Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcər tezliklə yeni quruculuq mərhələsinə qədəm qoyacaq

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla silahlı qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi dip­lomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.

İmzalanan birgə bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Buna görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti noyabrın 25-dək uzatdı və həmin gün Kəlbəcər rayonu işğaldan xilas edildi.

Sosial şəbəkələrdə yayılan görüntülərə, eləcə də xarici medianın məlumatlarına görə, ermənilər Kəlbəcərdəki maddi-mədəni sərvətlərimizi oğurlayıb, bir qismini dağıdıb, apara bilmədiklərini isə yandıraraq məhv ediblər.

Xatırladaq ki, Kəlbəcər rayonun Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal edilib. Bunun nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin salınıb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 71 mindən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Həmin qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalıb.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Yuxarıda vurğuladığımız kimi, sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Cənubi Qafqazın ən böyük ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. Digər çıxış yolunun olmadığını aydın şəkildə başa düşən Ermənistan hakimiyyəti isə işğalçı ordusunu Ağdam və Kəlbəcərdən çıxarmağa məcbur oldu.

Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov Kəlbəcərin işğaldan xilas edilməsi ilə bağlı söhbətində dedi:

– İyirmi yeddi il öncə 60 mindən artıq Kəlbəcər sakini soyuq qış günündə öz doğma evini tərk etmək məcburiyyətində qaldı. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikili, 37 min 852 hektar meşə sahəsi düşmən tərəfindən məhv edilib dağıdıldı.

Sahəsi 3050 kvadrat kilometr olan Kəlbəcər böyük iqtisadi potensiala malikdir. İşğaldan öncə rayonda 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi.

Qədim tarixi olan Kəlbəcər işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonunun payına düşüb. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilib. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları qeydə alınıb.

Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı potensiala malik yataqları mövcuddur. Rayonun sənaye ehtiyatı kifayət qədər yüksək qiymətləndirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcərdə cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal edilib. İyirmi yeddi illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib.

Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına əlverişli şərait yaradır. Rayon Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdən sayılır.

Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyin bərpasına imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan rayon həm də ən qədim insan məskənlərindən biri hesab edilir.

Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcərin infrastrukturu Ermənistan tərəfindən vandalcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində rayona ən azı on milyard dollarla ziyan vurulub. Ermənistanın Kəlbəcəri talan etdiyinə görə təzminatın tələb olunması üçün ziyan məbləğinin dəqiq qiymətləndirilməsi nəzərdə tutulub.

Kəlbəcər tezliklə yeni quruculuq mərhələsinə qədəm qoyacaq. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdacaq.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV, “Xalq qəzeti”

26 Noyabr 2020 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə