Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərin işğaldan azad edilməsi xalqımızın böyük nailiyyətidir

Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dövlət başçımızın xalqa noyabrın 25-də ünvanladığı – “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi” cümləsi ilə başlanan tarixi müraciəti barədə yazı hazırlayarkən özümdən asılı olmayaraq “Nədən başlamalı?” sualı ilə üz-üzə qaldım. Doğru­dan da, çətin idi. Çünki müraciət həddən artıq əhatəli, faktlar kifayət qədər dolğun, prosesin bu nöqtəyə çatdırılması üçün həyata keçirilmiş tədbirlər saya-hesaba gəlməyəcək kimi çox idi. Üstəlik, döyüşlərsiz, atəşsiz boşaldılan Kəlbəcərin tam bərpası üçün həyata keçiriləcək layihələrdən, işıqlı perspektivlərdən də danışılırdı. Bəs bu istiqamətlərin hansını daha vacib hesab edərək önə çıxartmaq olar?

Maraqlıdır ki, bu məqamda da dövlət başçımızın arqumentləri köməyimə çatdı. O, Qərbdəki bəzi siyasi dairələrin işğaldan azad edil­miş Azərbaycan ərazilərindəki xristian abidələrinin taleyindən “narahatlıq ifadə edən” bəyanatlarının saxta və tamamilə gərəksiz olduğunu elə şəkildə ifadə etdi ki, mən dərhal bu yazının ilk abza­sının nədən ibarət olacağını dəqiqləşdirdim.

Dövlət başçımız dedi: “ Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahat­lıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu?”

Doğrudan da, Azərbaycan Prezidenti bu məsələni dəfələrlə mötəbər tribunalar­dan, beynəlxalq kürsülərdən, xarici həmkarları ilə söhbətlərində qaldırmışdı. Ona görə də cənab Prezidentin “Nə üçün buna heç kim narahat­lıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi?” – sualları tamamilə haqlıdır.

Ermənistanın xilası­na çalışan həmin Avropa siyasətçilərinə bir vətəndaş olaraq mənim də demək istədiklərim vardır. Çünki “mul­tikulturalizm artıq keçmişdə qalmışdır”, – deyən Avropa ölkələrindən fərqli olaraq, mənim yaşadığım ölkədə multikulturalizm ən yüksək səviyyədə qorunur, yaşadılır və davam etdirilir. Mən belə multikultural ərazilərimizdən birində – Qəbələ rayonunda doğulub böyümüşəm.

... Avropalılara demək istəyirəm ki, kəndimizdə bizimlə yanaşı, udilər və ləzgilər də yaşayırlar. Ədəbiyyat müəllimimiz Mais Qalustov, rus dili müəllimimiz Aşot Mosesov, sinif müəllimləri Lusya Daşdıye­va, Tamara Zəkəriyyəyeva udi, sinif rəhbərimiz Murad Seyidov isə ləzgi idi. 23 yaşıma qədər sakini olduğum Mirzəbəylidə elə bir milli və ya dini tədbir görmədim ki, udilər və ləzgilər özlərini bizdən ayırsınlar və ya biz onların tədbirlərində iştirak etməyək. Rəhmətə getmiş in­san üçün qılınan meyit namazı və Ramazan ayının sonun­dakı Bayram namazı istisna olmaqla, bütün tədbirləri udilərlə birlikdə başa çatdırırdıq. Mən bu barədə vaxtilə mətbuatda verilmiş “Bir kənddə üç kilsə, iki məscid” sərlövhəli məqaləmdə geniş söz açmışam.

Bu məqamda mərhum Aşot müəllimdən şəxsən özümün eşitdiyim bir fikri yada salmaq istərdim. “Uçitel” (kəndin böyüklü-kiçikli bütün əhalisi onu elə çağırırdı) bir toy məclisində danışırdı ki, biz udilər sizə nisbətən erməni zülmünü daha çox görmü­şük. Çünki ermənilər türkün torpağını əlindən alıblar, bizim isə kilsəmizi. Biz daha çox zərərdidəyik. Siz torpağı nə za­mansa geri qaytara bilərsiniz, biz isə kilsəni birdəfəlik itirmi­şik.

“Uçitel”in “siz torpağı nə zamansa geri qayta­ra bilərsiniz” məntiqini Azərbaycan Prezidenti və rəşadətli ordumuz günün reallığına çevirdi. Dövlət başçımız, eyni zamanda, “uçitel”in “biz kilsəni birdəfəlik itirmişik” bədbinliyinə də son qoydu. Kəlbəcərin işğaldan azad edilməsi münasibəti ilə xalqa müraciət edən Prezi­dent dedi: “Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq”.

Dövlət başçımız həmişə kiminsə qoltuğunda yaşamağı məqbul saymış ermənilərin ətrafda görünən hər şeyi mənimsəmək istəyinin nəticəsi olaraq, qədim Alban kilsələrinə də sahib çıxdıqlarını əsaslı şəkildə izah etdi: “Tarixə bax­maq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır”.

Dövlət başçımız mənfur qonşularımızın vəhşiliyindən, barbarlığından, bəşəri dəyərlərə düşmənçilik etməsindən nə qədər danışsa da, bütün çıxış, nitq, müsahibə və müraciətlərində nikbin notlara daha böyük yer verir. Bu dəfə də belə oldu. Ölkə ictimaiyyətinə, işğal edilmiş ərazilərimizi tamamilə viran qoymuş ermənilərə və dün­ya ictimaiyyətinə dedi ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq: “Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi da­ğıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır”.

Erməni xisləti haqqında əvvəllər dediyi : “Hər tərəfi da­ğıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan” ifadəsini təkrar edən Prezident erməni xalqı ilə Azərbaycan xalqı, onların əsgəri ilə bizim əsgərimiz ara­sında olan fərqləri də xatırlatdı: “Biz isə qurub-yaradanıq. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başla­yır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşa­ya… O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə – Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır”.

Əsgərlərin fərqinə gəlincə isə, Prezident dünya mətbuatına da məlum olan bir faktı yada saldı: “Bizim əsgərlərimiz görəndə ki, Ağ­dam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayan­dıracaq? Biz istənilən yerə su xətti çəkmişik – ucqar dağla­ra çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtın­da görəcəyik”.

Ali Baş Komandanımı­zın dediyi kimi, müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çal­mış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

26 Noyabr 2020 23:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə