Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində də Azərbaycana qələbə qazandırdı

Erməni işğalçılarına qarşı Azərbaycan xalqının 44 günlük müzəffər hərbi, ictimai, siyasi, diplomatik və informasiya mübarizəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin sözü – xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr son dərəcə önəmli və təsirli rol oynadı. Həmişə vaxtında deyilmiş, kifayət qədər mürəkkəb hadisələrin, gərgin, qaynar, hər cəhətdən sürəkli və ideoloji ehtiraslarla zəngin proseslərin mahiyyətini böyük analitik istedad və intellektlə şərh edən, başlıcası isə Azərbaycan xalqının iradəsini bütün təfsilatı ilə əks etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu möhtəşəm söz, heç şübhəsiz, ana dilimizin də tarixinə ən mötəbər mənbələr – müqəddəs Vətən müharibəsi mətnləri kimi yazıldı.

Əlbəttə, qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komanda­nının Qarabağ savaşının informasiya cəbhəsində ballistik raket rolu oyna­yan, strateji hədəfləri dağıdan sözü, ilk növbədə, onunla əlamətdardır ki, deyildiyi günlərdə hadisələrə, sadəcə, təsir göstərməklə deyil, bir xalqın taleyini həll edən prosesləri də yönəltməklə, milli ruhu mərkəzləşdirib, həqiqətən, dəmir bir yumruğa, sarsılmaz mənəvi qüvvəyə çevirməklə öz tarixi missiyasını uğurla həyata keçirdi. Xalqa müraciətlərdə bu sözü, bir tərəfdən, informasiya təfərrüatı və dəqiqliyi, məntiq dərinliyi və ardıcıl­lığı hərəkətə gətirdisə, digər tərəfdən, xalq danışıq sintaksisinin lakonizmi, təravətli leksikon, xüsusilə o günlərin kontekstində hər cəhətdən yerinə düşərək ruhları coşduran, dildən-dilə gəzən nüfuzedici frazeologiya cilalayırdı. Və Ali Baş Komandanın nitqində ana dilinin qüdrətli intonasiyası elə bir qürurla səsləndi ki, yüz illər keçsə də bu səsi hər kəs eşidəcək – dost da, düşmən də...

Prezident İlham Əliyev işğaldan azad edilmiş hər bir şəhərimizin, qəsəbəmizin, kəndimizin adını elə bir şövqlə çəkirdi ki, tək onun yox, hər bir sözünə diqqət kəsilmiş dinləyicilərin də ruhu bədəndə oynayırdı: “adlarımızı dəyişdiriblər”, “biabırçı adlar qoyublar”, “mən bu adı dəyişdirdim”. Bu “mən” bir şəxsin yox, dövlət başçısının timsalında bir millətin “mən”i idi. Və bu “mən” heç bir maneəsiz “biz”ə çevrildi: “Qarabağ bizimdir! Qara­bağ Azərbaycandır!”.

Doğrudan da, harada praqmati­ka varsa, orada həm semantika var, həm də sintaktika. Nüfuzlu beynəlxalq informasiya vasitələrinə müsahibələrində Azərbaycan rəhbəri İlham Əliyevin dip­lomatik səviyyəsi, beynəlxalq məsələlər üzrə peşəkarlığı nə qədər aydın görünsə də, bundan az önəmli olmayan başqa bir üstünlüyü də var idi: o, lideri olduğu xalqın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin heç bir şübhə doğurma­yan həqiqətini bəyan edirdi, yorulma­dan və özünəməxsus Baş Komandan cəsarəti ilə bütün dünyaya çatdırırdı ki, bu həqiqət hansısa subyektiv, yaxud separatist marağın ifadəsi yox, ümum­dünya və humanist tələblərdən, BMT-nin əsaslandığı birgəyaşayış prinsiplərindən irəli gələn obyektiv təzahürdür.

Dövlət başçımız bu taktiki əsaslandırmalı strateji açıqlamalarında təkzibolunmaz şəkildə sübut edirdi ki, Ermənistan öz təcavüzkar və sərsəm “rəhbərlər”inin şəxsində bütövlükdə insanlığa qarşı cinayət işlətmiş, haqq-ədaləti tapdalamış, cəzasız qalacağı­nı güman edərək get-gedə daha da azğınlaşmışdır. Hər kəs görürdü ki, Azərbaycan Prezidentinə verilən sual­larda həmin həqiqəti ortaya çıxarmaq əvəzinə, onu dumanlandırmaq, “əzabkeş erməni” mifini müdafiə eləmək istəyi daha çox qabardılır. Azərbaycan lideri­nin apardığı bu informasiya savaşında onu da görməmək mümkün deyildi ki, İlham Əliyev elə ilk kəlmələrindən illər boyu qəlibləşdirilib söz istehkamına çevrilmiş erməni mifini amansızlıqla dağıdır, erməni faşizminin iç üzünü açıb göstərir, onun bölgədəki özbaşınalığını, Ermənistandakı cinayətkar rejimi, hava­darlarına güvənərək qəsbkarlığın miqya­sını daha da genişləndirmək barədə xam xəyallara düşən Paşinyan qudurğanlığını qətiyyətlə ifşa edir.

Ola bilsin ki, müəyyən qədər qəribə səslənsin, ancaq mənə elə gəlir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rus, eləcə də ingilis dilindəki müsahibələrinə ana dilinin ruhu çökmüş­dü. Və dərindən mənimsədiyi bu xarici dillərdə də dövlət başçımız Azərbaycan həqiqətlərini dünyada eşidilən bir ucalıqdan səsləndirdiyi üçün, sanki bu məqamda da “azərbaycanca” danışırdı”.

Bu yerdə yada salaq ki, XX əsrin sonu, XXI əsrin ilk illərində ümummilli lider Heydər Əliyev ölkədə, eləcə də beynəlxalq aləmdə Azərbaycan dilinin siyasi mövqeyini, nüfuzunu görünməmiş bir səviyyəyə yüksəltdi. Həmin ənənəni davam etdirən öndər atanın öndər oğlu xalqa müraciətlərilə ana dilinə müzəffər bir ordunun Ali Baş Komandanının nitq enerjisini qazandırdı. Elə bir enerji ki, dilimizin və xalqımızın buna illər boyu ehtiyacı vardı.

Uzun illər məişət sferası ilə hüdud­lanmış ifadələr qırx günün içində ərazi bütövlüyü uğrunda mübarizə tariximizin “açar sözlər”inə çevrildi: “Cəbrayıla yol çəkirdin, sərxoş olub Cıdır düzündə rəqs edirdin, nə oldu bəs, Paşinyan?”, “məsciddə donuz saxlayanın özü donuzdur”, “başından elə vurmuşuq ki, cəhənnəmə getdi, gora getdi, gorbagor oldu”, “iti qovan kimi qovuruq”, “siçan kimi deşik axtarır gizlənməyə”, “ora-bura zəng eləyir, onun-bunun dabanını yala­yır”, “yoxdur status-kvo, yoxdur təmas xətti, hamısını vurub dağıtmışıq”, “dəmir yumruq endirdik başlarına”, “nəyi nə vaxt etməyi mən bilirəm”, “nə demişik, onu da eləmişik” və s.

Xalq dilinin dərinliklərindən çıxarı­laraq ehya edilmiş, tarixi mübarizənin tərcümanına çevrilmiş həmin ifadələri, yəqin ki, ən modern, ən rəsmi, ən normativ söz-terminlər belə bu enerji və səmimiyyətlə əks etdirə bilməzdi. Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, yuxarıda yalnız az bir hissəsini xatırlatdığımız ifadələri informasiya müharibəsi cəbhəsinə beynəlxalq dillərin ən modern, ən rəsmi, ən normativ termi­nologiyasını müfəssəl bilən, Qarabağda tarixi qələbəmizi heç kimin təsəvvür edə bilməyəcəyi hərbi-siyasi layihə gücündə həyata keçirən qalib lider – söz cəbhəmizin də Ali Baş Komandanı olan Prezident İlham Əliyev gətirdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyev infor­masiya müharibəsində də Azərbaycana qələbə qazandırdı.

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, akademik

26 Noyabr 2020 23:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə