxt, bəxtəvər günlərini yaşayırıq.

Məhəmməd Nərimanoğlu: – Ölməz Ələsgərin “Süsənli-sünbüllü, lalalı dağlar” – deyib öydüyü cənnətmisal yaylaqlarımız 27 il idi ki, kəlbəcərlilərin gözlərində dumana-çənə bürünmüşdü. Bəlkə də bu illərdə övladlarını itirən, yadlara üz göstərməyən Kəlbəcərə yaz-yay da gəlmədi. Sazın-sözün çal-çağırına həsrət qalan o dağlar yağı guppultusuna qulağını bağlamışdı...

Bəli, hər müşkülün zamana ehtiya­cı var, deyirlər. Sentyabrın 27-dək yol gələn Vətən savaşının yetişməsinin, sən demə, vədəsi varmış. Müzəffər Ordumuz Ali Baş Komandanımızın bircə əmrinə bənd imiş. Belə bir vaxt gəldi, əmr verildi, 44 gün ərzində 30 illik həsrətə qələbəmizlə son qoyuldu!..

Artıq biz Kəlbəcərimizə qayıdırıq! Gözlərin aydın olsun, məzarı 28 ildir ki, Ağdabanda ziyarətsiz qalan, Dədə Şəmşir! Çox aylar-illər dolanandan son­ra ziyarətinə gəlir ellərin, şeirdillilərin...

Silinməz-pozulmaz həqiqət imiş: “Hər qaranlıq gecənin bir işıqlı səhəri var”. İşğal altında inləyən yurdlarımı­zın, eləcə də Kəlbəcərin üstünə artıq gün doğub. Səmamız da məqsədimiz, məramımız və amalımız kimi aydındır, işıqlıdır.

Salman Qaralar: – Ötən 27 ildə doğma torpaqlarsız hər qazancımız gözümüzdə dəyərsiz oldu, neçə-neçə istəyimizi, arzu-niyyətimizi xəzan soldurdu. Usanıb-bezmədən xoş bir günündə döğulduğumuz, indi isə yarası qan verən torpağın ağrısını ürəyimizdə gəzdiririk. O ağrı ilə baş-başa qaldıq, o nisgillə nəfəs-nəfəsə yaşadıq... İlahinin yenidən qapı açdığı bu xoş günümüzə min şükür! Allah yalvarışlarımızı, duala­rımızı eşitdi, bizi Kəlbəcərimizə qovuş­durdu...

Bizə – kəlbəcərlilərə bəxş etdikləri bu xoşbəxtliyə, bu İlahi qismətə görə müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, sıraların­da oğullarımızın can qorxusu bilmədən vuruşduğu müzəffər Azərbaycan Ordu­suna ömrümüz boyu borcluyuq...

Vaqif BİNYƏTOĞLU, “Xalq qəzeti”

27 Noyabr 2020 00:01 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə