Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Əhmədov: Vasitəçiyə inam yoxdursa, demək o, artıq vasitəçi ola bilməz

Qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyə edilməsinə dair Fransa Senatının qəbul etdiyi qətnamə, mübahisəsiz olaraq dünya miqyasında ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilə bilər. Sözügedən qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna məsuliyyətsiz və qeyri-səmimi yanaşmasının şahidi olub. BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq Azərbaycan-Ermənistan münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biri kimi Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir.

Bütün siyasi nüanslara, simpatiya və an­tipatiya hallarına rəğmən, vasitəçi münaqişə tərəflərinin hər birinə qərəzsiz münasibət göstərməyi bacarmaq zorundadır. Fransa dövlətinin vaxtilə Prezident Fransua Mittera­nın timsalında münaqişənin nizama salınma­sında Minsk qrupunun həmsədrlərindən biri kimi tam qərəzsiz mövqe nümayiş etdirəcəyi ilə əlaqədar verdiyi vədlər unudulmayıb. Əslində, vasitəçilik missiyasına razılıq verən dövlətin qərəzsiz mövqedə durması siyasi əxlaq və beynəlxalq hüquqa hörmət məsələsidir. Bu mənada ayrıca vəd verməyə bəlkə də ehtiyac yoxdur. Münaqişə tərəflərinə münasibətdə qərəzsiz davranış sərgiləmək istəməyən və ya bacarmayan dövlət, sadəcə olaraq, vasitəçilik missiyasından imtina edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun Fransa Senatının məlum qərarı ilə bağlı məqaləsində yer alıb.

Əli Əhmədov bildirib ki, Fransa Senatı­nın noyabr ayının 25-də qondarma Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnaməsi bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərə onun qanunverici hakimiyyət orqanı nümayəndələrinin məhəl qoymaq fikrində olmadığını göstərir. Ədalət və bərabərlik kimi dəyərlər üzərində qurulan Fransa Respublikasında bir sıra siyasi xadimlərin, ələlxüsus Senatın üzvlərinin bö­yük bir hissəsinin ədalət anlayışı ilə bir araya sığmayan hərəkətlərinə təəssüflənməyə bilmirsən.

“Fransa dünyanın ən mühüm beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Daşıdığı beynəlxalq status Fransa­dan istənilən mübahisələrdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edir. Öz məsuliyyətini dərk etməyən dövlətin beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının üzvləri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması barədə BMT Təhlükəsizlik Şura­sının 1993-cü ildə qəbul etdiyi qətnamələrə Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fran­sa Respublikasının səs verdiyini bilməmiş deyillər. Onlar Fransa Senatının Dağlıq Qarabağ problemi ilə əlaqədar mövqeyinin BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hü­quq və prinsiplərinə zidd olduğunu da yaxşı anlayırlar. Görünür, bu qərarı qəbul edən siyasi xadimlər üçün eyni məsələ ilə bir-birinə daban-dabana zidd olan mövqe nümayiş etdirmək, beynəlxalq hüquqa hörmətsizlik göstərmək hər hansı narahatçılıq yaratmır. Əlbəttə, bu, onların seçimidir. Lakin ədalətli olmayan, bəyənilməyən, ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi adı­na və mövqeyinə yaraşmayan seçimdir.

ATƏT-in Minsk qrupunun öz fəaliyyətini nə vaxt və necə canlandıracağı hələ duman­lı görünür. Lakin Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir. Xüsusilə də, Azərbaycanın Minsk qrupu­nun həmsədri kimi Fransanın tərəfsizliyinə inamı ciddi şəkildə sarsılıb. Vasitəçiyə inam yoxdursa, demək o, artıq vasitəçi ola bilməz”, – deyə Əli Əhmədov qeyd edib.

26 Noyabr 2020 23:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə